Azərbaycanın maliyyə imkanları ordumuzun döyüş qabiliyyətini ən müasir standartlara uyğunlaşdırmağa tam imkan verir
Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunun ən şərəfli səhifələrindən biri ordumuzun yaradılmasıdır. Bünövrəsi düzgün qoyulan bu ordu Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi, Silahlı Qüvvələrin hər bir seqmentinin, bütün qoşun növlərinin döyüş imkanları daha da artırıldı. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanda ordu quruculuğunun peşəkar, müdrik və uzaqgörən yanaşma əsasında həyata keçirilməsinin praktik şəkildə təsdiqi oldu.
Tarixi sınaqdan qələbə ilə çıxan ordu
Təbii ki, Vətən müharibəsi Silahlı Qüvvələrimiz üçün bir sınaq, imtahan oldu. Bu sınaq qarşısında dayanan ordumuz tarixi missiyasını layiqincə yerinə yetirdi. Eyni zamanda Vətən müharibəsi, hər bir əməliyyat ordumuzun döyüş qabiliyyətinin artırılması ilə bağlı vəziyyəti yenidən nəzərdən keçirmək, gələcək perspektivləri düzgün dəyərləndirmək imkanı yaratdı. Bu baxımdan təbii ki, Vətən müharibəsinin təhlili ordu quruculuğu istiqamətində yeni çağırışları da meydana çıxardı. Və bu gün Azərbaycanda ordumuzun döyüş imkanlarının artırılması istiqamətində bütün tədbirlər qeyd olunan məsələlər nəzərə alınmaqla həyata keçirilir.
Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib. Komando hərbi hissələrinin yaradılması isə göstərdi ki, Vətən müharibəsindən sonra ordu quruculuğu prosesi yeni çağırışlar əsasında sürətlə davam edir. Yüksək döyüş hazırlığına malik bu hərbi hissələrin şəxsi heyəti istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Yeni komando birliklərinin yaradılması ordumuzun gücünü böyük dərəcədə artırdı. O cümlədən işğaldan azad edilmiş ərazilərdə digər yeni hərbi hissələr yaradıldı.
Prezident İlham Əliyevin ötən il Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə qeyd etdiyi kimi, indiki Azərbaycan Ordusu iki il əvvəlki Azərbaycan Ordusundan daha güclüdür: "Son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda mövcud olan birləşmələrin sayının artırılması, silah-sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!"
İlham ƏLİYEV: "Nə qədər lazımdırsa, o qədər də artıracağıq"
2022-ci ildə də ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. İki gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bu məsələyə də toxunuldu. İclasda qeyd olunduğu kimi, ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5 milyard 622,5 milyon manat məbləğində vəsait yönəldilib. Bu, 2021-ci illə müqayisədə 15,1 faiz çoxdur.
Bu rəqəmlər göstərir ki, Azərbaycanda ordu quruculuğu ilə bağlı nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır. Onu da qeyd edək ki, dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra hərbi xərclər bir qədər də artırılmışdır. Bu barədə ötən ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirmişdi ki, bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. "Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir, yaxşı bilirik və təhlükə nədir, onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək", - deyə Müzəffər Ali Baş Komandan bildirmişdi.
Kifayət qədər maliyyə imkanlarımız var
Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətinə görə regionda lider olan hərbi gücdür. Qlobal səviyyədə də ordumuz öz gücünə görə qabaqcıllar sırasındadır. Beynəlxalq reytinq təşkilatlarının hesabatları da göstərir ki, Azərbaycan öz hərbi gücünə görə dünyanın bir çox dövlətini qabaqlayır. Təbii ki, bütün bunların səbəbi ordumuzun döyüş qabiliyyətinin artırılması üçün dövrün nəbzini tutmaqla həyata keçirilən tədbirlərdir. Lakin dünya inkişafdadır. Texnoloji inkişafa mütənasib olaraq hərb sənayesi də sürətlə inkişaf edir, müasir döyüşlərin aparılmasına təsir edən yeni hərbi-texniki yeniliklər meydana çıxır. Təbii ki, bütün bunlar Azərbaycan rəhbərliyi tərəfindən diqqətlə izlənilir, ordumuzun döyüş imkanlarının artırılması istiqamətində bütün texnoloji vasitələr nəzərə alınır. Dövlət büdcəsindən ayrılan xərclər isə göstərir ki, Azərbaycan dövlətinin ordunun döyüş qüdrətini ən müasir səviyyəyə uyğunlaşdırmaq üçün kifayət qədər maliyyə imkanları var.
2023-cü ilin dövlət büdcəsində də respublikamızın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb. Rəqəmlər təsdiq edir ki, bu il ərzində Silahlı Qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası sürətlə davam etdiriləcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"