Separatçıların hər biri layiqli cəzalarını aldılar
İnsanlıq əleyhinə və müharibə cinayətləri törədən şəxslərin ədalət qarşısına çıxarılması hər bir dövlət üçün prinsip məsələsidir. Tarix göstərir ki, müharibələr bitsə də, törədilmiş ağır cinayətlər uzun illər cəzasız qala bilir. Bu isə yeni təhlükələrə yol açır, cəzasızlıq mühitini gücləndirir. Ona görə də müharibə və insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməsi həm beynəlxalq hüququn tələbi, həm də mənəvi bir borcdur.
Azərbaycan postmünaqişə dövründə bu istiqamətdə ardıcıl addımlar atır. Bir neçə gün əvvəl əli Azərbaycan xalqının qanına bulaşmış separatçılar məhkəmədə layiqli cəzalarını aldılar. Fevralın 17-də isə Ruben Vardanyana hökm oxundu. Ruben Vardanyan vaxtilə Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin "dövlət naziri" kimi təqdim olunurdu. O, 2022-ci ilin sentyabrında Azərbaycan ərazisinə qanunsuz daxil olmuşdu. Onun bölgəyə gəlişi təsadüfi deyildi və separatçı planların tərkib hissəsi idi.
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazilərində konstitusiya quruluşunu tam bərpa etdi. Separatçı rejimə son qoyuldu. Ruben Vardanyan isə Ermənistan istiqamətində hərəkət edərkən sərhəddə saxlanıldı və Bakıya gətirildi. Bundan sonra onun barəsində istintaq və məhkəmə prosesi başladı.
Bir ildən çox davam edən açıq məhkəmə araşdırmaları zamanı R.Vardanyana qarşı ittihamlar elan olundu. O, təcavüzkar müharibənin planlaşdırılması və aparılmasında iştirak, əhalinin məcburi köçürülməsi, təqib, insanların zorla yoxa çıxarılması, qanunsuz azadlıqdan məhrumetmə, işgəncə, muzdlu fəaliyyət, müharibə qanunlarının pozulması, qəsdən adam öldürmə və adam öldürməyə cəhd, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik yaratma, qanunsuz silahlanma, konstitusiya quruluşunu zorla dəyişdirmə cəhdləri və dövlət sərhədini qanunsuz keçmə kimi əməllərdə təqsirli bilindi. Yəni söhbət onun sistemli və məqsədli cinayətkar fəaliyyətindən gedir.
Fevralın 17-də Bakı Hərbi Məhkəməsində R.Vardanyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Qərara əsasən, cəzanın ilk hissəsini həbsxanada, qalan müddəti isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onu da qeyd edək ki, dövlət ittihamçısı daha ağır, ömürlük cəza istəmişdi.
Məhkəmə prosesinə xaricdən təzyiq cəhdləri də oldu. Məsələn, Avropa Parlamenti müxtəlif bəyanatlar və qətnamələrlə çıxış etdi. Habelə bəzi Qərb media orqanlarında kampaniyalar aparıldı. Hətta Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərilməsi ilə bağlı təşəbbüslər də irəli sürüldü. Göründüyü kimi, məsələni geosiyasi müstəviyə daşımaq cəhdləri vardı. Amma bütün bunlar məhkəmənin gedişinə təsir edə bilmədi.
Bu mənada Prezident İlham Əliyev Münxendə "France 24" telekanalına müsahibəsində bu barədə bildirib: "Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin". Jurnalistin "Bu, sizin üçün eyni şeydir?" sualına isə dövlət başçısı belə cavab verdi: "Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi".
Bu fikirlər, əlbəttə, dövlətimizin prinsipial mövqeyini aydın şəkildə ortaya qoyur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan üçün bu, həm də qürur məsələsidir. Prezidentin illər əvvəl "bu cinayətlər cəzasız qalmayacaq" fikirləri bu gün məhkəmə qərarları ilə reallaşır.
Bir vaxtlar Qarabağda meydan oxuyan, təhdidlər yağdıran şəxslər Azərbaycan məhkəməsi qarşısında cavab verdilər. Vaxtilə "Bakıda çay içəcəyik" deyənlər indi Bakıdadırlar, amma dəmir barmaqlıqlar arxasında. Azərbaycan cəmiyyəti proseslərin belə nəticələnəcəyinə əmin idi.
Bununla qarşıda duran prinsipial vəzifələrdən biri də yerinə yetirildi, xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi qiymət verildi. Azərbaycan müharibə cinayətləri və insanlıq əleyhinə əməlləri törədənlərin hüquqi müstəvidə cəzalandırılmasını uğurla tamamladı.
Təhminə VERDİYEVA,
"Azərbaycan"