15 Aprel 2025 08:00
2176
SİYASƏT
A- A+
“RUHLAR ŞƏHƏRİ"NİN QİSASI

“RUHLAR ŞƏHƏRİ"NİN QİSASI


Dünya ədalətsizliklərlə doludur!

Hətta o qədər ədalətsizliklər baş verir ki, qoca dünya bütün bunlara dözməyərək od tutub yanır!

Son dövrlərdə artan meşə yanğınları, onların törətdiyi acı nəticələr dediklərimizi təsdiq edir...

Bu ədalətsizliklərdən yeni müstəqillik qazanmış bir dövlət olaraq yaxşı xəbərdarıq.

32 il bundan əvvəl bizdən əhali sayına görə az, ərazi cəhətdən xeyli geridə qalan, iqtisadi cəhətdən isə çox-çox aşağı olan Ermənistan torpaqlarımızı işğal edərək bir milyondan çox azərbaycanlını məcburi köçkünə çevirdi.

Hamı üzdə bizə haqlı tərəf, təcavüzə məruz qalan ölkə söyləsə də, əməldə beynəlxalq hüquq təmin olunmadı, işğalçı nəinki cəzalandırılmadı, hətta işğalla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə belə, yerinə yetirilmədi, Ermənistana qarşı təsir, təzyiq göstərilmədi, sanksiya tətbiq edilmədi.

Əksinə, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər işğalçının başını sığallayaraq ona siyasi, iqtisadi, hərbi, maliyyə və mənəvi dəstək verdilər, riyakar siyasət yeritdilər.

Nəticədə özgələrinə güvənən düşmən aldığı dəstəklər sayəsində şəhər və kəndlərimizi işğal etdi, ərazilərimizdə genosid, ekosid, urbisid, kulturosid törətdi.

Bir vaxtlar Ermənistanın qarşısında mərdliklə dayanaraq erməni yaraqlılarının, "saqqallıları"nın və "fədailəri"nin qəniminə çevrilən Ağdamı da işğal edərək "ruhlar şəhəri"nə çevirdilər!

I Qarabağ müharibəsi dövründə Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi statusunu daşıyırdı.

Münaqişənin ilk dövrlərində keçmiş DQMV-dəki azərbaycanlıların yaşadıqları kəndlərə, habelə ermənilərlə qonşu kəndlərdə yaşayan əhaliyə Ağdam vasitəsilə yardımlar çatdırılır, kritik məqamlarda kömək göstərilir, həmin kəndlərdən didərgin salınanlar ən əvvəl Ağdama pənah gətirirdilər.

Sonralar Ağdamda altı könüllü özünümüdafiə batalyonu təşkil olundu və münaqişənin hərbi mərhələsi başladı.

Təəssüf ki, Azərbaycana o dövrdə rəhbərlik edənlər maymaqlıq və qorxaqlıq göstərir, əhalinin müdafiəsinə lazımi diqqət yetirmirdilər.

Hətta ermənilərin silahlandığı bir dövrdə rəsmi qərarla insanlardakı ov tüfəngləri belə əllərindən alındı.

AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Ağdam daha ağır vəziyyətə salındı.

"Bəy"lər torpaqların müdafiəsindən çox ciblərinin hayına qalırdılar...

"Cəbhəçilər"in müdafiə naziri R.Qazıyev isə xəyanət yolu ilə Şuşanın düşmənlərə verilməsinə kömək göstərəndən sonra Ağdama gələrək burada iki özünümüdafiə batalyonunun başçıları arasında qan düşmənçiliyi saldı, torpaqların müdafiəsini zəiflətdi.

Beləliklə, Ağdamın düşmən tərəfindən işğalına şərait yaradıldı.

***

O dövrdə respublikanın hər bir guşəsindən igid oğullar Ağdama gələrək könüllü özünümüdafiə batalyonlarına üzv yazılır, torpaqların müdafiəsində qanlarını və canlarını əsirgəmirdilər.

Ağdamlılar bu gün də həmin döyüşlərdə şəhid olanları doğma övladları sayır, xatirələrini daim əziz tuturlar.

Lakin qüvvələr nisbəti bərabər deyildi!

Erməniləşdirilmiş sovet ordusunun nizami hissələri sovet silahları ilə bizə qarşı döyüşürdülər.

Silah-sursatın çatmadığı, nizami ordunun qurulmadığı, özünümüdafiə batalyonlarının vahid mərkəzə tabe olmadığı və vahid qaydada idarə edilmədiyi bir şəraitdə vəziyyət getdikcə pisləşirdi.

Həmin dövrdə düşmən ən ağır və ciddi zərbəni Ağdamdan alır, Ağdam batalyonları onlara daha çox itkilər yaşadırdılar.

Lakin rəhbərsizlik və başıpozuqluq, AXC-Müsavat cütlüyünün xəyanətləri və səriştəsizliyi Ağdamın da düşmən əlinə keçməsinə imkan yaratdı.

Düşmən isə ən çox zərbə aldığı və ziyan gördüyü Ağdamdan əvəzini çıxmağa başladı!

Ağdamlıların qabaq-qənşər döyüşlərdə onlara etdiklərinin qisasını boş qalmış şəhərin və digər yaşayış məntəqələrinin daşından, torpağından, bina və qurğularından, bağ və meşələrindən, məscid və mədəni abidələrindən, hətta qəbiristanlıqlarından aldı.

Fars qardaşları ilə birləşərək evləri yağmaladılar, su və kanalizasiya borularını, binaların daşını, taxtasını, dəmirini, qapı və pəncərələrini söküb daşıyaraq İrandakı tikinti materialları bazarında satdılar.

Beləliklə, bir vaxtlar Azərbaycanın ən zəngin, yaraşıqlı, gözəl yaşayış məntəqələrindən biri olan Ağdamı "ruhlar şəhəri"nə çevirdilər.

Dünyanın etiraf etdiyi "ruhlar şəhəri"nə!

***

Ağdamın ikinci qisası isə 44 günlük Zəfər müharibəsində alındı!

Bu "qisas" özünəməxsus formada baş verdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın işğaldan azad edilməsinə çox ciddi və hərtərəfli hazırlaşmışdı.

Hərbi əməliyyatlar başlayanda isə ən yeni taktika və strategiya tətbiq etdi.

Düşmən hücumu mərkəzdən, Ağdam istiqamətindən gözləyirdi.

Ordumuz elə bir görüntü də yaratdı və düşmənin əsas hərbi qüvvələrini və texnikasını sonadək bu istiqamətdə saxladı.

Hücumlar isə dayanmadan, sərhədboyu davam etdi, bir-birinin ardınca Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və ən nəhayət, Şuşa işğaldan azad edildi.

Ermənilər dostlarının köməyi ilə Ağdam, Laçın və Kəlbəcər istiqamətlərində altıqat müdafiə xətti yaratmışdılar.

İlham Əliyev tərəfindən Bakıda yaradılan Hərbi Qənimətlər Parkında bu müdafiə xəttinin bütün elementləri açıq şəkildə nümayiş olunur və buraya gələnlər tamaşa edə bilirlər.

Düşmənin və onun köməkçilərinin hesablamalarına görə, Azərbaycan Ordusu yerli relyefin yaratdığı imkanları hesabına daha da möhkəmlənən xəndəkləri, səngərləri, "ohanyan səddi"ni, mina sahəsini, tikanlı məftilləri, kameralarla təchiz edilmiş atəş nöqtələrini, beton bunkerləri heç vəchlə keçə bilməyəcək, böyük itkilər verərək geri çəkiləcəkdi.

LAKİN...

Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyindən və uzaqgörənliyindən, hərbi dühasından xəbərsiz idilər.

Onlar bizi yerdə gözləyirdilər, biz isə başlarına göydən od yağdırdıq!

Həm də Şuşanı azad etdikdən sonra Ermənistan ordusunun böyük bir hissəsi mühasirə vəziyyətinə salınmışdı və onların bir neçə saat ərzində məhvi çətin deyildi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirakı zamanı bu məqamı belə xatırlatdı:

"Biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər".

Ağdamın ikinci qisasının unikallığı onda oldu ki, ordumuz Ağdama şiddətli atəş açmadı, Ağdam tərəfdən də bizə tələfat yaşadılmadı.

Dağıdılmış Ağdam bizi sülhlə qarşıladı, yaralı bağrına basdı.

Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı.

***

Ağdamın üçüncü qisası isə bu gün alınır!

Yenə özünəməxsus şəkildə!

Düşmənin viran qoyduğu, xarabazara çevirdiyi Ağdam yenidən, sıfırdan başlayaraq təzədən tikilib qurulur! 

Düşməni hərb meydanında zəlil günə salan, ordusunu "dəmir yumruğ"u ilə məhv edən Müzəffər Ali Baş Komandan İlham Əliyev indi Azərbaycanın qüdrətini quruculuq işlərində nümayiş etdirir.

2021-ci ilin 28 mayında yeni Ağdamın təməlqoyma mərasimi keçirildi.

Ağdamın baş planını təqdim edən cənab İlham Əliyev açıq şəkildə bəyan etdi:

- Tapşırmışam ki, şəhərsalma və memarlıq sahəsində dünyada yaxşı nə varsa, onun hamısından Ağdamda da olmalıdır!

Prezidentimizin bu göstərişinə quruculuq prosesində diqqətlə əməl edilir.

"Böyük qayıdış" Dövlət Proqramına uyğun olaraq Ağdamda aparılan quruculuq işləri bir an belə ara vermir.

Dövlət başçısı ağdamlılarla görüşdə bu məsələyə də diqqət çəkdi:

"Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda xalqımızın milli ləyaqəti bərpa edildi. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və ordumuzun qəhrəmanlığıdır".

***

Bəli, Ermənistan bir dəfə ciddi səhv etdi.

Sülh yolu ilə Azərbaycan torpaqlarını işğaldan azad etmədi!

Ermənistanın faşist xislətli prezidentləri L.Ter-Petrosyan, R.Koçaryan və S.Sərkisyan açıq şəkildə öz məqsədlərinə çatdıqlarını bəyan edərək Qarabağı özlərinə birləşdirdiklərini bildirdilər.

Hətta Ermənistanın sonuncu başçısı N.Paşinyan eyforiyaya qapılaraq həddini aşdı: "Qarabağ Ermənistandır və nöqtə" söylədi.

Münaqişənin sülh yolu ilə nizama salınmasından ötrü yaradılan ATƏT-in Minsk qrupu isə ermənidən betər ermənilik edirdi.

"Sülh danışıqları" imitasiyası yaradan üç həmsədr dövlət, əslində, ermənilərin əlinə oynayır, danışıqları sonsuzadək uzatmaqla işğalı əbədiliyə çevirmək niyyəti güdürdü.

Odur ki, Ermənistan bir dəfə ciddi səhv etdi: xoşluqla, sülh yolu ilə Azərbaycan torpaqlarından işğalçı qoşunlarını çıxarmadı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə 44 günlük Zəfər müharibəsində Ermənistana və qudurmuş başçılarına elə bir qulaqburması verdi ki, ömürləri boyu unutmayacaqlar!

"Dəmir yumruğ"un zərbəsindən darmadağın olan Ermənistan yalvar-yaxara başladı, Azərbaycan Prezidentinə çoxsaylı minnətçilər saldı.

Lakin cənab İlham Əliyev qoyduğu şərtlər qəbul edilməyənədək hərbi əməliyyatları dayandırmadı.

Quyruğu qapı arasından çıxan Paşinyan, deyəsən, yenidən xam xəyallara, revanş niyyətinə düşüb:

* Üçtərəfli Bəyanatın qalan şərtlərinə əməl etmir;

* Azərbaycanın digər şərtlərini - Ermənistan Konstitusiyasındakı ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını, Azərbaycandan-Azərbaycana sərbəst keçidi, Minsk qrupunun buraxılması üçün birlikdə müraciəti müxtəlif bəhanələrlə uzadır;

* Fransa, Hindistan və Yunanıstandan hücum silahları almaqla sürətlə silahlanır;

* Azərbaycanla sərhəddə yerləşdirdiyi "avrocasuslar"ın "missiya"sını birtərəfli qaydada uzadır;

* Dünyada özünü "sülh müqaviləsini imzalamağa hazır ölkə", Azərbaycanı isə bundan "imtina edən" kimi təqdim etmək üçün məkrli təbliğat aparır;

* Tez-tez ölkəmizlə şərti sərhəddə atəşkəsi pozur, pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat uçuşları keçirir;

* Ermənistanın baş naziri və xarici işlər naziri isə Azərbaycan əleyhinə yalan, qərəzli, məkrli açıqlamalar verməklə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.

Bütün bunlardan göründüyü kimi, Ermənistan ikinci dəfə fəlakətli səhvə yol verməyə köklənir.

"Xəyali Ermənistan"ın puçluğunu dərk edənlər "real Ermənistan"ın mövcudluğunu, Ermənistan dövlətçiliyini də təhlükəyə saldıqlarını düşünmürlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə dəfələrlə xəbərdarlığını edib!

"Dəmir yumruq" da hazır vəziyyətdədir!

Səbrimiz də sonsuz deyil!

Gücümüz və imkanlarımız isə təkcə Ermənistan rəhbərliyinə deyil, onların müdafiəçilərinə və dəstəkçilərinə də bəllidir!

İki seçimləri var: yeni müharibə və ya Azərbaycanın şərtlərinə, habelə imzaladıqları sənədlərə əməl etmək!

Vaxt isə o qədər də çox deyil!

Onsuz da Azərbaycan gec-tez öz istəklərinə çatır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!