15 Yanvar 2024 18:53
1481
CƏMİYYƏT
A- A+

Şirin yalan, yoxsa acı həqiqət?

Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların təhlili ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır. Ona görə də Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri tərəfindən AZƏRTAC-a ünvanlanan məqalədə şəkər barədə mif və həqiqətlərin əks olunduğu faktlar təhlil edilir.

Mif 1: Şəkərin bütün növləri zərərlidir

Fakt: Şəkərin qlükoza, fruktoza (meyvə şəkəri), saxaroza (şəkər tozu və ya qənd), laktoza (süd şəkəri) və digər növləri var. Onlardan bəziləri meyvə-tərəvəz, bal, bəkməz və digər qidaların tərkibində təbii olaraq mövcuddur. Bunlar orqanizmə vitamin, mineral və liflərlə birlikdə daxil olduğu üçün normada qəbul edildikdə yalnız fayda verir. Təbii olmayan, qidalara sonradan qatılan şəkərlər isə əlavə kaloridən başqa bir şey deyil.

Mif 2: Şəkər rasiondan tamamilə çıxarılmalıdır

Fakt: Əlavə şəkərləri məhdudlaşdırmaq faydalı olsa da, şəkərdən tamamilə imtina etmək düzgün sayıla bilməz. Çünki meyvə-tərəvəzlərdəki və dənli bitkilərdəki təbii şəkərlər sağlam qidalanmanın bir hissəsidir. Ona görə də rasiondan təbii şəkərlər deyil, əlavə şəkərlər çıxarılmalıdır.

Mif 3: Qəhvəyi şəkər ağ şəkərdən daha az zərərlidir

Fakt: Qəhvəyi şəkər də ağ şəkər kimi şəkər qamışından əldə olunur və ağ şəkərdən sadəcə dadı və teksturasına görə fərqlənir. Yəni hər ikisi saxarozadır və eyni dərəcədə kalorilidir. Qəhvəyi şəkər rafinə edilmədiyi üçün tərkibində qalan bəkməzdəki vitamin və mikroelementlər orqanizm üçün faydalı ola bilər. Lakin bu, o qədər cüzidir ki, həmin faydalı maddələrin orqanizm üçün lazım olan miqdarda qəbul edilməsi üçün çox miqdarda qəhvəyi şəkərdən istifadə olunmalıdır. Bu isə müsbətdən çox mənfi nəticələr verə bilər.

Mif 4: Şəkər yaddaşı gücləndirir

Fakt: Bəzi insanlar səhər yeməyi zamanı şirin çay qəbul etməyin yaddaşı möhkəmləndirməsinə inanırlar. Əslində isə şirin çayın orqanizmə heç bir faydası yoxdur və acqarına səhər vaxtı qəbul edilməsi qısa zamanda qanda şəkərin miqdarını artırır. Bununla da mədəaltı vəziyə və qaraciyərə mənfi təsir göstərir.

Mif 5: Şəkər bizi enerji ilə təmin edir

Fakt: İnsanlar arasında geniş yayılmış digər mif şəkərin orqanizmi tez bir zamanda enerji ilə təmin etməsidir. Bu inanc, xüsusilə yorğun vaxtlarda sürətli enerji artırıcı kimi şəkərli qəlyanaltıların, eləcə də enerji və digər şirinləşdirilmiş içkilərin populyarlaşmasına səbəb olub. Şəkər sürətli enerji artımını təmin etsə də, bu, qısamüddətli olur və tez bir zamanda yenidən yorğunluq hiss olunmağa başlayır. Buna görə də insanlar daim enerjili olmaq düşüncəsi ilə daha çox şəkərli qidalar istehlak edirlər və bu hal da qapalı dairə yaradır.

Şəkərlə bağlı yayılan mif və faktların ayırd olunması daha sağlam qidalanma seçimləri etmək üçün vacibdir. Şəkəri hansı qidalardan və hansı miqdarda qəbul etmək hər kəsin öz əlindədir. Sağlamlıq naminə qəbul edilən hər qram şəkəri məsuliyyətlə seçmək lazımdır ki, həyatımız şirin olmaqla yanaşı, həm də sağlam olsun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video