Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xarici İnvestorlar Şurasının iclasında ölkəsinin sərmayə imkanları ilə bağlı fikirlərini bölüşüb.
AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, ötən müddət ərzində Şuranın işçi qrupları investorlar üçün faydalı olan 50-dən çox görüş keçirib. Xarici investorların həmsədrliyi altında alternativ investisiya fondları, girov qanunvericiliyi, məsuliyyətli biznes davranışı, peşəkar inkişaf, vergi administrasiyası, torpaq bölgüsü və enerji kimi prioritet sahələrdəki məsələlər ətraflı müzakirə olunub.
Şavkat Mirziyoyev əlavə edib: “Bugünkü görüşə hazırlıq çərçivəsində 120 yeni təklif və təşəbbüs təqdim etdiniz. Biz onları diqqətlə təhlil etdik və yeddi prioritet sahəyə qruplaşdırdıq. Bunlara investisiya mühitinin yaxşılaşdırılması, vergi sistemi, torpaq qeydiyyatı, enerji, bank və maliyyə sistemi, korporativ idarəetmə, süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı məsələlər daxildir”.
Özbəkistan Prezidenti vurğulayıb ki, müvafiq təkliflərə valyuta monitorinqi proseslərinin sadələşdirilməsi, İslam sığortası, yaşıl kreditləşmə kimi yeni maliyyə mexanizmlərinin tətbiqi, problemli bank aktivlərinin satışına başlanması və müəssisələrdə ətraf mühitin qorunması, sosial məsuliyyət və effektiv korporativ idarəetmə daxil olmaqla ESG prinsiplərinin tətbiqinin təşviqi də daxildir. Onun sözlərinə görə, hər bir sahə üçün məsul şəxslər müəyyən edilib və konkret həllər hazırlanıb.
Şavkat Mirziyoyev vurğulayıb: “Fürsətdən istifadə edərək, bu təcili vəzifəni öz üzərinə götürən işçi qruplarının həmsədrlərinə - “Vision Invest”, BDO, “Crowe”, “OTP Group”, “Franklin Templeton”, “Ernst & Young”, “Costa Legal” və “ACWA Power” şirkətlərinin rəhbərlərinə təşəkkürümü bildirmək istəyirəm”.