Qədim Şərq tarixin yaddaşında dünyanın ən
möhtəşəm mədəniyyət abidələri ilə əsrarəngiz məkan kimi qalır. Əsrlər boyu bənzərsiz
sənət inciləri burada yaradılıb. Zamanın amansız qasırğaları həmin abidələrin çoxunu
məhv etsə də, izlərini silməyə gücü yetməyib.
"Allahın qapısı”nda ikinci möcüzə
Babil qədim Şərqin zəngin şəhər-dövlətlərindən
biri idi. Adı Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilində - akkad
dilində "Allahın qapısı” mənasını verirdi. Eramızdan əvvəl II minilliyin əvvəllərində
Mesopotamiyada mövcud olan Babil dünyanın ən iri şəhərlərindən sayılırdı. Eramızdan
əvvəl XIX əsrdə Babil şəhər-dövləti Babilistan dövlətinə çevrildi.
I Nəbukadnəzar çarlığı zamanı Babil Yaxın
Şərqin ən inkişaf etmiş dövləti oldu. İqtisadi inkişaf və mədəni yüksəlişi ilə qədim
Şərqin ən böyük şəhəri sayıldı. Babilin əhalisinin sayı iki yüz min nəfərə çatdı.
Möhtəşəm çar sarayı, babillilərin əsas məbədi sayılan Esagila, şumercə "Cənnət və
Dünyanın quruluşu” mənasını verən Etemenanki, onun yüksəkliyində yerləşən Mərduk
tanrısının məbədi bu şəhərdəydi. Babilin adı tarixə həm də "qədim dünyanın yeddi
möcüzəsi”ndən birinin - Semiramidanın asma bağları ilə düşdü.
Qalıqları Dəclə və Fərat çaylarının qovuşduğu
yerə yaxın, indiki Bağdad şəhərindən 85 km cənubda, Hillə şəhərinin yerində tapılan
Babil şəhəri də, "tarixin atası” Herodotun qədim dünyanın "yeddi möcüzəsi”ndən ikincisi
hesab etdiyi Semiramidanın asma bağlarını əfsanə hesab edənlər çoxdur. Araşdırmaçılar
arasında da həmin bağların reallığına şübhə ilə yanaşanlar az deyil. Ancaq bir çox
mənbələrdə, həmçinin qədim dövrün yazarları siciliyalı Diodor və Strabon bu möcüzədən
bəhs ediblər. Arxeoloji qazıntılar da göstərir ki, miladdan təxminən 600 il əvvəl
Babil böyük bir şəhər idi, orada o dövrə görə dünyanın ən uca tikilisi sayılan zikkurat
var idi.
Möhtəşəm məhəbbət abidəsi
Babildə çox tikintilər ucaldıldı. Ancaq ən
möhtəşəmi Semiramidanın asma bağları oldu. Bu tikilinin daha düzgün adı Amitisin,
başqa mənbələrdə isə Amanisin asma bağlarıdır. Amitis, Amanis, yaxud Semiramida
Midiya çarı Kiaksarın qızı, Babil hökmdarı II Nəbukadnəzarın arvadı idi. Səfalı
təbiəti olan Midiya dağlarında anadan olmuş çar qızı yaşıllıqlarla dolu ölkəsindən
Babilə gəlin gəlmişdi. Qumlu düzənlikdə yerləşən bu şəhər-dövlətin quru iqliminə
uyğunlaşa bilmirdi. Onun darıxmaması üçün hökmdar öz paytaxtından əl çəkmədi. Dünyanı
heyrətə gətirən bir iş gördü. II Nəbukadnəzar asma bağlarının inşa edilməsi əmrini
verdi.
O dövrün ən tanınmış, ən təcrübəli inşaatçıları,
ustaları, mühəndisləri və başqa mütəxəssisləri bu işə dəvət olundu. Şahlığın bütün
qüvvələri, saysız-hesabsız araba karvanları hərəkətə gətirildi. Fərat çayının axarından
münbit torpaq daşındı.
Semiramidanın asma bağları dörd təbəqədən
ibarət piramida formasında inşa olundu. Alt təbəqə dördbucaq formasında idi, onun
tərəflərinin uzunluğu 40 metrə çatırdı. Üst təbəqələr isə uzunluqları 25 metrə çatan
sütunlar üstündə idi. Hər təbəqə əvvəl asfaltla qarışmış qamışla, sonra gips məhlulu
ilə bərkidilmiş iki lay kərpiclə döşəndi. Bunların üstü qurğuşun plitələrlə bərkidildi.
Bu cür mürəkkəb bünövrə, o təbəqələrdə bitən bitkilərin suvarılması zamanı suyun
alta axmasının qarşısının alınması üçün quruldu. Bünövrənin üstü müxtəlif yerlərdən
gətirilmiş münbit torpaqla döşəndi, üzərində müxtəlif növ ağac və başqa bitkilər
əkildi. Ölkənin müxtəlif yerlərindən, hətta xarici ölkələrdən nadir bitki və kol
toxumu, ağac tingləri gətirildi.
Sütunların birinin içindən boru xətti çəkildi.
Həmin boru ilə Fərat çayından gətirilmiş sular nasoslar vasitəsilə yuxarı qaldırılır,
oradan xüsusi kanallarla aşağı tökülərək bitkilərin suvarılması üçün istifadə olunurdu.
Tikinti başa çatdı. Uzaqdan bu piramida yaşıl
təpəlik kimi görünürdü. 28 mərtəbəli binanın hər mərtəbəsində bağ salınmışdı.
172 otaqdan ibarət olan asma bağları gecə-gündüz yüzlərlə qulun əməyi sayəsində
sulanır, qorunurdu.
Beləliklə, hökmdar dünyada ilk dəfə möhtəşəm
məhəbbət abidəsi yaratdı. Məlaikə heç vaxt bu qəsrdə yaşamasa da, bağ onun adı ilə
- Semiramida bağları adı ilə məşhurlaşdı. O, bağın yuxarısında, kölgədə əyləşir,
suların şırıltısını dinləyir, ucsuz-bucaqsız səhraları seyr edirdi.
Əfsanə, yoxsa gerçəklik?
Araşdırmaçılar eramızdan əvvəl VII əsrdə
hökmdar II Nəbukadnəzarın bu memarlıq abidəsini öz xanımının şərəfinə saldırdığını
bildirirlər. Amma Semiramidanın asma bağları barədə müxtəlif əfsanələr, rəvayətlər
söylənilir. Onlardan birində bu bağların II Nəbukadnəzar deyil, Assuriya çariçası
Şammuramat (eramızdan əvvəl 813-803-cü illər)
tərəfindən inşa edildiyi deyilir. Əslən babilli olan Şammuramat sonralar İştar ilahəsi ilə eyniləşdirilərək ilahələşdirilmişdi.
Eramızdan əvvəl IV əsrdə tənəzzül dövrünü
yaşayan Babilin qonşuluğunda başqa bir imperiya - Makedoniyalı İsgəndərin imperiyası
yarandı. Şəhərin sakinləri makedoniyalıların yanına elçi göndərdilər ki, İsgəndər
Babilə gəlmək istəsə, davasız-savaşsız şəhərə daxil ola bilər. Şəhər Makedoniyalı
İsgəndər tərəfindən istila olundu. Dünyaya hökm etmək iddiasında olan hökmdar əzəməti,
sərvəti ilə heyrət doğuran bu şəhəri öz imperiyasınin baş şəhəri elan etdi. Rəvayətlərə
görə, İskəndər asma bağlarda dincəlirdi. O, elə burada da gözlərini əbədi yumdu.
İran-Əhəməni qəsbkarları bu şəhəri ələ keçirərək
öz əyalətlərindən birinin mərkəzi etdilər. Əsrlər ötdü. Asma bağlar tarixin təlatümlərinə
davam gətirmədi, Babilin özü ilə birlikdə məhv oldu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”