31 Avqust 2026 14:57
158
İQTİSADİYYAT
A- A+
Şərq-Qərb yolunun Azərbaycan qovşağı

Şərq-Qərb yolunun Azərbaycan qovşağı


İndiki beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişməsi dövlətlərarası və çoxtərəfli əməkdaşlıq platformalarının əhəmiyyətini bir qədər də artırır. Bu baxımdan Avrasiyanın mühüm siyasi, iqtisadi və nəqliyyat tərəflərini bir araya gətirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi əhəmiyyət kəsb edir. 

ŞƏT-in yaranmasından ötən 25 il ərzində dünya da, regionlar  da dəyişib. Dövlətlərin maraq və prioritetləri yeni məzmun qazanıb. Bir zamanlar yalnız Mərkəzi Asiyanın təhlükəsizlik və əməkdaşlıq gündəliyi ətrafında formalaşan bu platforma indi Avrasiyanın geniş coğrafiyasını əhatə edən, dünyanın mühüm siyasi və iqtisadi güclərini bir araya gətirən nüfuzlu təşkilat kimi möhkəmlənib. ŞƏT artıq Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi böyük bir coğrafiyada dialoq, əməkdaşlıq və qarşılıqlı maraqların platformasıdır.

Bu gün ŞƏT miqyasına görə dünyanın ən böyük regional platformalarından biridir. Təşkilatın 10 üzv ölkəsində təxminən 3,5 milyard insan yaşayır. Bu, dünya əhalisinin təxminən 42 faizinə bərabərdir. ŞƏT ölkələrinin ümumi ərazisi isə 36 milyon kvadratkilometrə yaxındır ki, bu da planetin quru ərazisinin təxminən 24 faizini əhatə edir. 

Təşkilatın iqtisadi çəkisi də onun geosiyasi əhəmiyyətini tamamlayır. ŞƏT ölkələrinin nominal ÜDM-i təxminən 27 trilyon dollardır ki, bu  dünya iqtisadiyyatının təxminən 23 faizi deməkdir. Alıcılıq qabiliyyəti nəzərə alındıqda isə ŞƏT ölkələrinin qlobal ÜDM-də payı 36 faizə yüksəlir. Bu rəqəmlərin özü də  ŞƏT-in dünya iqtisadiyyatında böyük çəkiyə malik  çox mühüm əməkdaşlıq məkanı olduğunu  təsdiq edir.

Hazırda  ölkəmizin  ŞƏT-lə münasibətləri zamanın dəyişən ritminə uyğun olaraq yeni mərhələyə qədəm qoyub. Azərbaycanın bu təşkilata münasibəti  təbii ki, təsadüfi maraqdan deyil. Bu, ölkənin yerləşdiyi coğrafiyanın yaratdığı imkanlardan,  artan regional rolundan və çoxşaxəli xarici siyasət kursundan qaynaqlanır. Xüsusilə son illər dünyada nəqliyyat və logistika marşrutlarının əhəmiyyətinin artması Azərbaycanın strateji mövqeyini  ön plana çıxarıb. Şərqdən Qərbə uzanan yollar, Xəzərdən keçən nəqliyyat xətləri, Bakı limanı, dəmir yolları və Orta dəhliz Azərbaycanın  həm tranzit ölkəsi, həm də Avrasiyanın yeni iqtisadi xəritəsinin formalaşmasında fəal iştirak edən tərəf olduğunu göstərir. 

Digər tərəfdən ŞƏT-in coğrafiyasının genişlənməsi Azərbaycan üçün yeni iqtisadi və siyasi imkanlar deməkdir. Təşkilatın üzv dövlətləri arasında böyük enerji və geniş istehlak bazarlarının, sürətlə inkişaf edən nəqliyyat şəbəkələrinin olması əməkdaşlığın potensialını daha çox artırır. Ölkəmiz üçün bu məkan yeni ticarət əlaqələri, investisiya imkanları, nəqliyyat dəhlizlərinin inkişafı, enerji əməkdaşlığının şaxələndirilməsi və humanitar əlaqələrin genişləndirilməsi baxımından mühüm perspektivlər vəd edir. Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı kimi fəaliyyətindən müşahidəçi statusuna doğru irəliləmək istəyi də məhz  dəyişən reallığın ifadəsidir.  

Əslində Azərbaycanın ŞƏT-lə münasibətlərinin arxasında daha böyük bir mənzərə dayanır. Bu mənzərədə yollar var -  Şərqdən Qərbə uzanan yollar.  Xəzərin dərinliklərindən müxtəlif istiqamətlərə  uzanan  enerji xətləri var. Ticarət, qarşılıqlı maraqlar və diplomatik dialoq mövcuddur. Və bütün bu yolların bir nöqtəsində Azərbaycan dayanır. Məlumdur ki, beynəlxalq münasibətlərdə güc təkcə siyasi və hərbi imkanlarla ölçülmür. Bu məsələdə dövlətlərin bir-biri ilə nə qədər əlaqə qura bilməsi, körpü yaratması, fərqli maraqların ortaq məxrəcə gətirilməsi də  böyük  əhəmiyyət kəsb edir. 

Ona görə ŞƏT ilə əməkdaşlığın perspektivləri həm də  gələcəyin məsələsidir. Qarşıdakı illərdə nəqliyyat və logistika, enerji, rəqəmsal iqtisadiyyat, investisiya, kənd təsərrüfatı, turizm, elm və təhsil kimi sahələrdə yeni imkanların yaranması mümkündür. Ən əsası isə bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulduğu təqdirdə, Azərbaycanla ŞƏT ölkələri arasında münasibətləri daha dərin və çoxşaxəli müstəviyə daşıyar. Zaman dəyişir, yollar yenilənir, coğrafiyalar bir-birinə daha sıx bağlanır. Bu böyük hərəkətin içərisində Azərbaycan üçün əsas məsələ  yolun üzərində dayanmaq yox, həmin yolun istiqamətini müəyyən edən ölkələrdən birinə çevrilməkdir. 

Bu mənada ŞƏT-in  Bişkekdə keçirilən  iki günlük zirvə toplantısı beynəlxalq gündəmin diqqət çəkən hadisələrindəndir. Təşkilatın 25 illiyinə həsr olunan sammitin əsas şüarı “Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə”dir. Azərbaycanın bu toplantıda iştirakı isə ölkəmizin dəyişən Avrasiya məkanında fəal tərəf kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin tədbirdə iştirakı ölkəmizin ŞƏT-ə verdiyi önəmi və üzv ölkələrlə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir.

Bu əməkdaşlığın ən real və görünən istiqamətlərindən biri isə nəqliyyatdır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanı ŞƏT ölkələri ilə birləşdirən əsas marşrutlardandır. Bu yollar ölkəmizin Avrasiyanın nəqliyyat xəritəsində rolunu  artırır. Qeyd edək ki, Azərbaycanın ŞƏT məkanındakı əlaqələri sadəcə nəqliyyatla məhdudlaşmır. Hələ  2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami Gəncəvinin büstünün Pekindəki ŞƏT qərargahında ucaldılması bu əlaqələrin mədəni ölçüsünü göstərən nümunələrdəndir. Nizami Gəncəvi burada  Çin filosofu Konfutsidən sonra büstü qoyulan ikinci tarixi şəxsdir.

Xatırladaq ki, ötən il Çinin Tiencin şəhərində keçirilən ŞƏT sammitində təşkilatın inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub. Müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi ilə Azərbaycanın da təşkilatdakı statusu dəyişib. Hazırda Azərbaycanla yanaşı, Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələr ŞƏT tərəfdaşı statusuna malikdir. Bu, təşkilatın coğrafiyasının və əməkdaşlıq imkanlarının genişləndiyini göstərir.

Bütün bu deyilənlərə söykənərək deyə bilərik ki, Azərbaycanla ŞƏT arasındkı əməkdaşlıq nəqliyyat, ticarət və investisiya imkanlarının genişlənməsi üçün yeni yollar açır. Ölkəmiz isə Avrasiyanın dəyişən mənzərəsində bu imkanlardan istifadə edərək öz mövqeyini bir qədər də gücləndirməyə çalışır.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

15:23
31 Avqust

İslandiya Aİ-yə üzvlük məsələsinə son qoydu

15:20
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK 

15:19
31 Avqust

İt dişləməsi nəticəsində burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

15:17
31 Avqust

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

15:15
31 Avqust

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

15:13
31 Avqust

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

15:10
31 Avqust

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

15:02
31 Avqust

Şərq-Qərb yolunun Azərbaycan qovşağı

14:57
31 Avqust

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

14:54
31 Avqust

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib

14:37
31 Avqust

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

14:30
31 Avqust

Hesablama Palatası Özbəkistan Hesablama Palatasının məsafədən audit və süni intellektin tətbiqi təcrübəsini öyrənir

14:27
31 Avqust

Hulusi Kılıç: ”Azərbaycan Avrasiyada dialoqun əvəzolunmaz iştirakçısına çevrilib”

14:25
31 Avqust

Əli Əsədov Oljas Bektenovu Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib

14:23
31 Avqust

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 4 dəfə artıb – QRAFİK

14:21
31 Avqust

Erlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib

14:19
31 Avqust

Si Cinpin: Çin itkin düşənlərin axtarışı üçün bütün imkanları səfərbər edib

14:17
31 Avqust

İlham Əliyevin Mərkəzi Asiya siyasəti: Azərbaycanın artan nüfuzu və yeni strateji imkanlar

13:48
31 Avqust

Dünyanın ən bahalı avtomobil

13:42
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!