Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr demokratik inkişaf yolunu seçmiş respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm rol oynayan bir quruma çevrilmişdir. Bələdiyyələrə ilk seçkilər 12 dekabr 1999-cu ildə keçirilmişdir.
Ötən dövr ərzində seçicilərin etimadını doğruldan bələdiyyələr də olmuşdur, doğrultmayanlar da. Lakin ildən-ilə bələdiyyələr öz işlərini təkmilləşdirir, şəhər, qəsəbə və kəndlərin həyatında mühüm rol oynayırlar.
Şirvan şəhər bələdiyyəsi bu baxımdan işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bələdiyyə üzvləri əldə olunan vergi və rüsumları şəhərin daha da abadlaşmasına, əhalinin sosial problemlərinin həllinə yönəldirlər. Təkcə keçən il Şəhidlər xiyabanı ərazisində, bir sıra küçə və prospektlərdə, İ.Qayıbov adına parkda, 1941-1945-ci il Böyük Vətən müharibəsi qurbanları abidəsi ətrafında təmir-tikinti və abadlıq işləri aparılmışdır. 2015-ci il fevral ayının 20-də axşam saatlarında yağan güclü qar nəticəsində yaranan dağıntılar da şəhər icra hakimiyyəti və bələdiyyə orqanının birgə səyi nəticəsində aradan qaldırılmışdır. Təcrübə də göstərir ki, harada yerli icra orqanları ilə bələdiyyələr əlaqəli işləyirlərsə, orada problemlər asanlıqla həll olunur.
Şirvan bələdiyyəsi öz seçiciləri ilə sıx, qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir. Şəhər əhalisinin ehtiyacı, tələb və təklifləri diqqət mərkəzində saxlanılır. Hüzn mərasimləri üçün çadırların küçələrdə qurulması həm hüzn sahibi, həm də avtomobillərin gediş-gəlişi üçün çətinliklər yaradır. Sözügedən məsələ Şirvan şəhərində daha mütərəqqi şəkildə həllini tapmışdır - çoxmərtəbəli binaların həyətində xeyir-şər yerləri tikilmişdir.
Cari ilin 6 ayı ərzində isə bələdiyyə tərəfindən 16 saylı tam orta məktəbə gedən yolun kənarları abadlaşdırılmış, piyadaların hərəkət etdiyi səkilərə tamet döşənmiş, Füzuli küçəsində 1500 metr uzunluğunda sahə təmir edilmiş, S.Vurğun küçəsində 2 saylı yaşayış binasının fasad hissəsi suvanmış və rənglənmiş, şəhərin mərkəzindən keçən dəmir yolu üzərindəki 5 piyada keçidi təmir olunmuş, 5 saylı məktəbin ərazisində eni 6, uzunluğu 375 metr olan sahəyə qum-çınqıl döşənmiş, küçə abadlaşdırılmışdır. Bunlardan əlavə, yanvar ayından indiyədək Şirvan bələdiyyəsi qeyri-hökumət təşkilatları ilə birlikdə 6 infrastruktur layihəsini yekunlaşdıraraq yerli icmalara təhvil vermişdir. Tikinti-təmir, abadlıq işləri yenə davam etdirilir. Bu işlərdən şəhərin ayrı-ayrı ünvanlarında yerləşən icma mərkəzlərinin 7,7 min nəfərdən çox sakini faydalanacaq.
Şirvan bələdiyyəsi ehtiyacı olan, çətinliyə düşən sakinlərə yardımlar da edir. Şəhər sakinləri Mehriban Ağayeva, Təranə Hacıyeva, Elvira Nəzərova, Qəribxan Nuriyev, Nərmin Əliyeva, Əflatun Məmmədov və başqaları müxtəlif növ tikinti materialları ilə təmin olunmuşlar.
Məlum olduğu kimi, bələdiyyələr əsasən vergilər və rüsumlar hesabına fəaliyyət göstərir. Lakin bəzi bələdiyyələr digər maliyyə mənbələrindən də faydalanırlar. Onlar yaratdıqları təsərrüfatlar, istehsal sahələri hesabına əlavə vəsaitlər qazanırlar. Bu istiqamətdə Şirvan bələdiyyəsində də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Ümumiyyətlə desək, niyyət, arzu, istək olanda həm məsələlər həllini tapır, həm də sakinlər bələdiyyələrdən razı qalırlar.
Seyran CAVADOV,
“Azərbaycan”