Şəhər mədəniyyətinə dəyərli töhfə
Bura indi də teatr məbədidir. Adı dəyişsə də, məramı, məqsədi dəyişməyib. Bir vaxtlar el arasında "Şəhər teatrı” deyilirdi. Elə mətbuat səhifələrində, afişalarda, tamaşaların məramnamələrində də bir müddət belə yazılırdı. Amma onu daha çox bu adla tanıyırdılar:
Tağıyev teatrı...
Xalqın tərəqqisində mədəniyyətin, incəsənətin inkişafı əhəmiyyətli yer tutur. Buna görə böyük vətənpərvər, millətinin fədakarı Hacı Zeynalabdin Tağıyevin misilsiz xidmətlərindən biri də teatr binası inşa etdirməsi oldu.
Hələ 1873-cü ildən - Azərbaycan milli peşəkar teatrı yaranandan tamaşalara maraq güclənməyə başlamışdı. Hər zaman cəmiyyətin nələrə ehtiyacı olduğunu görməyi, duymağı bacaran Hacı Zeynalabdin teatr binası tikdirmək fikrinə düşdü. 1882-ci ildə o, Qorçakovskaya və Merkuryevskaya küçələrinin tinində inşa olunacaq binanın layihəsini təsdiq üçün müvafiq idarəyə təqdim etdi. 35 vərəqlik layihə hazırlandı. Nəzərdə tutulmuş yerdə Hacı Zeynalabdinin iri taxıl anbarı vardı.
Tikintiyə mühəndis-memar Ferdinand Lemkul başçılıq edirdi. Onun nəzarəti altında tikilən teatr binasının 1883-cü il noyabrın 23-də təhvil-təslimi oldu. Xüsusi komissiyanın tərtib etdiyi aktda planlaşdırma, konstruktiv və yanğından mühafizə kimi xeyli qüsurlar qeyd olundu. Komissiya tələb edirdi ki, bu böyük qüsurlar aradan qaldırılsın.
Tikintidə yol verilmiş çoxsaylı nöqsanlara baxmayaraq, XIX əsrin sonlarında teatr binası Bakıya tayı-bərabəri olmayan hədiyyə idi. Çünki şəhərin belə bir binaya çox böyük ehtiyacı vardı.
Ancaq binanın başı bəlalı oldu, yanğınlara məruz qaldı və yenidən bərpa edildi. Memarlıq-planlaşdırma kompozisiyası, interyer bəzəkləri, fasad dekorunun keyfiyyəti hər dəfə yaxşılaşdırıldı.
Şəhər teatr binasından məhrum ola bilərdi...
Teatr binasının qayğıları bitmirdi. Üstəlik getdikcə populyarlıqdan məhrum olması, ildən-ilə teatr binası kimi aksiyalarının düşməsi Hacı Zeynalabdin Tağıyevi yeni qərarlar verməyə sövq edirdi. Tağıyev teatr binasının uçulma məsələsi o zaman ortaya çıxdı. Bu, şəhərin teatr binasından məhrum olması ilə nəticələnə bilərdi. Gəlir mənbəyi kimi, teatra maraq göstərən Bakının bəzi işgüzar adamları işə başladılar. Onlardan biri Bakıda Teatr meydanında "Nümunəvi teatr binasının inşası üzrə ortaqlıq” adlı səhmdar cəmiyyəti yaratdı. Cəmiyyətin təsisçiləri 1897-ci il oktyabrın 6-da Şəhər Dumasına Teatr meydanında sahə ayrılması ilə bağlı müraciət etdilər. Üçmərtəbəli teatr binasının "Avropadakı nümunəvi teatr binalarının planı üzrə fasadın üzü əsas küçəyə istiqamətləndirilərək” tikilməsi, işıqlandırılmanın texnikanın ən son nailiyyətlərindən yararlanaraq qurulması nəzərdə tutulurdu.
Yeni teatr binasının inşası haqqında söz-söhbətlər dolaşdığı vaxt Hacı Zeynalabdin öz teatrının yenilənməsi ilə ciddi məşğul olmağa başladı. O, 1898-ci ildə teatrın rekonstruksiya layihəsinin tərtibi və bütün memarlıq-tikinti işlərinə nəzarəti mülki mühəndis P.İ.Koqnovitskiyə həvalə etdi. Teatrın memarlıq-planlaşdırma strukturuna əhəmiyyətli dəyişiklik etmək istəməyən Koqnovitski kiçik düzəliş işləri ilə kifayətlənmək niyyətindəydi. Onun layihəsi teatrın sahibinin istəyinə uyğun deyildi. O, Bakıya digər teatr binaları ilə rəqabət apara biləcək çox dəbdəbəli teatr binası bağışlamaq arzusundaydı.
Tağıyevin dəvəti ilə Koqnovitski ilə yanaşı, teatrın yenidən qurulmasında istedadlı memar Qoslovski də iştirak etdi. Onun rəhbərliyi ilə gözəl işlənmiş əsl teatr binası inşa olunmalı idi. Bu məqsədlə çox böyük işlər görüldü. Tamaşaçı zalında yerlərin sayı, demək olar ki, iki dəfə artırılaraq 1200-ə çatdırıldı. Orkestrin yeri yeni tərzdə quruldu. Zallar nəfis dekorasiya ilə göz oxşadı. Bina texniki cəhətdən də təkmilləşdirildi, elektrik işıqlandırma ilə təchiz olundu.
Azərbaycan teatrının inkişafında yeni səhifə
Tağıyev teatrı Azərbaycan teatrının inkişafında yeni səhifə açdı. 1890-cı il martın 10-da bu teatrda göstərilən komediya ən böyük teatr hadisələrindən birinə çevrildi. Qabaqcadan vurulmuş elanda tamaşadan gələn gəlirin yoxsul şagirdlərə xərclənəcəyi bildirilirdi. 1901-ci il yanvarın 10-da burada orucluq bayramı münasibətilə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq” tamaşası oynanıldı. Əsərə səhnə quruluşunu Əbdürrəhim bəy özü vermişdi. Martın 17-də Tağıyev teatrında Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük” ("Hacı Qənbər”) komediyası göstərildi.
1908-ci il yanvarın 25-də müsəlman Şərqində opera janrında ilk əsərin - Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” əsərinin ilk tamaşası da bu teatrın binasında oldu.
Mətbuat səhifələrində tez-tez Tağıyev teatrında keçirilən tədbirlər, tamaşalar haqqında yazılırdı.
Teatr binasında yanğınlar…
1909-cu ildə teatrın binası yandırıldı. Binanı yenidən tikməli oldular. Əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli bina inşa olundu. Əsas fasadın eni də genişləndirildi, divarların hündürlüyü isə 6,75 metrədək artırıldı.
Ancaq 1918-ci ildə Bakıda fəaliyyət göstərən Tağıyev teatrının binası erməni daşnakları tərəfindən vəhşicəsinə yenidən yandırıldı. Bu dəfə binanın yalnız daş və dəmir-beton karkası qaldı. Teatr bir də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1921-1922-ci illərdə bərpa olundu. Teatrın layihəsini Bakının baş memarı, mülki mühəndis Zivər bəy Əhmədbəyov tərtib etdi.
Bu teatra 1922-ci ildə Dadaş Bünyadzadənin adı verildi. Açılış mərasiminə səksən dörd yaşlı Hacı Zeynalabdin Tağıyev də dəvət olundu. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxdı. Milyonçulara qənim kəsilən yeni hökumətin nümayəndələri belə onu alqışladılar. Bu münasibətdən təsirlənmiş Hacı Zeynalabdin göz yaşlarını saxlaya bilmədi.
1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Teatrı fəaliyyət göstərdi. 1988-ci ildə uçmaq təhlükəsinə görə sökülən binanın yerində yenisi inşa olundu. 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışı keçirildi. 2013-cü ildə isə teatr binasında əsaslı bərpa və yenidənqurma işləri aparıldı.
Bakıda ilk milli teatr binasının tikilməsindən 135 il keçir. Artıq Azərbaycanın paytaxtında bir deyil, neçə-neçə teatr fəaliyyət göstərir. Bura isə yenə teatr məbədidir. Adı dəyişsə də, məramı, məqsədi dəyişməyib. Hacı Zeynalabdin Tağıyevin arzusunu indi burada yerləşən Azərbaycan Dövlət Musiqili Teatrı həyata keçirir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!