Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə müqəddəs Ramazan bayramının bu il Azərbaycan xalqının çoxəsrlik tarixi və milli-mənəvi dəyərlərində mühüm yer tutan Novruz bayramı ilə eyni vaxta təsadüf etməsinin bu günlərin mənəvi dəyərini daha da artırdığı qeyd edilib.
Vurğulanıb ki, ölkədə əldə olunan uğurlar, dövlətin inkişafı və beynəlxalq arenada mövqelərin möhkəmlənməsi xalqın birliyinin və dövlət siyasətinin nəticəsidir. Azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi cəmiyyətdə böyük qürur hissi doğurur.
Qeyd olunub ki, azad Qarabağda dini-mədəni abidələrin bərpası, azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir.
Bildirilib ki, müvafiq fətvaya əsasən, bu il Şəvval ayının 1-i – Ramazan bayramı Miladi təqvimlə martın 20-nə təsadüf edir. Orucun mühüm əməllərindən olan fitrə zəkatının bayram axşamı verilməsi tövsiyə olunur. Qazılar Şurasının fətvasına əsasən, imkanı olan şəxslər tərəfindən adambaşına 10–15 manat məbləğində fitrə zəkatının ehtiyacı olanlara çatdırılması məsləhət görülür. Fitrə zəkatı cəmiyyət daxilində həmrəylik və sosial ədalətin təmin olunmasına xidmət edir və hər bir ailəyə bayram sevincinin çatdırılmasına töhfə verir.
Sonda QMİ sədri bir daha dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib, Uca Allahdan duaların qəbulunu, dünyada sülh və sabitliyin bərqərar olmasını diləyib, Azərbaycanın daim müstəqil, xalqının firavan olmasını arzulayıb.