06 Fevral 2020 01:53
2194
Elm və texnika
A- A+
Səhv düşəndə fəsillər

Səhv düşəndə fəsillər


Azərbaycanda qışda yaz havasının səbəbləri və fəsadları


Artıq bir neçə ildir ki, Azərbaycanda qış fəsli sözün əsl mənasında yaz kimi keçir.

Qar görmək bir yana, heç şaxtalı, soyuq havalar da demək olar ki, müşahidə olunmur. Hava haqqında məlumatlara görə, yaxın günlər ərzində də Azərbaycanda temperaturun 15-18, bəzi yerlərdə isə hətta 20 dərəcə olacağı ehtimal edilir.

Bəs qışda bu cür mülayim havanın müşahidə edilməsinin səbəbləri nədir? Bu halın təbiətə, insan sağlamlığına, ümumiyyətlə, həyatın normal axınına nə kimi təsirləri var?


Bu qışda hələ ki, bir gün də şaxta qeydə alınmayıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verir ki, bu il ölkəmizdə yumşaq qış müşahidə edilir. İqlim dəyişmələri nəticəsində Azərbaycanda qış ayları daha mülayim keçir, şaxtalı günlərin sayı azalır. Çoxillik normaya əsasən Bakıda yanvar ayında şaxtalı günlərin orta çoxillik sayı 6 gündür. Lakin bu qış hələ ki, bir gün də şaxta qeydə alınmayıb, yalnız ayın 25-də havanın temperaturu 0 dərəcəyə yaxınlaşıb. 2020-ci il yanvar ayında orta aylıq iqlim normasından 1.6 dərəcə yüksək olub. Ən isti gün isə yanvarın 23-də olub və havanın temperaturu müsbət 12.3 dərəcəyədək yüksəlib, lakin rekord göstərici qeydə alınmayıb. Çünki Bakı şəhərində ən yüksək temperatur 1979-cu il yanvar ayının 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22.3 dərəcə olub.

Son onilliklərdə fevral ayında ən soyuq gün 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün minimal temperatur Bakıda mənfi 11 dərəcəyədək aşağı enib. Ən isti gün isə 2005-ci il fevralın 28-də 23.2 dərəcədə müşahidə edilib.

2020-ci il fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2 dərəcə, respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir.


Ən isti onillik


Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov söyləyir ki, artıq bir neçə ildir Azərbaycanda qış fəslində havanın temperaturu ona səciyyəvi olmayan halda, yəni normadan 3-4, bəzi hallarda isə 5 dərəcəyə qədər yüksək müşahidə edilir. Bu hal xüsusilə Mərkəzi Aran rayonlarına, Qobustana, Abşerona, o cümlədən Bakıya aiddir: "Ümumiyyətlə, təkcə qış deyil, yay və payız fəsli üçün də havanın temperaturu normadan bir qədər yüksəkdir. Ümumdünya Metereologiya təşkilatının qəbul etdiyi qərara görə 1961-1990-cı illərdə ortalama iqlim göstəriciləri bütün dünya üçün norma kimi qəbul edilir. Azərbaycan da həmin qərarı ratifikasiya etdiyinə görə temperatur, yağıntı və digər iqlim göstəricilərini o dövrlə müqayisə edirik”.

M.Həsənli qeyd edir ki, son 2 onillik həm beynəlxalq aləmdə, həm də Azərbaycanda ən isti dövr kimi qeyd edilir. Havanın temperaturu ötən ilin noyabr, dekabr, bu ilin yanvar ayında normadan 3-4 dərəcə civarında yüksək müşahidə edilir: "Sözsüz ki, bu da ümumi qlobal iqlim dəyişmələri ilə bağlı olan prosesdir. Dünyada da qlobal istiləşmə prosesi gedir, məsələn, son illər dünyada havanın temperaturu normaya nisbətən təqribən 1,5 dərəcə yüksəlib. Bizim ölkəmizdə isə havanın temperaturu 1991-ci ildən bəri 0,6-1,5 dərəcə civarında yüksəlib. Bu yüksəlmə Azərbaycan Respublikasının hər yerində müşahidə edilir. Bu da isti hava dalğalarının yay aylarında daha çox təkrarlanması, yəni orta sutkalıq temperaturun 35 dərəcədən yuxarı olduğu dövrlərin daha çox olması, isti havalı günlərin daha çox davam etməsi və tez-tez təkrarlanması kimi özünü büruzə verir”.

Mütəxəssis onu da bildirir ki, normalarla müqayisə edildikdə ölkəmizdə yanvar qışın ən soyuq ayı hesab edilirdi. Lakin 2-3 ildir ki, fevralda yanvara nisbətən temperatur bir qədər az müşahidə olunur: "Bu il isə yanvar ayı başa çatıb, fevral ayının əvvəlidir, amma isti hava şəraiti hələ ki, davam edir. Bu isə fevral ayının əvvəli üçün səciyyəvi olan temperatur deyil və normadan bir neçə dərəcə yüksəkdir”.


Yer Günəşdən aldığı istiliyi yuxarı təbəqələrə, atmosferə yaya bilmir...


İldən-ilə havaların isti keçməsinə qlobal istiləşmə və temperaturun yüksəlməsinin səbəb olduğunu söyləyən iqlimşünas bildirir ki, bunu həm təbii, həm də antropogen amillər yaradır: "Amma antropogen amillər, yəni insanın təsərrüfat fəaliyyəti daha çox önə çıxır. Burada söhbət əsasən atmosferin çirkləndirilməsindən gedir. Məlum olduğu kimi, sənaye cəhətdən inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan və inkişafı sürətlə gedən Hindistan, Braziliya, Meksika kimi ölkələrdə də atmosferin çirklənməsi prosesi gedir. Yəni atmosferə karbon, kükürd oksidi kimi qazların atılması daha çoxdur və həmin qazlar da atmosferdə "istixana effekti” deyilən effekt yaradır. Buna görə də Yer Günəşdən aldığı istiliyi yuxarı təbəqələrə, atmosferə ötürə bilmir və Yer üzərində temperatur yüksəlir. Bunların nəticəsidir ki, Azərbaycanda da qış aylarında temperatur əvvəlki illərə nisbətən bir qədər yüksək müşahidə edilir”.

M.Həsənli deyir ki, bu istiləşmə mənfi mənada bütün təsərrüfatlara təsir edir, o cümlədən kənd təsərrüfatına: "Məsələn, püstə, badam, ərik, şaftalı, alça və bu kimi meyvə ağacları vaxtından əvvəl çiçəkləyir. Sonra isə havanın temperaturu nisbətən aşağı düşən kimi həmin çiçəklər məhv olur və bu, birinci növbədə, o ağaclardan meyvə alınmasını xeyli azaldır. Bununla yanaşı yüksək temperatur olduqda yağıntılar normadan az müşahidə edilir və torpağın məhsuldar rütubəti azalır. Bu da becərilən dənli bitkilərin gec inkişaf etməsinə, həmçinin torpaqda rütubət çatışmazlığına gətirib çıxarır”.


Bu cür insanlar meteohəssas olur


Havaların anomal keçməsinin insan orqanizminə təsirlərindən söz açan Səhiyyə Nazirliyinin baş terapevti, professor Yaqub Qurbanov söyləyir ki, insan təbiətin bir hissəsi olduğu üçün havanın orqanizmimizə təsiri də heç şübhəsizdir: "Yəni təbiətdə hava dəyişməsi, yağış, qar yağması, havanın dumanlı, çiskinli olması, maqnit sahəsi, Günəşdə olan partlayış halları bu və ya digər formada insan orqanizminə təsir göstərir. Sağlam orqanizm bu təsirləri rahat qəbul edərək onu özündən uzaqlaşdırır və onda heç bir patoloji göstəricilər görünmür. Amma yaşlılar, immuniteti zəif, uzun müddət fasiləsiz işləyən, oturaq həyat keçirən, iş qrafiki ağır olan insanlar belə halda havanın, xarici mühitin təsirlərinə çox həssas olurlar. Dərhal bu və ya digər müxtəlif simptomlar, ürək, qan-damar sistemi, sinir sistemi, mədə-bağırsaq xəstəlikləri üzə çıxır”.

Baş terapevt vurğulayır ki, orqanizmin özünün tamlığının və daxili orqanların sağlamlığının vəziyyəti də bu məsələlərə təsir edir: "Bu nöqteyi nəzərdən meteohəssas insanlar əvvəlcədən öz həkimlərinə müraciət etməlidirlər. Həmçinin sahə həkimləri də bu cür meteoroloji dəyişikliklər olduqda xəstələrə baş çəkməli və onlara nəzarət etməlidirlər. Bu halda xəstələrdə qan təzyiqinin, əhvali-ruhiyyənin tez-tez dəyişməsi də müşahidə edilir. Buna görə də əvvəldən tədbirlər görülməlidir ki, həmin xəstələr xarici mühitdəki dəyişiklikləri asanlıqla qəbul etsinlər”.

Y.Qurbanov meteohəssas insanlara məsləhət görür ki, daha çox açıq havada gəzintilərə üstünlük versinlər, ağır işlərdən çəkinsinlər, qidalanmalarına, yəni orqanizmlərinin möhkəmlənməsinə fikir versinlər.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!