29 Mart 2024 08:15
220
SİYASƏT
A- A+

Solovyov ermənilərin maşası olmağından "şərəf" duyur

 

Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert zalında törədilən terror aktı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdəndir. Dünyanın harasında yaşamasından, dinindən və milliyyətindən asılı olmayaraq tərəqqipərvər insanlar silahsız və günahsız insanların heç bir səbəb olmadan bir qrup terrorçu tərəfindən qətlə yetirilməsini lənətləyərək terrorun təşkilatçılarının və icraçılarının birmənalı olaraq ən ağır formada cəzalandırılmasını tələb edirlər. 
Xatırladaq ki, bu terror nəticəsində son məlumata görə, 140 nəfər həyatını itirib, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb. Konsert zalına soxulan silahlı şəxslər atəş açaraq insanları qətlə yetirdikdən sonra məkanı yandıraraq hadisə yerindən qaçıblar.
Cinayətkarların izinə düşən Rusiya xüsusi xidmət orqanları isti-isti hadisəni törətməkdə şübhəli bilinənləri həbs edib kimlikləri barədə ictimaiyyəti məlumatlandırıblar. Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, "Crocus" terroru" işi çərçivəsində ümumilikdə 11 nəfər olmaqla səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbsə alınıb.
Birmənalı olaraq törədilən dəhşətli qanlı hadisə fonunda yaranmış durum eləcə də bu olayla bağlı yayılan informasiyalara həssas yanaşmanı tələb edir. Olduqca təəssüf doğuran odur ki, belə bir həssas dönəmdə də törədilən faciədən siyasi məqsədləri üçün istifadə etməyə çalışan, izi azdırıb, suyu bulandıraraq öz çirkin niyyətlərini həyata keçirmək istəyən yaramazlar var. Onlardan biri də hər zaman ermənilərin maşası olmağı özünə "şərəf" bilən, Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyovdur. 
Qeyri-obyektiv mövqeyi ilə "ad çıxaran" media maqnatı Aram Qabrielyanovun, Marqarita Simonyanın, Vladimir Solovyovun Azərbaycana qarşı bir qayda olaraq sərgilədikləri qərəzli mövqe bizə yaxşı məlumdur. Onların hər məqamda, hər fürsətdə xalqımıza və dövlətimizə qarşı "hücuma" hazır olduqlarını  bilirik. Dünyada hər şeyin bir sərhədi olsa da, xalqımıza və dövlətimizə qarşı ardıcıl olaraq mənəvi terrorla məşğul olan Solovyovun və onu dilləndirənlərin mənəviyyatsızlıqlarının sərhədi yoxdur. Bu insanların arsız simaları və niyyətləri Rusiya və Azərbaycan ictimaiyyətinə bəlli olsa da, hələ də bəzilərini çaşdıra biləcəklərini düşünmək olar. Odur ki, onların mənfur niyyətləri açılıb göstərilməlidir.  
Qeyd olunduğu kimi, məlum hadisəni törətməkdə təqsirli bilinən şəxslər tez bir zamanda müəyyənləşərək həbs edilib. Rusiya FTX öz işini görür. Solovyovun konsprioloji təfəkkürünə, onun sərsəmləmələrinə ehtiyac olmadığı bir zamanda məlum terror aktında Azərbaycan izini "axtarmaq" cəhdini heç də təsadüfi hesab etmək olmaz. Solovyov və onu idarə edənlər düşünürlər ki, belə bir həssas məqamda "Crocus City Hall"da törədilmiş təxribatda azərbaycanlıları ittiham etməklə Rusiyada həmvətənlərimizə münasibətdə antipatiya yaradaraq etnik zəmində münaqişələr törədib Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilərlər. 
Eyni zamanda iddialar hələlik hüquqi təsdiqini tapmasa da, bəzi şahidlər və ekspertlər terror aktında erməni izinin olduğunu da dilə gətirirlər. Heç şübhəsiz ki, siması Rusiya və Azərbaycan ictimaiyyətinə yaxşı məlum olan bu "trio" qərəzli şəkildə terror hadisəsində azərbaycanlı izi axtarmaqla Rusiya KİV-inə yeni mövzu verə biləcəklərini də düşünüblər. Xatırladaq ki, bu, Solovyovun heç də ilk uydurması deyil. O, 2016-cı ildə də ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirməkdə uğursuz cəhd etmişdir.
Bu bir faktdır ki, Solovyov kimiləri üçün nə vicdan, nə də peşə ləyaqəti var. Onların yeganə məqsədi cəmiyyəti çaşdırıb, əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Arsızlıqları o həddədir ki, istədiklərinin alınmadığını, ictimai qınaq görən kimi heç utanmadan dediklərini "təkzib" edib, yenidən növbəti bədnam planın proqramını tuturlar. Jurnalist peşəsinə ləkə gətirən, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymayan V.Solovyov və onu idarə edənlər, şübhəsiz ki, ictimai qınaqdan başqa layiqli hüquqi qiymətlərini də almalıdırlar.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video