O, torpağına bağlı vətən sevdalısı idi. 1989-cu il avqustun 29-da Qubadlının Dondarlı kəndində anadan olmuşdu. 4 yaşında isə taleyinə məcburi köçkünlük həyatı yaşamaq yazılmışdı. Bu səbəbdən 1993-cü ildən ailəsi ilə Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşmışdı.
Söhbət 2021-ci il iyunun 4-də Kəlbəcərdə mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovdan gedir. Xatırladaq ki, həmin gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşmüşdür. Nəticədə AzərTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, 4 nəfər isə yaralanmışdı.
Siracın ailə üzvləri hələ də onun yoxluğuna inana bilmirlər. Atası Abış kişinin gözləri hələ də yol çəkir. O, danışmaq istəsə də, qəhər boğduğundan hisslərini ifadə edə bilmədi. Sirac ailənin ilk şəhidi deyil. Onun dayısı Həmzə Adıyev 1994-cü ildə vətən uğrunda gedən savaşda şəhid olub.
Ömrünü övladlarının yolunda şam kimi əridən Azadə Abışova oğlu Siracın da dayısı Həmzə kimi mərd, vətənpərvər olduğunu deyir. Sirac düşmənə qarşı öz kamerası ilə döyüşürdü. Anası oğlu ilə hər gün danışırmış: "Demək olar ki, hər gün zəngləşirdik. Həmin hadisə olan günü axırıncı mesajı saat 10-a işləmiş gəlib. Sirac çox ailəcanlı, həssas, ataya-anaya bağlı övlad idi. Razı olmurdu ki, biz ondan nigaran qalaq. İmkan düşən kimi salam da olsa, yazırdı ki, nigaran qalmayaq".
Sirac Azadə xanımın həm də sirdaşı idi. Ana sevimli oğlu ilə həmişə dərdləşərdi: "Sirac mənim sirdaşım idi. Çox söhbətlərimi onunla paylaşırdım. Həssas idi. Müharibə başlayanda evdə olanda oturardı yanımda. Əlimdən tutardı ki, şəhidlər haqqında veriliş, reportaj olanda həyəcanlanmayım. Kanalı dəyişməzdi. Deyirdi ki, baxın. Çəkirlər ki, hamı tanısın bunları. Əlimi alırdı əlinə, bir qolunu da boynuma dolayırdı. Susurdu, amma bu susqunluq çox şey deyirdi. Ürəyindən keçənləri hiss edirdim".
Şəhidin qardaşı Şirzad da operatordur. O, Siracın 7 aydır ki, işğaldan azad olunmuş torpaqlarda peşə fəaliyyəti ilə məşğul olduğunu, düşmənin vandallığını kameranın yaddaşına köçürdüyünü bildirir. Deyir ki, Sirac sonuncu hadisədən öncə də təhlükə ilə rastlaşıb. Lakin qismət elə gətirib ki, çəkiliş qrupu bu təhlükədən qurtula bilib. Şirzad qardaşı ilə son görüşünü belə xatırlayır: "Ramazan bayramında gəlmişdi, bayramdan sonra getdi. Ondan 5-6 gün sonra bizim rayonun - Qubadlının Dondarlı kəndindəydi. Biz də ordaydıq. Qardaş itkisini yalnız qardaşını itirənlər bilər", - deyə Şirzad sözünü axıra çatdıra bilmədi. Qəhər boğurdu onu.
Sirac yalnız ailəsinin sevimlisi olmayıb. Qohumlarının qəlbində də xoş xatirələr, unudulmaz izlər buraxıb. Zaur Adıyev deyir ki, Sirac hər kəslə öz dilində danışan idi: "Bizim nəsildə elə bir insan yoxdur ki, Siracla həm yoldaş, həm də dost olmasın. Yəni bunu böyükdən-kiçiyə kimi hər kəs deyə bilər. Çünki o, hamı ilə öz dilində danışmağı bacaran birisi idi. Amma çox təəssüf, Sirac öz şəhadəti ilə bizim sıralarımızı tərk elədi".
Sirac ailəli idi, Özgür adlı oğlu vətənə əmanət qalıb. Bütün şəhidlərimiz kimi, onun da xatirəsi yaddaşlarda əbədi yaşayacaq, peşəkar mətbuat işçisi kimi gördüyü işlər heç vaxt unudulmayacaq. Abışov Sirac Abış oğlu Prezident İlham Əliyevin imzaladığı sərəncamla 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub. Sirac Abışovun və Məhərrəm İbrahimovun adları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində Azərbaycan mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub, adına mükafat təsis edilib. 22 İyul - Milli Mətbuat Günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzil hədiyyə edib.
E.YƏHYAYEV