Dünya sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər
rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün
proqramlar hazırlayaraq tətbiq edir, böyük korporasiyalar rəqabətdən geri qalmamaq
üçün yüksək texnologiyalar vasitəsilə irihəcmli məlumatları emal edir, vətəndaşlar
isə rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər.
Hazırda mobil cihazların sayında sürətli
artım, sosial medianın sərhədləri aşması və gündəlik həyatımızın bir hissəsinə çevrilməsi,
məlumatların artıq fiziki cihazlar deyil, bulud texnologiyalarında saxlanılması,
Data Mərkəzlərin sayının davamlı şəkildə artması rəqəmsallaşma proseslərinin sürətlə
həyata keçməsinin göstəricisidir.
Rəqəmsallaşama qlobal iqtisadiyyatın böyüməsi
ilə nəticələnir. Nüfuzlu konsaltinq şirkəti olan "McKinsey Qlobal İnstitutu”nun
hesablamalarına əsasən, dünya üzrə rəqəmsallaşma və ən son rəqəmsal texnologiyalardan
istifadə 2025-ci ilə qədər dünya üzrə ÜDM-də (ümumi daxili məhsul) 3-6 trilyon ABŞ
dolları səviyyəsində artıma səbəb olacaq. Təşkilat bu artımın əsasən 12 növ yüksək
texnologiyaların (mobil internet, qabaqcıl robotlaşma, bulud texnologiyaları, bərpaolunan
enerji, əşyaların interneti və s.) inkişafı sayəsində baş verəcəyini proqnozlaşdırır.
Hesablamalara əsasən, Avropa rəqəmsal transformasiya
bazarı 2018-ci ildə 256 milyard ABŞ dolları səviyyəsinə qədər artıb. Hazırda Avropa
regionu transformasiya texnologiyalarının alışı üzrə ABŞ və Çindən sonra üçüncü
yerdə qərarlaşıb. "IDC” (International Data Corporation) təşkilatı və "Citrix” şirkətinin
(kompüter şəbəkələrinin yaradılması, bulud hesablamaları və virtualizasiya üçün
proqram həlləri sahələrində ixtisaslaşmış şirkət) məlumatlarına əsasən, hazırda
dünya üzrə böyük şirkətlər rəqəmsallaşma üzrə reallıqları dərk edir, bulud texnologiyalara
istiqamətlənir, rəqəmsal transformasiyaya gedir və ya öz şəbəkə infrastrukturlarını
modernizasiya edirlər.
"IDC” və "Seagate” (ABŞ-ın texnologiya şirkəti)
təşkilatları qeyd edir ki, hazırda rəqəmsallaşma və rəqəmsal kontentin yaradılması
nəticəsində baza, periferik və son istifadəçi cihazlarında toplanılan məlumatların
(qlobal məlumat sferası) həcmi sürətlə artır və 2018-ci ildə qlobal məlumat sferasının
həcmi 33 zettabayt təşkil edib, 2025-ci ilə qədər isə bu rəqəmin 175 zettabayt olması,
yəni beşqat artımı gözlənilir. Hazırda qlobal məlumat sferasında illik olaraq ən
sürətli artım Çinin (Çin bulud həllərin tətbiqi üzrə də ən sürətlə inkişaf edən
ölkə hesab olunur), ikinci yerdə Asiya-Sakit okean regionunun (Çin daxil olmamaqla),
daha sonra isə Avropa, Yaxın Şərq və Afrika regionlarının payına düşür. ABŞ isə
bulud texnologiyalar sənayesinin liderlərinin mənzil qərargahının yerləşdiyi dövlətdir
və bu ölkə ənənəvi olaraq məlumatların bulud sistemlərində saxlanılması üzrə əsas
yeri tutub.
Müxtəlif
dövlətlər rəqəmsallaşma üzrə fərqli təşəbbüslər tətbiq edir
Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın yaradılması
istehlakçılar, dövlətlər və ümumilikdə cəmiyyətlər üçün mühüm imkanlar açır. Dünyada
rəqəmsal iqtisadiyyatın tətbiqi üzrə ən qabaqcıl dövlətlər sırasında Sinqapur, Çin,
Cənubi Koreya, Yeni Zelandiya və Danimarka qeyd edilə bilər. Bu dövlətlər rəqəmsallaşma,
yüksək texnologiyaların tətbiqi istiqamətlərində mühüm təşəbbüslər reallaşdırıblar.
Məsələn, Sinqapur 2014-cü ildə özünün "Smart Nation” konsepsiyasını irəli sürüb,
biznes və ekspert ictimaiyyətini bu konsepsiyanın reallaşmasına dəvət edib. "Smart
Nation” konsepsiyası vətəndaşların gündəlik həyatına rəqəmsallaşmanın tətbiqi ilə
həyatın keyfiyyətinin yüksəldilməsinə xidmət edən dövlətin təşəbbüsüdür. Bu konsepsiyanın
reallaşması üçün dövlət müxtəlif təşəbbüslər reallaşdırıb və konsepsiyanın reallaşmasında
təkcə iri şirkətlər deyil, həmçinin orta və kiçik biznes də iştirak edib.
Çin rəqəmsal iqtisadiyyat quruculuğu üzrə
özünün "İnternet Plyus” proqramında rəqəmsal sənaye ilə ənənəvi sənayeni inteqrasiya
edir, Kanada Torontoda İKT Hab yaradır, Sinqapur informasiya və kommunikasiya texnologiyalarının
(İKT) əsas təşkil etdiyi "Ağıllı iqtisadiyyat” qurur, Cənubi Koreya "Kreativ iqtisadiyyat”
proqramında insan kapitalının inkişafı, sahibkarlıq və İKT nailiyyətlərinin yayılmasına
istiqamətlənir, Danimarka isə dövlət sektorunun rəqəmsallaşmasına diqqəti cəmləşdirir.
Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyat quruculuğu
hazırda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər üçün əsas istiqamət
hesab olunur.
Qloballaşma şəraitində rəqəmsallaşma prosesləri
Azərbaycan üçün də geniş imkanlar açır. Sənaye 4.0 (Dördüncü Sənaye İnqilabı) şəraitində
Azərbaycan özünün yerləşdiyi əlverişli coğrafi mövqe (regionun enerji mərkəzi, Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzi), zəngin təbii sərvətləri və insan resurslarından
istifadə etməklə qısa zamanda yeni sıçrayışla inkişaf edə və dünya üzrə İKT sahəsində
yeni trendlərin ölkədə tətbiqinə nail ola bilər. Rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat
quruculuğu ölkənin dayanıqlı inkişafı üçün yeni pəncərə aça bilər.
Azərbaycanın
rəqəmsallaşması üçün mühüm imkanlar mövcuddur
"Sənaye 4.0” şəraitində Azərbaycanda rəqəmsallaşma
İKT sahəsində müvafiq yeni infrastruktur quruculuğunu, mövcud infrastrukturun modernizasıyasını,
yeni texnologiyaların tətbiqini özündə ehtiva edir.
Rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın
yaradılması üçün də əsas baza informasiya və kommunikasiya texnologiyalarının inkişafıdır.
İnkişaf edən İKT infrastrukturunun əsasını isə internetə genişzolaqlı çıxış təşkil
edir. Genişzolaqlı çıxış isə bir qayda olaraq FTTx (hər hansı nöqtəyə fiberoptik
kabelin çəkilişi), 4G (gələcəkdə 5G) və peyk rabitəsi vasitəsilə təmin edilir.
Azərbaycanda İKT sektorunun inkişaf etdirilməsi
üçün son illər həm dövlət, həm də özəl sektor tərəfindən mühüm addımlar atılıb.
Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu sektorun davamlı inkişafına istiqamətlənən
mühüm dövlət proqramları, sərəncamlar qəbul edilib.
Təqdirəlayiq haldır ki, hazırda ölkədə rəqəmsal
baza infrastrukturun qurulması, İKT sektorunun dayanıqlı inkişafı istiqamətində
özəl sektor da mühüm təşəbbüslər irəli sürür. Son olaraq bu təşəbbüslərdən biri
də Azərbaycanın hazırkı Enerji və Nəqliyyat Mərkəzi statusuna əlavə olaraq ölkənin
həm də regional rəqəmsal mərkəzə çevrilməsi üçün irəli sürülən və hazırda icrası
davam edən "Azerbaijan Digital Hub” proqramıdır. Ölkənin telekommunikasiya sektorunun
ən iri oyunçularından biri olan Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətinin
törəmə müəssisəsi olan magistral internet provayderi "AzerTelecom” şirkəti tərəfindən
Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən "Digital Hub”
proqramı ölkədə telekommunikasiya sahəsində təkcə yeni magistral infrastruktur quruculuğunu
deyil, həmçinin Azərbaycanın rəqəmsallaşmasına mühüm töhfə verilməsini özündə ifadə
edir.
"Digital Hub” proqramının icrası Azərbaycanın
Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal
Mərkəzə çevrilməsini, dünyanın internet xəritəsinə Frankfurt, London, Sofiya, Moskva,
İstanbul şəhərləri kimi, Bakının da yeni internet mübadilə mərkəzi olaraq əlavə
edilməsini, iri kontent istehsalçıları olan brendlərin (Amazon, Apple, Alibaba,
Facebook, Google, Netflix, Tencent və s.) Azərbaycanda öz nümayəndəliklərini açmasını,
burada müxtəlif rəqəmsal xidmətlərin və həllərin yaradılmasını və bu xidmətlərin
məhz "Made in Azerbaijan” brendi altında ətraf region dövlətlərinə ixracını özündə
ehtiva edir. Proqram ölkədə mərkəşləşdirilmiş blokçeyn texnologiyasının tətbiqini,
müxtəlif sahələrdə bu platformanın istifadəsini də mümkün edəcəkdir.
"AzerTelecom” şirkətinin icra etdiyi "Digital
Hub” proqramı həmçinin rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın qurulması ilə ölkə
ÜDM-nin artımına töhfənin verilməsini, Xəzər dənizinin dibi ilə magistral fiberoptik
kabel xəttinin çəkilişini (Transxəzər layihəsinin bir hissəsi olan Azərbaycan-Qazaxıstan
marşrutu üzrə Xəzərin dibi ilə ümumi uzunluğu 380-400 km olan magistral xəttin çəkilməsi
üçün Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası saziş imzalanıb), Avropa-Asiya
arasında "Rəqəmsal İpək yolu” dəhlizinin yaradılmasını, qonşu dövlətlərin magistral
infrastruktur şəbəkələrinin məhz Azərbaycanda birləşməsini, ümumilikdə isə yeni
bir telekommunikasiya, rəqəmsal arxitekturanın qurulmasını nəzərdə tutur.
Eyni zamanda "Digital Hub” proqramı ilə Azərbaycanın
rəqəmsallaşması onun Çinin qlobal proqramı olan "One Belt, One Road Initiative”
layihəsində iştirakına töhfə verəcək, Azərbaycanın bu layihənin Avropa-Asiya arasında
telekommunikasiya dəhlizinə (Rəqəmsal İpək yolu) çevrilməsini təmin edəcək.
Xüsusilə bildirmək lazımdır ki, "Digital
Hub” proqramının icrası dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının
inkişafı üçün yeni imkanların yaranmasına, qeyri-neft sektorunun inkişafına, yeni
iş yerlərinin açılmasına (rəqəmsal sahədə 1 yeni iş yeri iqtisadiyyatın digər əlaqəli
sektorlarında 3-4 yeni iş yerlərinin yaranmasına səbəb olur), İKT sahəsində xaricə
hər hansı "beyin axını”nın qarşısının alınmasına, müxtəlif elektron xidmətlərin
inkişafına və ölkənin kibertəhlükəsizliyinin təmin edilməsinə, rəqəmsal infrastruktur
quruculuğuna, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın daha öncül mövqelərə
çıxmasına imkan verəcəkdir.
Fuad ALLAHVERDİYEV,
"AzerTelecom”
MMC-nin Baş icraçı direktoru, "Azerbaijan Digital Hub” proqramının müəllifi və rəhbəri