Azərbaycanda
qışda yaz havasının səbəbləri və fəsadları
Artıq bir neçə ildir ki, Azərbaycanda qış
fəsli sözün əsl mənasında yaz kimi keçir.
Qar görmək bir yana, heç şaxtalı, soyuq havalar
da demək olar ki, müşahidə olunmur. Hava haqqında məlumatlara görə, yaxın günlər
ərzində də Azərbaycanda temperaturun 15-18, bəzi yerlərdə isə hətta 20 dərəcə olacağı
ehtimal edilir.
Bəs qışda bu cür mülayim havanın müşahidə
edilməsinin səbəbləri nədir? Bu halın təbiətə, insan sağlamlığına, ümumiyyətlə,
həyatın normal axınına nə kimi təsirləri var?
Bu
qışda hələ ki, bir gün də şaxta qeydə alınmayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verir
ki, bu il ölkəmizdə yumşaq qış müşahidə edilir. İqlim dəyişmələri nəticəsində Azərbaycanda
qış ayları daha mülayim keçir, şaxtalı günlərin sayı azalır. Çoxillik normaya əsasən
Bakıda yanvar ayında şaxtalı günlərin orta çoxillik sayı 6 gündür. Lakin bu qış
hələ ki, bir gün də şaxta qeydə alınmayıb, yalnız ayın 25-də havanın temperaturu
0 dərəcəyə yaxınlaşıb. 2020-ci il yanvar ayında orta aylıq iqlim normasından
1.6 dərəcə yüksək olub. Ən isti gün isə yanvarın 23-də olub və havanın temperaturu
müsbət 12.3 dərəcəyədək yüksəlib, lakin rekord göstərici qeydə alınmayıb. Çünki
Bakı şəhərində ən yüksək temperatur 1979-cu il yanvar ayının 4-də qeydə alınıb və
həmin gün havanın temperaturu müsbət 22.3 dərəcə olub.
Son onilliklərdə fevral ayında ən soyuq gün
2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün minimal temperatur Bakıda mənfi
11 dərəcəyədək aşağı enib. Ən isti gün isə 2005-ci il fevralın 28-də 23.2 dərəcədə
müşahidə edilib.
2020-ci il fevral ayında havanın orta aylıq
temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2 dərəcə, respublikanın dağlıq
və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir.
Ən
isti onillik
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya
İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas
Məhərrəm Həsənov söyləyir ki, artıq bir neçə ildir Azərbaycanda qış fəslində havanın
temperaturu ona səciyyəvi olmayan halda, yəni normadan 3-4, bəzi hallarda isə 5
dərəcəyə qədər yüksək müşahidə edilir. Bu hal xüsusilə Mərkəzi Aran rayonlarına,
Qobustana, Abşerona, o cümlədən Bakıya aiddir: "Ümumiyyətlə, təkcə qış deyil, yay
və payız fəsli üçün də havanın temperaturu normadan bir qədər yüksəkdir. Ümumdünya
Metereologiya təşkilatının qəbul etdiyi qərara görə 1961-1990-cı illərdə ortalama
iqlim göstəriciləri bütün dünya üçün norma kimi qəbul edilir. Azərbaycan da həmin qərarı ratifikasiya etdiyinə görə temperatur,
yağıntı və digər iqlim göstəricilərini o dövrlə müqayisə edirik”.
M.Həsənli qeyd edir ki, son 2 onillik həm
beynəlxalq aləmdə, həm də Azərbaycanda ən isti dövr kimi qeyd edilir. Havanın temperaturu
ötən ilin noyabr, dekabr, bu ilin yanvar ayında normadan 3-4 dərəcə civarında yüksək
müşahidə edilir: "Sözsüz ki, bu da ümumi qlobal iqlim dəyişmələri ilə bağlı olan
prosesdir. Dünyada da qlobal istiləşmə prosesi gedir, məsələn, son illər dünyada
havanın temperaturu normaya nisbətən təqribən 1,5 dərəcə yüksəlib. Bizim ölkəmizdə
isə havanın temperaturu 1991-ci ildən bəri 0,6-1,5 dərəcə civarında yüksəlib. Bu
yüksəlmə Azərbaycan Respublikasının hər yerində müşahidə edilir. Bu da isti hava
dalğalarının yay aylarında daha çox təkrarlanması, yəni orta sutkalıq temperaturun
35 dərəcədən yuxarı olduğu dövrlərin daha çox olması, isti havalı günlərin daha çox davam etməsi və tez-tez
təkrarlanması kimi özünü büruzə verir”.
Mütəxəssis onu da bildirir ki, normalarla
müqayisə edildikdə ölkəmizdə yanvar qışın ən soyuq ayı hesab edilirdi. Lakin
2-3 ildir ki, fevralda yanvara nisbətən temperatur bir qədər az müşahidə olunur: "Bu il isə yanvar ayı başa çatıb, fevral ayının
əvvəlidir, amma isti hava şəraiti hələ ki,
davam edir. Bu isə fevral ayının əvvəli üçün səciyyəvi olan temperatur deyil və
normadan bir neçə dərəcə yüksəkdir”.
Yer
Günəşdən aldığı istiliyi yuxarı təbəqələrə, atmosferə yaya bilmir...
İldən-ilə havaların isti keçməsinə qlobal
istiləşmə və temperaturun yüksəlməsinin səbəb olduğunu söyləyən iqlimşünas bildirir
ki, bunu həm təbii, həm də antropogen amillər
yaradır: "Amma antropogen amillər, yəni insanın
təsərrüfat fəaliyyəti daha çox önə çıxır.
Burada söhbət əsasən atmosferin çirkləndirilməsindən gedir. Məlum olduğu kimi, sənaye cəhətdən inkişaf
etmiş, eləcə də inkişaf etməkdə olan və inkişafı sürətlə gedən Hindistan, Braziliya,
Meksika kimi ölkələrdə də atmosferin çirklənməsi prosesi gedir. Yəni atmosferə karbon,
kükürd oksidi kimi qazların atılması daha çoxdur və həmin qazlar da atmosferdə
"istixana effekti” deyilən effekt yaradır. Buna görə də Yer Günəşdən aldığı istiliyi
yuxarı təbəqələrə, atmosferə ötürə bilmir və Yer üzərində temperatur yüksəlir. Bunların
nəticəsidir ki, Azərbaycanda da qış aylarında temperatur əvvəlki illərə nisbətən bir qədər yüksək müşahidə
edilir”.
M.Həsənli deyir ki, bu istiləşmə mənfi mənada
bütün təsərrüfatlara təsir edir, o cümlədən kənd təsərrüfatına: "Məsələn, püstə,
badam, ərik, şaftalı, alça və bu kimi meyvə ağacları vaxtından əvvəl çiçəkləyir.
Sonra isə havanın temperaturu nisbətən aşağı düşən kimi həmin çiçəklər məhv olur
və bu, birinci növbədə, o ağaclardan meyvə
alınmasını xeyli azaldır. Bununla yanaşı yüksək temperatur olduqda yağıntılar normadan az müşahidə edilir və torpağın məhsuldar rütubəti azalır. Bu da becərilən dənli bitkilərin gec inkişaf
etməsinə, həmçinin torpaqda rütubət çatışmazlığına gətirib çıxarır”.
Bu cür insanlar meteohəssas olur
Havaların
anomal keçməsinin insan orqanizminə təsirlərindən söz açan Səhiyyə Nazirliyinin
baş terapevti, professor Yaqub Qurbanov söyləyir ki, insan təbiətin bir hissəsi
olduğu üçün havanın orqanizmimizə təsiri də heç şübhəsizdir: "Yəni təbiətdə hava
dəyişməsi, yağış, qar yağması, havanın dumanlı, çiskinli olması, maqnit sahəsi,
Günəşdə olan partlayış halları bu və ya digər formada insan orqanizminə təsir göstərir.
Sağlam orqanizm bu təsirləri rahat qəbul edərək onu özündən uzaqlaşdırır və onda
heç bir patoloji göstəricilər görünmür. Amma yaşlılar, immuniteti zəif, uzun müddət
fasiləsiz işləyən, oturaq həyat keçirən, iş qrafiki ağır olan insanlar belə halda
havanın, xarici mühitin təsirlərinə çox həssas olurlar. Dərhal bu və ya digər müxtəlif
simptomlar, ürək, qan-damar sistemi, sinir sistemi, mədə-bağırsaq xəstəlikləri üzə
çıxır”.
Baş terapevt
vurğulayır ki, orqanizmin özünün tamlığının və daxili orqanların sağlamlığının vəziyyəti
də bu məsələlərə təsir edir: "Bu nöqteyi nəzərdən meteohəssas insanlar əvvəlcədən
öz həkimlərinə müraciət etməlidirlər. Həmçinin sahə həkimləri də bu cür meteoroloji
dəyişikliklər olduqda xəstələrə baş çəkməli və onlara nəzarət etməlidirlər. Bu halda
xəstələrdə qan təzyiqinin, əhvali-ruhiyyənin tez-tez dəyişməsi də müşahidə edilir.
Buna görə də əvvəldən tədbirlər görülməlidir ki, həmin xəstələr xarici mühitdəki
dəyişiklikləri asanlıqla qəbul etsinlər”.
Y.Qurbanov
meteohəssas insanlara məsləhət görür ki, daha çox açıq havada gəzintilərə üstünlük
versinlər, ağır işlərdən çəkinsinlər, qidalanmalarına, yəni orqanizmlərinin möhkəmlənməsinə
fikir versinlər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”