Gənclik tükənməyən, daim çağlayan, güclü, cəmiyyəti inkişafa
doğru aparan yenilməz bir qüvvədir. Gənclər Vətənin uğurlu sabahı, işıqlı gələcəyi,
ümid və inam yeridir. Tarixən xalq həmişə özünün xoşbəxt gələcəyə olan ümidini,
inamını gənc nəslə bağlayıb. Sabahını ona tapşırıb, gələcəyini ona etibar edib.
Buna görə də gənc nəslin hərtərəfli inkişafı, gələcəyə hazırlanması hər bir
dövlət üçün önəmli və zəruri məsələdir. Çünki ölkənin, xalqın gələcəyi, xoşbəxtliyi,
ölkənin təhlükəsizliyi, etibarlı şəkildə qorunması daha çox gənclərdən
asılıdır.
Şanlı tariximizin inkişaf yollarını vərəqlədikcə görürük ki,
gənclərimiz dövlətimizin qurulmasında, müstəqilliyimizin möhkəmlənməsində, ərazi
bütövlüyümüzün qorunmasında əhəmiyyətli rol oynayıblar, həmişə mübarizələrin ön
sıralarında addımlayıblar. Tariximizin bütün mərhələlərində gənclərimiz çevik,
uğurlu fəaliyyətləri ilə dövlətimizin inkişafına böyük töhfələr veriblər.
Yorulmadan xalqımızın, ölkəmizin uğurlu sabahları üçün çalışıblar.
Müasir müstəqil dövlətimizin banisi Ümummilli Lider Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə böyük önəm
vermişdir. Onların yüksəkbilikli, savadlı, milli ruhda, ölkə üçün gərəkli vətəndaş
kimi yetişmələri üçün bütün zəruri tədbirlərin görülməsinə nail olmuşdur. Həmişə
gənclərə böyük sevgi ilə yanaşan, qayğı göstərən Ulu Öndər demişdir:
"Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir,
xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı
dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib
öz xalqına, dövlətinə xidmət etməlidir".
Böyük tarixi şəxsiyyət Heydər Əliyev ölkədə gedən demokratik islahatlarda,
ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində baş verən proseslərdə gənclərin
roluna həmişə xüsusi diqqət yetirmişdir. Ölkəmizə rəhbərliyə gəldiyi ilk dövrlərdən
gənclərin himayədarı kimi çıxış edən Ulu Öndər sağlam düşüncəli yeni nəslin
hazırlanması sahəsində misilsiz işlər görmüş, bununla yanaşı, gənclərin milli və
vətənpərvərlik ruhunda tərbiyə olunmasını həmişə diqqət mərkəzində saxlamışdır.
Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycan gəncliyinin inkişafına təkan
verir, onların həyatında, təhsilində mühüm rol oynayır. Gənclərə böyük rəğbət
göstərən, bütün işlərində onlara arxalanan Prezident İlham Əliyev demişdir:
"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün
işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Qoynunda dünyaya göz açdığı vətənlərinə sonsuz sevgi ilə
bağlı olan gənclər Ümummilli Lider Heydər
Əliyevin ideyalarını öz fəaliyyətlərində rəhbər tutaraq Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa, döyüşməyə
hər zaman hazır idilər. Elə buna görə də 2020-ci il sentyabrın 27-də erməni təxribatı
nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda vətənpərvər ruhda böyümüş,
yurdumuzun azadlığı uğrunda canlarından belə keçməyə hazır olan gənclərimiz
Prezident İlham Əliyevin çağırışına səs verərək silaha sarılıb döyüşlərə
yollandılar. Vətənin müdafiəsinə atılmış igid, cəsur gənclərimizin döyüş təcrübələri
var idi. Onlar 44 günlük Vətən müharibəsindən əvvəl 2016-cı il Aprel döyüşlərində,
həmçinin 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək böyük şücaət
göstərmişdilər. Kifayət qədər bacarıqlı, peşəkar olduqlarından düşmən üzərində
Zəfər çalmağa, torpaqlarımızı uzun illərin işğalından azad etməyə qadir idilər.
Vətənin müdafiəsi naminə silaha sarılmış gənclərimiz döyüşlərə
qələbə əzmi ilə atıldılar. Elə ilk həmlələrdən böyük qəhrəmanlıq göstərdilər.
Onların göstərdiyi şücaət nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribatının
qarşısı qısa müddət ərzində qətiyyətlə alındı. Şanlı Azərbaycan Ordusunun güclü
əks-hücumları qarşısında dayana bilməyən erməni işğalçılarının mövqelərini atıb qaçmaqdan başqa yolları
qalmadı. Bütün döyüşlərdə uğur qazanan hərbçilərimiz addım-addım düşməni geri
qovaraq 30 ilə yaxın erməni qəsbkarlarının işğalında qalmış torpaqlarımızı azad
etdilər. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi
altında rəşadətli Azərbaycan Ordusu möhtəşəm Zəfər yürüşü keçdi. Ön sıralarda
vuruşan gənclərimiz hər gün yeni-yeni yaşayış məntəqələrini erməni işğalından
azad edərək qəhrəmanlıqları və igidlikləri ilə Azərbaycan xalqına qələbə
sevincini yaşatdılar.
Ürəyi Vətən eşqi ilə döyünən gənclərimiz uzun illər erməni
işğalında qalmış ərazilərin kimə məxsus olduğunu qəhrəmanlıqları ilə bütün
dünyaya sübut etdilər. Hünərlə başlanan və uğurla sonlanan döyüşlər nəticəsində
300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər
işğalçılardan təmizləndi. Müharibənin davam etdiyi günlərdə qəsbkarların
texnikası, silah-sursat anbarları, canlı qüvvəsi dəqiq atəş zərbələri ilə məhv
edildi.
Gənclərimizin döyüşlər zamanı düşmən üzərində qələbənin
qazanılmasında göstərdikləri igidlik əbədi olaraq qəhrəmanlıq tariximizə
yazıldı. Onlar ön xətdə Vətən uğrunda gedən döyüşlərlə yanaşı, arxa cəbhədə də
qələbəmizə xidmət edən zəruri işlər görürdülər. Baş verən hadisələrlə bağlı həqiqətlərin,
işğalçı Ermənistanın əbədi-əzəli torpaqlarımızda törətdikləri vandallıq
aktlarının, qandonduran vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak etdilər. Düşmən üzərində qələbəmiz,
torpaqlarımızın azad olunması naminə bütün çətinliklərə sinə gərdilər. Sonda
müqəddəs amal və məqsədlərinə çatdılar.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində gənclərin
göstərdiyi igidlik və qəhrəmanlıqdan həmişə iftixarla danışır. Onların vətənpərvərliyini,
cəsarətini və qorxmazlığını yüksək dəyərləndirən dövlət başçısı çıxışlarının
birində demişdir: "...Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da,
sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də
uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü
göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə
çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan
vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər
bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq
tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik
ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən
bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim
Qələbəmizi şərtləndirdi".
Bu gün çox böyük iftixarla deyə bilərik ki, müasir Azərbaycan
gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan
miras qalmış gözəl adət-ənənələrimizi, torpaqlarımızı göz bəbəyi kimi qoruyur və
yaşadır. Daim bilik və bacarıqlarını artıran gənclərimiz ölkəmizin bu günü və gələcəyi
haqqında düşünür, fəaliyyətlərində, əməli işlərində yüksək vətəndaşlıq hisslərinə
malik olduqlarını qürurla nümayiş etdirirlər. Böyük əminliklə demək olar ki,
uğurla həyata keçirilən gənclər siyasətindən ruhlanan gənclərimiz dövlətimizin
və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə böyük əzmkarlıqla çalışırlar.
Azərbaycan gənclərinin ölkə həyatındakı yüksək fəallığı, vətənpərvərliyi, dövlətə
və Vətənə ürəkdən bağlılığı xalqımıza yeni-yeni qələbə sevincləri yaşadacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"