07 Avqust 2022 00:34
806
İQTİSADİYYAT
A- A+

Regionların inkişafına hesablanmış yeni turizm marşrutları

 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə demişdir: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir". Odur ki, ölkənin iqtisadi qüdrətinin daha da artması və Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün bu sahəyə xüsusi diqqət yetirilir.

Turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğının uğurlu nəticəsidir ki, yay mövsümü başlayanda  ölkəmizin cənub bölgəsi Lerikdən, Astaradan, Lənkərandan tutmuş Bakıya, Xəzərətrafı çimərliklərə, sanatoriya və istirahət yerlərinə gələnlərin sayı artır. Bu artımın bir səbəbi də odur ki, ölkəmizdə səyahətçilər üçün dünya standartları səviyyəsində şərait yaradılıb, müasir nəqliyyat strukturu - Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də turistlərin daha çox üz tutduqları bölgələrdəki beynəlxalq hava limanları qonaqların xidmətindədir. Buna Bakıdan bölgələrədək bir-birindən rahat yolları, gözəl hotelləri də əlavə edə bilərik. Qürur doğuran odur ki, bunu mətbuata açıqlamalarında xarici ölkələrdən gəlmiş əcnəbilər də etiraf edirlər ki, Azərbaycanda turizm inkişaf edir, dünyanın aparıcı hotellərinin brendləri fəaliyyət göstərir. Başlıca  amil odur ki,  Azərbaycanda sabitlik hökm sürür və gələn turistlərin təhlükəsizliyinə, səmərəli istirahətinə və gəzintisinə ciddi təminat var. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Çünki işğaldan azad edilən ərazilərdə bunun üçün böyük potensial var.

Respublikamızda turizm xidmətlərinin il boyu təqdim olunması səyahətçilərin təkrar bu yerlərə dönməsinə təsir göstərir. Dünyada olan 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Bu, istər səyahətçilər, istərsə də  müalicə məqsədilə ölkəmizə gələn əcnəbilər üçün vacib amillərdən hesab edilir. Bundan başqa, Azərbaycanın tarixi mədəniyyət abidələri  səyahətçilərin hər zaman maraq göstərdiyi ünvanlardandır. Bunların sırasında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mərkəz, sahil bağındakı Hərbi Qənimətlər  Parkı, Bayraq Meydanı, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, qəhrəman şəhidlərin uyuduğu Dağüstü park, tarixin minilliklərindən söhbət açan yerli memarlıq abidəsi hesab edilən mülklər, Qobustan qayaları, Beşbarmaq dağı, Şəki xan sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Talış dağları, Göygöl və digər bu kimi ünvanlar turistlər üçün maraqlı olan məkanlardır.

Yay mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə "Nuh diyarı - Naxçıvan: 2020-2023-cü illər üçün Birgə Fəaliyyət Planı" mövzusunda keçirilən tədbir zamanı Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətlərinin əməkdaşları və media nümayəndələri Naxçıvanda olublar. Onlar Naxçıvan Biznes Mərkəzində keçirilən mərasimdə B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Daha sonra hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər olub.

Qonaqlar Ordubad rayonuna səfər edərək qədim diyarın turizm imkanları ilə yaxından tanış olublar. Turizm şirkətləri və media nümayəndələri "Xan sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun türbəsi və Açıq Səma Altında Muzey Kompleksi, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, "Nuh Peyğəmbərin məzarüstü türbəsi" və "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksini ziyarət edərkən bu məkanlar barədə  onlara ətraflı məlumatlar verilibdir. İştirakçılar Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət bölgəsi, "Duzdağ" Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə də tanış olublar. Bütün bunlar növbəti aylarda, fəsillərdə Azərbaycana gələcək səyahətçilərin sayında artımın olacağına zəmin yaradır. Azərbaycan Prezidentinin, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən, dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, diaspor nümayəndələri tərəfindən  dünyanın müxtəlif ölkələrində aparılan təbliğat-təşviqat işlərinin nəticəsidir ki, cari ilin yanvar ayından bəri  Azərbaycana səfər edən əcnəbilərin sayı 2,3 dəfə artıb.

Dövlət Statistika Komitəsinin mətbuata açıqlamasında bildirilir ki, gələnlərin 25 faizi Rusiya Federasiyası, 23,8 faizi Türkiyə, 13 faizi İran, 5,2 faizi Gürcüstan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 2,3 faizi Ukrayna, 1,8 faizi Qazaxıstan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Böyük Britaniya, 14,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 78,3 faizini kişilər, 21,7 faizini qadınlar təşkil edib. 

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olub.

Ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi hava, 41,7 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.  

İşğaldan azad edilmiş bölgələrdə də turizmin inkişafı üçün böyük layihələr həyata keçirilir. Qarabağın təkrarolunmaz təbiət mənzərələri gözəllik simvolu, sağlamlıq və əsl istirahət mənbəyidir. Otuz ildən sonra bu cənnətməkan yerlərdə həyat yenidən canlanmağa başlayıb. Dövlət başçısının sərəncamı ilə respublikamızın mədəniyyət paytaxtı adlandırılan Şuşada, turizm, mədəni-kütləvi tədbirlər gündən-günə sürətlənir. Bu ilin birinci yarısında Şuşadakı mehmanxana tipli obyektlərdə 9,2 min gecələmə qeydə alınıb. Bundan başqa, 6 ayda Şuşadakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 17,1 faiz təşkil edib. Bu isə ölkə üzrə orta göstəricidən 4,7 faiz çoxdur. Füzulidə dünya standartlarına uyğun Beynəlxalq Hava Limanı istifadəyə verilib.  Artıq Zəngilanın Ağalı kəndinin ilk sakinləri doğma yurdlarına əbədilik dönüş etmişlər. Ötən ilin yazında Zəngilanda buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulan beynəlxalq hava limanının əsası qoyulub. Tikinti işlərinin cari ilin sentyabr ayında başa çatdırılacağı nəzərdə tutulub. Yeni aeroportların inşası bölgənin inkişafında mühüm rol oynayacaq. Yaxın gələcəkdə Laçında beynəlxalq hava limanının inşasına başlanılacaq. Prezident İlham  Əliyev çıxışında bildirmişdir ki, Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Kəlbəcər tarixən faydalı qazıntı yataqları, səfalı təbiəti ilə yanaşı, İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə də məşhur olub. Ermənistanın işğalından sonra bölgənin təbii ehtiyatları qanunsuz istismar edilib.

Sovet dönəmində Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə istisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir. İstisu mineral bulaqları 12 bulaqdan ibarətdir. Sanatoriya hələ sovet illərində turistlərin ən çox üz tutduğu məkanlardan biri olub.

İyunun 26-da Prezident İlham Əliyev Göygöl, Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı bir sıra obyektlərin açılışı ilə yanaşı, Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində də iştirak etmişdir. Burada 34 hektar ərazidə salınacaq "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, dünya standartlarına uyğun 10 kottec tikiləcək. Ekspertlər burada yay turizmi ilə yanaşı, qış turizminin də inkişaf etdirilməsi potensialının böyük olduğunu bildirirlər.

Regionlarda təbiətin zənginliyi və rəngarəngliyi turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Odur ki, regional inkişafa dair dövlət proqramında nəzərdə tutulan tədbirlərdən 30-u turizmə həsr olunub. Dövlət başçısı bölgələrə səfərləri zamanı həmişə proqramın icrası ilə maraqlanır. Bu sahə ilə məşğul olan sahibkarlara tövsiyə və tapşırıqlarını verir. Artıq bir sıra rayonlarda diqqətçəkən infrastrukturlar yaradılıb. Bu sahədə Quba, Xaçmaz, Qusar, Lənkəran, Qax, Gədəbəy rayonlarında həyata keçirilən tədbirlər də təqdirəlayiqdir.

Bölgələrdə yerli əhali kənd turizmi ilə məşğul olaraq ilin bütün mövsümlərində yerli və xarici turistlərə yaşayış, yemək, hətta ekskursiya xidmətləri göstərirlər. Onu da diqqətə çatdıraq ki,  Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün ölkə rəhbəri tərəfindən müvafiq qurumların və icra strukturlarının rəhbərlərinə lazımi göstərişlər verilmişdir.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video