29 Iyun 2022 02:14
255
İQTİSADİYYAT

Quba-Qusar bölgəsinin bir günü də qonaq-qarasız olmur

 

Hətta təmir üzündən yolda yaranan sıxlıq da turistləri bu bölgəyə səfər etməkdən çəkindirmir

 

Bu gün Azərbaycana gələn turistlər böyük həvəslə Qubanı görməyə can atırlar və bu, səbəbsiz deyil. Quba hazırda Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən sayılır. Burada turizm infrastrukturu sarıdan əhəmiyyətli işlər görülmüş, o cümlədən müasir istirahət mərkəzləri, yeni hotellər tikilib istifadəyə verilmişdir.

Rayonda həyata keçirilən abadlıq, tikinti-quruculuq və yenidənqurma işləri də turist axınına təkan verən amillərdəndir. Amma Quba təkcə abadlığı və təbii gözəllikləri ilə deyil, həm də qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə məşhurdur.

İnsanı valeh edən meşələrlə örtülü dağların qoynunda yerləşən, şəlaləli çayları, soyuq bulaqları olan rayon səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkanlardandır.

Şahdağın və Qudyalçayın ətəklərində qərar tutan, paytaxtdan saatyarımlıq məsafədə yerləşən Quba nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın gözəl guşələrindən biridir. İsti aylarda sərinliyi ilə cana rahatlıq gətirən meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar həmin füsunkar diyara qayıtmağa məcbur edir.

Turizmin potensial brendi olan Qubaya dövlət tərəfindən böyük diqqət göstərilir. Olimpiya idman kompleksi, SPA mərkəzləri, Xınalıq kəndi, qədim xalçaçılıq sənətinin inciləri rayonun turizm simasıdır. Burada 140-dan çox tarix-memarlıq, o cümlədən 70 təbiət abidəsi var. Təbii fəlakətlər zamanı yaranmış bu abidələrə yerlilər təbiət möcüzəsi deyirlər. Bu sırada "Gəlin qayası", "Qızıl qaya", "Gülcahan daşı", "Xan bulağı", "Daş gəlinlər", "Ağacda ev", "Xaltan suyu" və s. təbiət abidələrini göstərmək olar. Rayon ərazisindəki 60-dan artıq arxeoloji abidənin böyük hissəsi IV-XVII əsrlərə aiddir.

Əvvəlki illərdə onların bir çoxunun yolu ürəkaçan deyildir. Ötən mövsümdən bəri yollar təmir edilmiş, bəzi yeni turist infrastruktur sahələri yaradılmışdır. Eyni zamanda Qubanın yaxınlığında yerləşən Qusarı da unutmaq olmaz. Turistlərin ən çox üz tutduqları iki rayonun yanaşı olması bölgəyə marağı təkcə artırmır, həm də qonağın ölkəmiz haqqında təəssüratlarının genişliyini təmin edir. Çünki turist həm də informasiya daşıyıcısıdır. İstirahət zamanı qarşılaşdığı, yaxud heç yerdə görmədiyi nə varsa, yaddaşında saxlayan turist digərlərinin də həmin yerlərə səfərinin təşkilatçısına çevrilir.

Qubadakı istirahət mərkəzləri ilin bütün fəsillərində fəaliyyət göstərir. Buna görə də rayonda turistlərlə bağlı işlər ilboyu aparılır. Məsələn, turizm sahəsinin reklamı ilə bir neçə təşkilat və sayt məşğuldur. Onların hazırladıqları bukletlər, kitabçalar və tur proqramlarından məlum olur ki, 6 ekskursiya turu indi turistlərin ən çox seçdikləri hərəkət xəritəsidir. Bunlar Xınalıq, Afurca, Ləzə, Xanəgah, Alıc Tüləkəran ekskursiya turlarıdır.

Qubanın bir çox istirahət mərkəzi bu il turistlərə sürprizlər hazırlayıb. Birincisi, xidmət personalı milli libaslar geyinir. İkincisi, süfrə mədəniyyətinə diqqət artırılıb. Milli adət-ənənəmizə, mətbəxdə, süfrədə səliqə-sahmana, nəzakətli davranışa da xüsusi fikir verilir. Bundan əlavə, istirahət mərkəzlərinin xarici turistlərə öz ölkəsinin milli xörəklərindən birini hədiyyə edirlər.

Bu gün Qubanın elə bir kəndini, elə bir yaşayış ərazisini tapmazsan ki, orada turistlərlə rastlaşmayasan. I Nügədi, II Nügədi, Pirvahid və digər kəndlərdə hər gün yüzlərlə turist gecələyir. Dəstə-dəstə, kürəklərində səfər çantaları olan bu adamlar kəndlərdə istirahət etməkdən zövq alırlar. Bir çox turist isə Xınalığa yol alır və kəndin mədəniyyəti ilə tanış olur.  Həmin istiqamətdəki Qrız kəndinə də üz tutanların sayı çoxdur. Turistlərin bir çoxu özləri ilə gətirdikləri çadırları kəndlərin ətrafında quraraq istirahətlərini təbiətin qoynunda keçirir. Məsələn, yayın əvvəlindən bəri Təngaltı, Xuçbala, Qrız, Gültəpə istiqamətində bir neçə təbii turist düşərgəsi salınıb.

Dünyaya səs salan Quba xalçaları da turistləri maraqlandırır. Burada toxunan "Çiçi", "Ağgül" və "Pirəbədil" xalçalarına maraq daha çoxdur. Yeri gəlmişkən bildirək ki, 1712-ci ildə toxunmuş "Qollu Çiçi" xalçası hazırda Nyu Yorkdakı "Metropoliten" muzeyində saxlanılır. Yəqin elə həm də buna görədir ki, Quba xalçalarını turistlər həvəslə alırlar. Bəzi turistlər isə rayonda olduqları günlərdə xalça sexlərində çalışan qızlarla bir yerdə toxumanın sirlərini öyrənirlər.

Lakin Qubada bu işin təşkilində müəyyən çatışmazlıqlar da mövcuddur. İlk növbədə, Qubada yeni turist marşrutları yaradılmalıdır. Digər problem yollarla bağlıdır. Artıq neçə vaxt idi ki, xüsusən Qubadan paytaxta gələn yolun təxminən 60 kilometrlik hissəsi bərbad vəziyyətdə idi. Çox deyiləndən, yazılandan sonra həmin hissənin təmirinə başlanılıb. Amma çətin ki, təmir bu mövsüm yekunlaşsın. Ona görə də indi Qubaya gedib-gəlmək xeyli vaxt tələb edir. Buna baxmayaraq, Quba-Qusar bölgəsinin təkrarsız təbiəti, turizm infrastrukturu qonaqları bu yerlərə cəlb etməkdə davam edir. 

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video