28 May 2023 09:25
862
SİYASƏT
A- A+

Şərəfli tarixin qürur dolu salnaməsi

 

Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaranmasından 105 il ötür. Bu, XX əsr tarixinin təsadüfi bir faktı deyil. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Böyük şəxsiyyətlərimiz, Cümhuriyyət qurucularımız "İstiqlal Bəyannaməsi"ni elan edərək xalqımızın müstəqillik əzmini, azadlıq ruhunu, inkişaf səviyyəsinə görə irəli getmiş toplumlarla bir yerdə irəliləməyə layiq olduğunu bütün dünyaya göstərmişlər. 

 

Böyük dəyər

 

Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik tariximizin böyük dəyərlərindəndir. Onun ən layiqli qiymətini bu il anadan olmasının 100-cü ildönümü tamamlanan Ümummilli Lider Heydər Əliyev vermişdir. 
Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə uğurla həyata keçirdiyi inkişaf siyasəti xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytarmış, milli mənlik şüurunu yüksəltmiş, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır. Cümhuriyyətin üçrəngli bayrağının ilk dəfə olaraq Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılması da Azərbaycan Xalq Cümhuriyyəti ideyalarına sadiqliyin, müstəqilliyə gedən yolu bütün şəraitlərdə uğurla davam etdirərək yeni mərhələlərə çatdırmaq əzminin təzahürü idi. 
Bu yola sadiqliyin daha bir nümunəsi Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyamızda respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməsidir. Azərbaycanın inkişafının, dövlət müstəqilliyimizin əbədiliyinin təmin olunmasıdır. Zamanın gərdişindən cəmi 23 ay ömür sürə bilmiş Cümhuriyyətimizin, onu yeni nəsillərə ərməğan kimi qurub-yaratmış ziyalılarımızın Azərbaycanla bağlı yarımçıq qalmış arzularının yerinə yetirilməsidir. Bu layiqli qiymət, yüksək dəyər həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxarmış Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan yeni möhtəşəm uğurlarımızda öz ifadəsini tapır. 

 

Reallaşan dövlətçilik amalları

 

"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur" deyən dövlət rəhbərimiz Cümhuriyyət qurucularımızın Azərbaycanla bağlı arzularını, xəyallarını reallığa çevirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlər həm də əsrlər boyu milli dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi üçün mübarizə aparmış və çalışmış, burada əməyi olan böyük şəxsiyyətlərimizin ruhuna olan boyük hörmət və ehtiramdır. Onların mənəvi irsinin davam etdirilməsidir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "İstiqlal Bəyannaməsi"ni imzalaması xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yaşadılması və yeni dövrdə daha bir üstün mərhələyə daxil olması idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik duyğusunu, istiqlal ruhunu daha da gücləndirdi və bu duyğu ondan sonrakı heç bir dövrdə, o cümlədən sovetlərin sərt repressiyaları şəraitində də qəlbimizi tərk etmədi. 
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq ömründə bir çox işlərə imza atdı. Gələcəyimiz üçün müstəsna əhəmiyyət daşıyan ənənələr formalaşdırdı. Eyni zamanda Şərqdə demokratiya ənənələrinin formalaşmasına da əhəmiyyətli təsir göstərdi. Çox qısa müddətdə  Azərbaycanın ilk demokratik hökuməti quruldu, parlamenti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq müstəvidə tanınması, milli maraqların qorunması məqsədilə diplomatik müstəvidə atılan mühüm addımlar, yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması, habelə demokratik prinsiplərin təsbit edilməsi üçün görülən işlər o 23 aylıq tarixin qürur dolu səhifələridir. 
Bu müddətdə Azərbaycanda vətəndaş institutu meydana gəldi, milli ordu quruldu, bütün ölkə əhalisinə eyni hüquqlar verilərək irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qalxdı, cəmiyyətdə milli vəhdət təmin olundu. 
Xarici siyasət sahəsində də Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra mühüm nailiyyətləri vardı. Cümhuriyyət hökuməti yeni yaradılmış dövlətin dünyaya tanıdılmasını əsas istiqamət kimi seçmişdi. Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən qurulduğu zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək milli hökumətin çox böyük tarixi uğurları idi. 

 

Cümhuriyyət yadigarları

 

Bu ciddi nəticələr Azərbaycanın sonrakı dövrlərdə də dövlət kimi mövcudluğuna zəmin yaratdı. Belə ki, dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmış ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Bolşeviklər, onların başbilənləri doğma yurdumuzla istədikləri kimi davrana, ölkəmizin sərhədlərini tam dəyişə, beləliklə, dövlətimizi hissələrə parçalayaraq sıradan çıxara bilmədilər.
Azərbaycan Xalq Cümhuriyyəti özündə bir çox dəyərləri daşıyır. Onlardan ən mühümü Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirmiş Cümhuriyyətimizin Azərbaycan xalqının milli və siyasi şüurunu, yüksək mədəniyyətini özündə ehtiva etməsidir. Dövrün qabaqcıl ziyalılarının qurub-yaratdıqları bu dövlət cəmiyyətə siyasi mədəniyyət aşılayırdı. İnsanlar, toplumlar, təsisatlar arasında sivil münasibətləri bərqərar edirdi. Cəmiyyətdə vətəndaşlıq məsuliyyəti formalaşdırırdı. Xalqın milli mənlik şüurunu özünə qaytarır, öz müqəddəratını təyin etməyə, hər cəhətdən azad yaşamağa qadir olduğunu ona göstərirdi. 
Azərbaycan Xalq Cümhuriyyətindən bizə çox yadigarlar miras qalıb. 1919-cu ildə yaradılmış indiki Bakı Dövlət Universiteti, müxtəlif təhsil, səhiyyə ocaqları, nazirliklər və digər dövlət qurumları Azərbaycan Xalq Cümhuriyyətinin bizlərə mənəvi mirasıdır. İstiqlalımızın yadigarları bu gün də mövcuddur, dövlətimizlə birgə inkişaf edir və bu inkişafa özünün layiqli töhfələrini verir. 
Cümhuriyyətin böyük tarixi dəyər daşıyan yadigarlarından biri də "Azərbaycan" qəzetidir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi salnaməsi bu qəzetin səhifələrində öz əksini tapmışdır. Cümhuriyyət qurucularının böyük əksəriyyəti ictimai-siyasi həyata mətbuatdan gəldiklərindən və ümumən qəzet o dövrün əsas informasiya vasitəsi olduğundan onlar mətbuatın əhəmiyyətini aydın görürdülər. Ona görə də hökumətin formalaşmasından qısa zaman sonra, 1918-ci ilin 3 iyulunda "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adlı rəsmi mətbuat orqanının nəşrinə qərar verilmişdi. Belə bir qəzet "Azərbaycan" adı ilə nəşrə başladı. Onun ilk nömrəsi 1918-ci ilin 15 sentyabrında - Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalından azad etdiyi gün işıq üzü gördü. 
Qəzetə "Azərbaycan" adının seçilməsi təsadüfi deyildi. Buna qədər də belə bir adda mətbuat orqanının nəşrinə dəfələrlə təşəbbüs göstərilmişdi. 1891-ci ildə tanınmış ziyalılarımızdan Cəlal Ünsizadə baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmiş, amma bu arzusu reallaşmamışdı. Məşrutə hərəkatı dövründə Təbrizdə "Azərbaycan" adlı jurnalın nəşrinə başlanmış, amma jurnalın ömrü uzun sürməmişdi. "Azərbaycan" qəzetinin Cümhuriyyət dövründə nəşri tarixin və taleyin xoş bir hadisəsı idi. 

 

Ölkənin adını daşıyan qəzet

 

Həmin vaxt Cümhuriyyət hökuməti Gəncədə yerləşdiyindən qəzet də burada çıxırdı. Altıncı saydan etibarən isə qəzetin nəşri Bakıda davam etdirilmişdi. İki dildə çıxan "Azərbaycan" qəzetinin Azərbaycan dilində 443, rus dilində 438 sayı çap olunmuşdu. Qəzetin ilk sayları "Heyəti-idarə", "Heyəti-təhririyyə" kimi "redaksiya heyəti" mənasını ifadə edən məsul şəxslər qrupu tərəfindən çap edilirdi. "Azərbaycan" qəzetinə müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Xəlil İbrahim, qəzetin rus variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq etmişdi. 
"Azərbaycan" qəzetinin ilk redaktorlarından biri dahi bəstəkar, görkəmli publisist və ictimai-siyasi xadim Üzeyir bəy Hacıbəyli idi. Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, həm də zəmanəsinin görkəmli publisistlərindən biri kimi tanınmış Üzeyir bəy Hacıbəyli zəngin mətbuat təcrübəsi ilə "Azərbaycan" qəzetinin inkişafında, ideya-siyasi səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdı. Üzeyir bəy qəzetə rəhbərlik etməklə yanaşı, onun səhifələrində fəal şəkildə müxtəlif yazılarla da çıxış edirdi. Onun çoxsaylı baş məqalələri, Azərbaycan parlamenti haqqında reportajları, teatr və musiqiyə həsr olunmuş tənqidi yazıları, "İçimizdəki Denikinlər", "İstiqlal və istiqbal ümidi", "İstefa münasibətilə", "Azərbaycan istiqbalı", "Azərbaycan parlamanı", "Qarabağ hadisatı", "Ermənistan və Azərbaycan münasibatı", "Nə istəyirlər", "Qara təhlükə" və s. mövzularda publisistik əsərləri bu gün də dövrün aynası kimi tarixi həqiqətləri aydın göstərir. 
"Azərbaycan" qəzetinin öz dövrünün ən aparıcı mətbuat orqanlarından biri kimi inkişafında Ceyhun bəy Hacıbəylinin də böyük əməyi olmuşdur. Ceyhun bəy bu qəzetə o qədər bağlı idi ki, Cümhuriyyətin süqutundan sonra məcburən mühacir həyatı yaşadığı dövrdə də eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə Münhendə bu arzusunu reallaşdıra bilmişdi. 

 

Bütün Azərbaycanın qəzeti

 

1918-ci ildə "Azərbaycan" qəzetinin nəşrə başlaması ilə milli mətbuatımız yeni  inkişaf mərhələsinə qədəm qoydu. Bu qəzet rəsmi dövlət qəzeti olsa da, təkcə bir partiyanın maraqlarına xidmət etmirdi. Azərbaycan dövlətinin inkişafı üçün üzərinə düşən tarixi missiyanı yerinə yetirir, həm səhifələrində o tarixi günlərin sənədli salnaməsini yazır, həm aktual məsələləri gündəmə gətirərək taleyüklü mövzularda ictimai polemikalar yaradır, həm də cəmiyyət üzvləri arasında faydalı kommunikasiya qururdu. Bu mənada "Azərbaycan" qəzeti bütün Azərbaycanın qəzeti idi. 
Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzeti haqqında yazırdı: "Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu  barədə onu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan" qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir". Qəzet ilk sayından son sayına qədər bu məsləkinə sadiq qaldı və milli mətbuat tariximizdə öz fəaliyyəti ilə parlaq bir nümunə yaratdı.      
Bu qəzetin ətrafında zəmanəsinin ən görkəmli ziyalıları birləşmişdilər. "Azərbaycan" qəzetinin redaksiya heyətinin 1919-cu ildə çəkilmiş məşhur fotosu var. Bu fotoda tarixiləşmiş şəxsiyyətlərimizin hər birinin adı böyük bir mənəvi irsə işıq salır. Onlar Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov, Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə Əfəndizadə, Məhəmmədəmin Rəsulzadə, Səhra Paşazadə, Üzeyir bəy Hacıbəyli, Mustafa bəy Vəkilov, Əbdül Əbdülzadə, Mirzə Hadi Atlasov, Hacıibrahim Qasımov, Məmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahim, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadədir. Bu şəxsiyyətlərin hər biri mənalı ömür yolları, Azərbaycana, milli ideyalara təmənnasız xidmətləri ilə qürur mənbəyimizdirlər. 
"Azərbaycan" qəzeti yenicə yaranmış dövlətin inkişafı uğrunda çalışanların, azərbaycançılıq ideyasına bağlı aydınların, fikir adamlarının təsirli tribunası idi. Qəzet çox qısa zamanda azərbaycançı ideya və bu ideyalara söykənən real əməllərin, istiqlal idealının nəşrinə çevrilmişdi. Eyni zamanda "Azərbaycan" qəzeti zamanın sənədli xronikası, gələcək nəsillər üçün ən mötəbər mənbə idi. Təsadüfi deyil ki, Cümhuriyyət dövrünün tədqiqatçıları bu gün də müxtəlif mövzuların araşdırılması üçün ən çox məhz bu qəzetin səhifələrinə üz tuturlar. Çünki "Azərbaycan" qəzetində yazılanlar, irəli sürülən fikirlər, hansısa müəllifin subyektiv yanaşması deyil, dövlətçilik mövqeyidir. Qəzetin bütün məsələlərə münasibətdə müstəqil dövlətin formalaşdırılması və möhkəmləndirilməsi yönümdən yanaşdığını, yeni qurulmuş milli hökumətin ideya və əməli addımlarını xalqa aydın şəkildə çatdırmağa, insanlarla uğurlu əlaqə qurmağa çalışdığını görürük.  
105 ildən sonra  - 23 sentyabr 1992-ci ildə "Azərbaycan" qəzetinin müstəqil respublikamızın parlamentinin orqanı, rəsmi dövlət qəzeti kimi fəaliyyətini yenidən bərpa etməsi dövlətimizin müasir inkişafının salnaməsinə çevrilməsi, Cümhuriyyətin dəyərli yadigarlarından birinin yenidən həyat qazanması deməkdir.  
Azərbaycan bayrağının bu gün azad Şuşada dalğalanması, tarixinin ən qüdrətli mərhələsində olan dövlətimizin möhtəşəm  nailiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. "Azərbaycan" qəzeti təxminən 105 il əvvəl müəyyən etdiyi məsləkinə sadiqliklə bu gün də azərbaycançılığa, dövlətimizin inkişafına xidmət göstərir, adını daşıdığı Vətənin istiqlalının əbədi salnaməsini yaradır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video