Azərbaycan Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Hesablama Palatasının məsafədən audit, rəqəmsal transformasiya, böyük verilənlərin təhlili və süni intellekt texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Məsafədən audit” avtomatlaşdırılmış informasiya sisteminin əsas funksional imkanları və müxtəlif modulları, o cümlədən xarici mənbələrdən formalaşdırılan məlumatların sistemə inteqrasiyası, məlumatların emalı və təhlili barədə təqdimatlar edilib. Qeyd olunub ki, ali audit orqanının 200-dən çox məlumat bazasına çıxışı mövcuddur və 100-ə yaxın risk mexanizmi əsasında müvafiq məlumatların qiymətləndirmələri aparılır.
Sonra Özbəkistanın Hesablama Palatasında süni intellekt texnologiyalarının tətbiqi üzrə həyata keçirilən işlər barədə məlumat verilib. Süni intellektdən istifadə etməklə risklərin müəyyənləşdirilməsi mexanizmləri və müvafiq yanaşmaların audit proseslərində tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan Hesablama Palatasının Dövlət Auditi İnformasiya Sistemi (DAİS) və dövlət auditinin rəqəmsallaşdırılması üzrə həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilərək rəqəmsal transformasiya, məlumat analitikası, risklərin avtomatlaşdırılmış müəyyənləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Hesablama Palatasının nümayəndə heyəti Özbəkistan Hesablama Palatasının sədrinin səlahiyyətlərini icra edən M.Abdullayevlə görüşüb. Görüş zamanı iki ali audit orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqəmsal audit və məlumat analitikası sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Səfər çərçivəsində Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi, “Uzınfocom” MMC və IT Park ilə tanışlıq keçirilərək rəqəmsal transformasiya, dövlət sektorunda informasiya texnologiyalarının tətbiqi və rəqəmsal həllərin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat əldə edilib.