08 Noyabr 2025 09:00
1104
SİYASƏT
A- A+
Sarsılmaz milli iradənin, beynəlxalq hüququn və tarixi ədalətin zəfəri

Sarsılmaz milli iradənin, beynəlxalq hüququn və tarixi ədalətin zəfəri


Beynəlxalq hüquq normalarının bərpası ilə nəticələnən, ərazilərimizin 30 illik işğalı faktına son qoyan İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin 5-ci ildönümü müstəqil tariximizin ən şanlı, qürurverici səhifələrindən biri kimi hər bir azərbaycanlıda böyük fəxarət hissi doğurur. Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi əbədiləşməsi mühüm siyasi-psixoloji çalarlara malik hadisə olmaqla yanaşı, ərazilərimizdə erməni separatizminin tam iflası faktını özündə simvolizə edir. 

Zəfər Günü xalqın milli iradəsinin, dövlətin iqtisadi və hərbi qüdrətinin, tarixi ədalətin təntənəsi kimi dövlətçilik tariximizdə xüsusi yer tutur. İkinci Qarabağ müharibəsindəki qələbəmizin beşinci ildönümü münasibətilə paytaxtın "Azadlıq" meydanında təşkil olunan möhtəşəm hərbi parad isə ilk növbədə son illərdəki hərbi-siyasi uğurlarımızın real miqyasını bütün dünyaya nümayiş etdirir. Bir daha təsdiqlənir ki, Azərbaycan dövləti ədalətli müharibə apararaq, dayanıqlı sülhə nail olmuşdur. Beş il əvvəl qazanılan qələbə bu gün beynəlxalq hüquqla möhkəmlənmiş, diplomatik razılaşmalarla rəsmiləşdirilmiş, gələcəyə yönəlmiş dövlət siyasətinin təməl prinsipinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin sözüdür: "Əgər xalqın iradəsi möhkəmdirsə, heç bir güc onu sındıra bilməz". Xalqımız cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuzillik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızın müəyyən qismini geri qaytarmağı bacararaq, regionda yeni siyasi reallığın əsasını qoyan Lider kimi adını ən müasir tariximizə yazmışdır. 

İnkaredilməz həqiqətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ötən 30 ildə müasir dövlətçilik ənənələrinin, vətəndaş cəmiyyətinin, iqtisadi-siyasi institutların formalaşdırılması prosesi xalqımızın Ümummilli Lideri, böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən sonra Prezident İlham Əliyev bu ənənələri daha da inkişaf etdirərək ölkəmizi bütün parametrlər üzrə tarixinin qüdrətli mərhələsinə çatdırmışdır. Bu illər ərzində cənab İlham Əliyevin özünün də formalaşdırdığı bir çox dövlətçilik ənənəsi vardır ki, Vətən müharibəsi günlərində əldə edilmiş təcrübə bunlardan ən əhəmiyyətlisi sayıla bilər.

Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarımızdan könüllü şəkildə, sülh yolu ilə çıxması üçün aparılan danışıqlara uzun illər sadiqlik göstərmişdir. Münaqişənin hər iki tərəfdən insan itkilərinə yol vermədən, ölkələrin sosial-iqtisadi həyatına ziyan vurmadan yoluna qoyulmasından ötrü bütün mövcud imkanları səbirlə dəyərləndirmiş, təcavüzkar ölkədən də eyni davranışı gözləmişdir. Əfsuslar olsun ki, Ermənistan 30 ilə yaxın müddətdə danışıqlar prosesində beynəlxalq ictimaiyyəti aldatmaq yolu tutmuş, işğal etdiyi torpaqlarımızı əlində saxlamağa, "status-kvo"nu qorumağa çalışmışdır. 

Ermənistanın riyakar davranışlarını müşahidə edən vətəndaşlarımızda belə bir yəqinlik vardı ki, torpaqlarımızın sülh yolu ilə düşməndən təmizlənməsi mümkün olmayacaq, Azərbaycan gec-tez məsələnin hərbi yolla həllinə qərar verəcəkdir. Prezident İlham Əliyev də çıxışlarında xalqımızın məsələnin sülh yolu ilə həlli arzusunu bildirməklə yanaşı, səbrimizin sonsuz olmadığını da bəyan etmiş, əgər danışıqlar səmərə verməzsə, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edəcəyini qətiyyətlə vurğulamışdır.

Bu kontekstdə Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin ictimai təfəkkürə mənəvi təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə xalqın milli qürurunu, özünə güvənini, inamını qaytarmışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsılmaz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəltmişdir. İndiki və gələcək nəsillər bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdığını daim xüsusi qürur və fəxarətlə anacaqlar. 

Barəsində hələ çox əsrlər danışılacaq şanlı Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil isə xalqımızın vahid amal uğrunda "dəmir yumruq" kimi birləşməsi, Liderinə sonsuz güvənməsi, onun qərarlarını tərəddüdsüz dəstəkləməsidir. Xalqımız ötən əsrin 90-cı illərində dövlətçiliyə qarşı yönəlmiş xəyanətkar qəsdlər, çevriliş cəhdləri zamanı, eləcə də Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu zamanı göstərdiyi birlik və həmrəyliyi Vətən müharibəsi günlərində daha böyük mütəşəkkilliklə nümayiş etdirmişdir. 

Vətən müharibəsi düşmənə qarşı əks-həmlə əməliyyatlarının başlandığı ilk saatlardan xalq-dövlət birliyi, milli vəhdətimizin təntənəsinə çevrilmiş, cəmiyyəti "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" ovqatında kökləmişdir. 44 günlük müharibənin nəticəsi olaraq ölkəmiz nəinki ərazi bütövlüyünü bərpa etmiş, eyni zamanda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı bir mirasın gələcək nəsillərə ötürülməsinin qarşısını almışdır. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən itirdiyi əraziləri geri alan ölkəyə çevrilmiş, buna həm də son dərəcə mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çoxluğu şəraitində nail olmuşdur. Bütün bunlar beşinci ildönümünü qeyd etdiyimiz Zəfərin dərin fəlsəfi-mənəvi, psixoloji mahiyyətini göz önündə canlandırır, eyni zamanda soydaşlarımıza "Mən azərbaycanlıyam!" sözlərini daha böyük qürurla səsləndirmələrinə, başlarını dik tutmalarına imkan verir. 

Onu da xüsusi vurğulamaq lazımdır ki, məhz dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu illərdə yetişən vətənpərvər ruhlu gənc nəsil Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir olaraq, Vətən torpaqlarını düşmən tapdağından azad etmişdir. Prezident İlham Əliyev Azərbaycan gənclərinin bu əzmkarlığını yüksək dəyərləndirərək demişdir: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi". 

Dövlət başçısı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd olmamışdır. Güc tətbiq edərək Ermənistana öz ədalətli şərtlərini diktə etmək istəyən Azərbaycan buna nail olmuş, 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud və Suqovuşan qəsəbəsi, eləcə də digər ərazilərimiz döyüş meydanında işğaldan azad edilmişdir. 

Böyük ingilis mütəfəkkiri və dövlət xadimi Uinston Çörçil deyirdi: "Qələbə qətiyyət tələb edir, qətiyyət isə qorxunun olmadığı yerdə yaranır". Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etmiş, həlledici qələbənin əldə olunmasınadək dayanmaq əmri verməmişdir. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən, geri çəkilməyə məhkum olan Ermənistan Azərbaycanın mülki əhalisini hədəf seçərək ağır cinayətlər törətsə də, bu yolla ordumuzu dayandırmaq məqsədinə nail ola bilməmişdir. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağdam, Mingəçevir, eləcə də digər şəhər və rayonlarının sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirmişlər. 

2020-ci il noyabrın 10-da imzalanmış məlum üçtərəfli Bəyanatla Ermənistanın qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından müqavimətsiz çıxarmağa məcbur olması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsi idi. Bu həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyev onların ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq amalını gerçəkləşdirmişdir. 

Azərbaycan İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi, eləcə də 2023-cü ilin sentyabr ayında keçirilən uğurlu lokal antiterror tədbirləri ilə təkcə ərazi bütövlüyünü və suverenliyini deyil, həm də 30 il əvvəl ümumxalq referendumu ilə qəbul olunmuş ilk milli Konstitusiyanın bütün inzibati-ərazi vahidləri üzrə hüquqi təsir gücünü, işləkliyini təmin etmişdir. Bu həm siyasi-hüquqi, həm də mənəvi baxımdan müasir Azərbaycan tarixində dönüş nöqtəsidir. Dövlətin bütün sərhədlərində qanunların qüvvədə olması, vahid hüquqi idarəetmə mexanizmlərinin bərpası milli dövlətçilik modelinin sabit və müstəqil təməllər üzərində qurulduğunu sübut edir.

Azərbaycanın tarixi zəfərlərinin parlaq nəticələrindən biri də ondan ibarətdir ki, işğal faktına son qoyan respublikamız regionda ikinci erməni dövlətinin yaradılması cəhdlərinin qarşısını birdəfəlik almışdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında" 28 dekabr 2024-cü il tarixli sərəncamı bu mənada dövlət müstəqilliyimizin hüquqi əsaslarının, suverenliyimizin möhkəmlənməsinin və milli dövlətçiliyin təməl prinsiplərinin təsdiqi baxımından xüsusi siyasi əhəmiyyətə malikdir. 

Zəfər Günü təkcə qələbə bayramı deyil, eyni zamanda Azərbaycan xalqının 30 ilə yaxın davam edən beynəlxalq ədalətsizliyə qarşı mübarizəsinin yekun mərhələsidir. Tarixi baxımdan bu hadisə Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü və dövlətçilik uğrunda apardığı mübarizənin qalibiyyətlə nəticələnməsini özündə simvolizə edir. Hüquqi baxımdan bu tarix Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət hakimiyyətinin tam həyata keçirilməsinin rəsmiləşdirildiyi gündür. Nəhayət, Zəfərimiz siyasi baxımdan regionda yeni reallıqların, güc balansının formalaşmasına, Azərbaycanın geosiyasi rolunun güclənməsinə ciddi zəmin yaratmışdır. 

Zəfərin beşinci ildönümü Azərbaycanın regional və qlobal mövqelərinin möhkəmlənməsi fonunda qeyd olunur. Beş il ərzində həyata keçirilən bərpa və reinteqrasiya siyasəti, azad edilmiş ərazilərdə quruculuq layihələrinin geniş miqyası Azərbaycanın dövlət idarəetməsində strateji planlaşdırma və milli həmrəyliyin sintezini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri yalnız infrastrukturun deyil, həm də hüquqi-inzibati sistemin bərpasına yönəlmiş tədbirlərdir. Dövlət orqanlarının fəaliyyətinin bərpa olunması, məhkəmə və hüquq-mühafizə institutlarının təşkili, seçki və özünüidarəetmə sistemlərinin formalaşması Konstitusiyanın 1-ci maddəsində təsbit olunmuş "Xalq hakimiyyətinin reallaşdırılması" prinsipinə xidmət edir.

Xalqımız Zəfərin beşinci ildönümünü regionda formalaşan yeni siyasi reallıqlar fonunda qeyd edir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması, dayanıqlı sülhün reallığa çevrilməsi istiqamətində atılmış qətiyyətli addımdır. Bu sənəd təkcə iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoyulması deyil, həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji qəliblərin, revanşist mövqelərin tam iflası deməkdir.

ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laueratı Henri Kissincer deyirdi ki, sülh diplomatiyanın ən ali nəticəsidir. Vaşinqtonda Birgə Bəyannamənin imzalanması, yekun sülh sazişi layihəsinin paraflanması, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu"nun (TRIPP) reallaşması istiqamətində iradə nümayişi erməni cəmiyyətinə konkret və real nəticələr vəd edir. Birgə Bəyannamə perspektivdə yalnız yekun sülh sazişinin imzalanmasına təminat yaratmır, eyni zamanda iki ölkə arasında siyasi, iqtisadi və diplomatik münasibətlərin bərpasına, regional inteqrasiyaya yol açır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin bir müddət əvvəl Ermənistana beynəlxalq yüklərin Azərbaycan ərazisi vasitəsilə daşınmasına razılıq verməsi də ölkəmizin sülhpərvər niyyətinin təcəssümüdür. 

Əldə olunan razılaşmalar sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiya xətlərinin açılması, humanitar məsələlərin həlli kimi konkret istiqamətlərdə əməkdaşlığa yol açır. Eyni zamanda, razılaşmalar yekun sülh sazişinə mane olan əsas məsələnin - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialara imkan verən müddəaların gələn il keçiriləcək referendum nəticəsində dəyişdiriləcəyinə siyasi zəmin yaradır.

Vaşinqton razılaşmaları Azərbaycanın sülh gündəliyinin beynəlxalq legitimliyə malik siyasi çərçivəyə çevrilməsi deməkdir. Bu sənəd regionda sabitliyin və etimad mühitinin yaradılmasına, sərhədlərin demarkasiyası və kommunikasiyaların açılmasına yönəlmiş hüquqi mexanizmləri müəyyən edir. Zəfər Gününün 5-ci ildönümü ərəfəsində bu razılaşmaların əldə edilməsi Azərbaycanın təkcə hərbi-siyasi deyil, diplomatik və hüquqi müstəvilərdə də qalib tərəf olduğunu təsdiq edir.

Bakıda bu gün keçiriləcək hərbi parad Zəfər Gününün dövlətçilik baxımından rəmzi və siyasi əhəmiyyətini tamamlayır. Bu tədbir Azərbaycanın hərbi qüdrətinin, müstəqil siyasətinin və beynəlxalq tərəfdaşlıq münasibətlərinin nümayişi kimi qəbul edilir. Bu hərbi paradda Türkiyə Prezidentinin və Pakistan Baş nazirinin iştirakı isə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu, yalnız dost və qardaş ölkələrin həmrəyliyinin simvolu deyil, eyni zamanda region və dünya üçün mühüm siyasi mesajlardır. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə iştirak edəcəyi Zəfər paradı Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yeni mərhələsini, islam dünyasında strateji həmrəyliyin möhkəmlənməsini, beynəlxalq münasibətlər sistemində ədalətli güc balansının formalaşmasını göstərir.

Ötən beş ildə qazanılmış təcrübə göstərir ki, güclü dövlət olmaq təkcə hərbi potensialla deyil, həm də hüquqi legitimlik, siyasi rasionalizm və beynəlxalq diplomatiya bacarığı ilə mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşan strateji xətt - "Ədalətli sülh və beynəlxalq hüquq əsasında inteqrasiya" siyasəti Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regionun təhlükəsizliyinə mühüm töhfələr verir.

Azərbaycan bu gün regionda müstəqil siyasət yürüdən, sülh təşəbbüsləri ilə çıxış edən, beynəlxalq hüququn bərpasına töhfə verən nüfuzlu dövlətə çevrilmişdir. 2020-ci ildə tarixi Zəfərlə başlayan, 2023-cü ildə suverenliyin bərpası, 2025-ci ildə Vaşinqton razılaşmaları ilə tamamlanan bu proses Azərbaycanın inkişafının yeni mərhələsini müəyyənləşdirmişdir. Bu mərhələ artıq qalib xalqın öz torpaqlarında sülh, ədalət və inkişaf prinsipləri üzərində qurduğu şanlı dövrün başlanğıcıdır.


İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!