Cəsarəti və hünəri ilə şəhidlik zirvəsinə ucalan İsgəndər İsfəndiyar oğlu Qocayev sadə bir ömür yaşadı. 1 iyun 1965-ci ildə Saatlının Azadkənd kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Doğulduğu gün Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etmişdi. İsgəndər 1982-ci ildə son zəngin unudulmaz sədaları altında orta məktəbi bitirdi. Çox düşünəndən sonra o, peşə arxasınca getdi. 1983-cü ildə Bakı şəhərindəki 61 nömrəli texniki-peşə məktəbinə qəbul oldu. Elə həmin il də bu təhsil ocağını başa vurdu. 18 yaşının tamamında - 1983-cü ildə yaşıdları ilə bərabər ordu sıralarına çağrıldı. Qismətinə vətəndən xeyli uzaqlarda - keçmiş ittifaqın Çita şəhərindəki hərbi hissələrinin birində xidmət etmək düşdü. Əsgərlikdən sonra Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində quyuların yeraltı və əsaslı təmiri sexində operator kimi əmək fəaliyyətinə başladı. 1987-ci ildən əmək fəaliyyətini usta kimi davam etdirdi.
Çox çəkmədi Qarabağ müharibəsi başladı. Ürəyi vətən eşqi ilə döyünən İsgəndər 1993-cü il noyabr ayının 1-də könüllü olaraq döyüşlərə yollandı. Həmin günlər Murovdağ istiqamətində gərgin döyüşlər gedirdi. Havadarlarına arxalanan düşmənlər dayanmaq bilmədən irəliləyir, əlverişli yüksəklikləri ələ keçirir, kənd-kəsəkləri odlara qalayırdılar. Artıq demək olar ki, Qarabağ və onun ətrafındakı rayonlar işğal olunmuşdu. 1993-cü il oktyabrın axırlarında Zəngilan rayonu da erməni işğalçılarının əlinə keçdi. Amma bütün bu üzücü, ağrıdıcı işğallara baxmayaraq, bizimkilər düşmənə müqavimət göstərir, qəsbkarların geri oturdulması üçün döyüşlərə atılırdılar.
İsgəndər Qocayevin uğrunda vuruşduğu Kəlbəcər istiqamətində qanlı döyüşlər səngimək bilmirdi. Ordu hissələri nə qədər müqavimət göstərsə də, düşmən bəzi istiqamətlərdə irəliləməyə nail olurdu. Cəbhədə yaranmış bu ağır vəziyyət İsgəndəri çox üzürdü. Torpaqlarımızın düşmən əlinə keçməməsi, işğalçıların hücumlarının dayandırılması üçün o, cəsarətlə vuruşur, üzərinə düşən döyüş tapşırıqlarını böyük hünər və rəşadətlə yerinə yetirirdi. Bacarığını, peşəkarlığını nəzərə alan komandir ən çətin döyüş tapşırıqlarını ona etibar edirdi.
Üçüncü ay idi ki, İsgəndər torpaqlarımızın azadlığı uğrunda vuruşurdu. Artıq 1993-cü il tarixə qovuşmuşdu, 1994-cü ilin ilk ayı idi. Yeni il Yer üzünə qədəm qoyandan havalar xeyli soyumuşdu. Amma havaların soyuması da döyüşləri səngidə bilməmişdi. Düşmən işğalçılıq hücumlarını dayandırmır, addım-addım irəliləyirdi.
Yanvarın 18-i idi. İsgəndər Qocayevin də vuruşduğu dəstə düşmənin Murovdağa edəcəyi növbəti hücumun qarşısını almaq üçün əməliyyata göndəriləcəkdi. Döyüşün qəfil və sarsıdıcı olması üçün əməliyyat gecə aparılmalı idi. Neçə gündən bəri yağan qarın isə heç dayanmaq fikri yox idi.
Hava qarlı, şaxtalı olsa da, əməliyyat təyin olunduğu vaxtda başladı. Xüsusi tapşırığı yerinə yetirməyə gedənlərin arasında Murovdağ aşırımlarını yaxşı tanıyan bələdçilər də var idi. Ona görə də əməliyyat uğurla başa çatmalıydı. Şükürlər olsun ki, belə də oldu. Həm düşmənin silah anbarı, həm də xeyli canlı qüvvəsi məhv edildi. Amma təəssüflər olsun ki, əməliyyat itkisiz ötüşmədi. Dəstənin bir neçə üzvü yaralandı, bir nəfər isə şəhid oldu.
Xüsusi tapşırığı yerinə yetirərkən şəhid olan igid döyüşçü İsgəndər İsfəndiyar oğlu Qocayev idi. Əsgər yoldaşları onun cəsədini qərargaha çatdıranda səhərin gözü təzəcə açılırdı. Döyüşçülərin üz-gözündən kədər yağır, qəm püskürürdü, dost itkisi əsgərlərin qəlblərini yandırıb-yaxırdı. Ürəkləri qisas və intiqam hissi ilə döyünürdü. Cəsur əsgər şəhid olanda 30 yaşı hələ tamam olmamışdı. İsgəndər İsfəndiyar oğlu Qocayev 20 yanvar 1994-cü ildə, 29 il əvvəl qoynunda dünyaya göz açdığı və orta məktəbi bitirənə qədər yaşadığı Azadkənddə torpağa tapşırıldı.
İsgəndər Qocayevin şəhid olduğu gündən 30 ildən çox vaxt keçir. Arxada qalmış bu illər ərzində doğmaları bir gün, bir an olsun belə onu unutmurlar. Həyat yoldaşı Şəhla Qocayeva onun döyüşlərə yola düşdüyü günləri belə xatırlayır: "Bir gün işdən qayıdandan, axşam çörəyini yeyəndən sonra İsgəndər böyük kədər hissi ilə Qarabağ müharibəsindən söz açdı. Dedi ki, torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlərin getdiyi, analarımızın, bacılarımızın düşmən əsirliyində əzab çəkdiyi bir vaxtda evdə rahat yaşamağı, heç nə olmamış kimi işə gedib-gəlməyi özünə bağışlaya bilmir. Buna qeyrəti, vicdanı yol vermir: "Mən mütləq Qarabağ uğrunda vuruşacam, döyüşəcəm, erməni hücumlarının qarşısını almağa çalışacam. İndi bu addımı atmasaq, gələcək nəsillər bunu bizə bağışlamayacaqlar". Cəbhə bölgəsinə yola düşərkən dedi ki, əgər Vətən uğrunda şəhid olsa, insanlar övladlarını barmaqla göstərərək "bunun atası Azərbaycanın azadlığı uğrunda canını qurban verib" deyəcəklər. "Qoy övladlarım həmişə mənimlə fəxr etsinlər". İsgəndərin döyüş yolu Murovdan başladı, elə Murovda da bitdi. Onun şəhid olması xəbəri hamını sarsıtdı. Çətin olsa da, övladlarını İsgəndərsiz, lakin onun adına layiq böyütdüm: "Torpaqlarımız işğalda qaldığına görə şəhidlərin ruhu çox narahat idi. Bu cəsur oğulların ruhu yalnız və yalnız ərazilərimiz qəsbkarların caynağından azad olunandan sonra rahatlıq tapa bilərdi. Şükürlər olsun ki, həmin xoşbəxt gün də qapımızı döydü. Şanlı Azərbaycan Ordusunun həm 44 günlük Vətən müharibəsində, həm də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında uğurla həyata keçirdiyi antiterror əməliyyatlarında torpaqlarımız erməni işğalçılarından azad olundu. Artıq neçə ildir ki, doğmadan dogma olan Qarabağın bütün kənd və şəhərlərində Azərbaycanın bayrağı böyük əzəmətlə dalğalanır. İndi yurdumuzun azadlığı uğrunda şəhid olanların hamısının ruhu şaddır. Böyük oğlumun övladına həyat yoldaşımın adını qoymuşuq. Hər gün İsgəndərin həm adını çəkir, həm də səsini eşidirik. Nəvəmi babasının adına layiq böyütməyə çalışacağıq".
İsgəndər Qocayevi yaxından tanıyan Arif Bağırov da onunla bağlı xatirələrini bizimlə bölüşdü: "İşlədiyi müddət ərzində bütün tapşırıqları bacarıqla yerinə yetirirdi. Erməni işğalçıları Qarabağın kəndlərinə hücum edəndə İsgəndər könüllü olaraq döyüşlərə yollandı. Dedi ki, hər bir insan vətən uğrunda vuruşmağı özünə borc bilməlidir. Biz İsgəndər kimi cəsur oğulları heç vaxt unutmayacağıq".
Yaxın dostu, iş yoldaşı Əziz İmaməliyev müharibə veteranıdır. Qarabağ uğrunda döyüşlərdə iştirak edib. O, söhbətə İsgəndərlə tanışlığının tarixindən körpü saldı: "Tanışlığımızın ilk günlərindən onun cəsur, mərd və mübariz insan olduğunu hiss etdim. Gündən-günə dostluğumuz daha da möhkəmlənirdi. Erməni işğalçıları yurdumuza hücum edəndə könüllü olaraq döyüşlərə yollananlardan biri də İsgəndər oldu. Döyüş yolu qısa olsa da, əməliyyatlarda böyük qəhrəmanlıq və hünər göstərdi, cəsarətlə vuruşdu. Hər il doğum günündə doğulduğu kəndə gedib məzarını ziyarət edirəm. Bu, bizim şəhidlər qarşısındakı müqəddəs borcumuzdur. Vətənin azadlığı uğrunda vuruşaraq şəhid olanlar hər cür ehtirama layiqdirlər".
Yaxın dostu Qəmbər Tağıyevlə söhbətdən öyrəndik ki, o, hələ keçmiş ittifaq ordusunda İsgəndərlə bir hərbi hissədə xidmət edib, əsgər dostu olublar: "İsgəndər dostluğa, qardaşlığa çox sadiq insan idi. Ən başlıcası isə o idi ki, dostum vətənpərvərliyi ilə çoxlarından seçilirdi".
Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin qarşısında müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək üçün guşə düzəldilib. Xatirə guşəsində İsəndərin də şəkli var. Bu günlər İsgəndər Qocayevin 60 yaşının tamam olması ilə əlaqədar xatirə guşəsinin qarşısında yaxınları, doğmaları, iş yoldaşları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi. Tədbirdə çıxış edənlər şəhidlə bağlı acılı-şirinli xatirələrini dilə gətirdilər. Anım mərasimində şəhidin nəvəsi İsgəndər də iştirak edərək babasının şəklinin qarşısına qərənfillər düzdü.
Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndər Qocayevin adı da əbədiləşdirilib. Qaradağ rayonu Lökbatan qəsəbəsində onun adını daşıyan küçə var.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"