28 Mart 2024 09:05
239
İQTİSADİYYAT
A- A+

Sahibkarlığa dövlət dəstəyi davam edir

 

Bu ilin iki ayında sahibkarlara 23,2 milyon manat güzəştli kreditlər ayrılıb

 

Dünya təcrübəsi göstərir ki, heç bir ölkə özəl sektoru inkişaf etdirmədən sosial-iqtisadi tərəqqiyə nail ola bilməyib. Ən azı o səbəbdən ki, sərbəst bazar iqtisadiyyatında aparıcı qüvvə özəl sektor hesab edilir. Bu sektorun yaranması üçün isə sahibkarlığın formalaşdırılması əsas şərtdir.
O üzdən müstəqilliyimizə yenidən qovuşduqdan sonra ölkəmizdə icra edilən iqtisadi islahatların hədəfi sahibkarlığın inkişafı və özəl sektorun formalaşması oldu. Bu məqsədlə sahibkarların hüquqlarının qorunması və özəl sektora dövlət qurumlarının yersiz müdaxilələrinin qarşısının alınması istiqamətində lazımi qərarlar qəbul edildi. Belə bir qanunvericilik bazası özəl sektorda sərbəstlik yaratmaqla yanaşı, ona kənar müdaxilələrin qarşısının alınmasında da önəmli rol oynadı.
Dövlət təkcə sahibkarların hüquqlarının qorunması ilə kifayətlənmədi, ümumən sahibkarlığın inkişaf edib təşəkkül tapmasını da təmin etdi. Bir neçə qısa fakt: ötən əsrin 90-cı illərinin sonlarından sahibkarların güzəştli kreditlərlə təmin edilməsinə başlanıldı. Bununla yanaşı, bir çox sahələrdə sahibkarların rahat fəaliyyət göstərməsi üçün lisenziyalar ləğv edildi, zəruri olan yerlərdə isə onun alınması proseduru sadələşdirildi.
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi 2023-cü ildə də davam edib. Keçən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan layihələr üzrə 3276 sahibkara 193,8 milyon, həmçinin 3261 kiçik və orta həcmli layihələrə 139,3 milyon manat güzəştli kreditlər verilib. Həmin kreditlər sahibkarlara bizneslərini inkişaf etdirməklə yanaşı, 3 mindən çox yeni iş yeri açmalarına imkan yaradıb.
Güzəştli  kreditlər ayrılan sahələr də  maraq doğurur. Bu, dövlətin hansı sahəyə daha çox əhəmiyyət verdiyini göstərir. Məsələn, götürək ötən ili. 2023-cü ildə ayrılan güzəştli kreditlərin 55,1 faizi aqrar sektorun, 44,9 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı, həmçinin digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 85,5 faizi regionların, 14,5 faizi paytaxtın ətraf qəsəbələrinin payına düşüb.
Göründüyü kimi, ölkəmizdə iki sahənin inkişafına xüsusi diqqət yetirilir. Birincisi, kənd təsərrüfatıdır. Məlumdur ki, dünyadakı mövcud geosiyasi gərginlik şəraitində dövlətlər bir-birinə qarşı siyasi təsir vasitəsi kimi ərzaq məhsullarına sanksiyalar qoymağa başlayıblar. Bu, hər bir ölkədən, o sıradan Azərbaycandan ərzaq təhlükəsizliyi  məsələsinə daha diqqətli olmağı tələb edir. Həmin səbəbdən ölkəmizdə aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi yanaşma təsadüfi deyil.
İkinci mühüm fakt isə ayrılan kreditlərin çoxunun regionların payına düşməsidir. Məlumdur ki, dövlətin iqtisadi-sosial strategiyasının əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bununla əlaqədar regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 proqram qəbul edilib. Digər tərəfdən, aqrar sektorda çalışan sahibkarlar təbii ki, regionlarda fəaliyyər göstərirlər. Yəni güzəştli kreditlərin daha çox regionlarda fəaliyyət göstərən sahibkarlara ayrılması həm bölgələrin inkişafına, həm də kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa hesablanıb.
Bütün bu və digər dəstək hesabına indi Azərbaycan sahibkarları özləri investisiya yatırmaq imkanına malikdirlər. Təkcə keçən il iqtisadi və sosial sahələrin inkişafına yatırılan ümumi sərmayənin 43,9 faizi qeyri-dövlət sektoruna məxsus olub. Sənayedə qeyri-dövlət sektorunun payı isə keçən il 84,5 faizə çatıb.
Cari il də Sahibkarlığın İnkişafı Fondu iş adamlarına dəstəyini davam etdirir. Fonddan verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında sahibkarlara 647 layihənin maliyyələşdirilməsinə 23,2 milyon manat güzəştli kredit ayrılıb. Həmin kreditlər hesabına 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video