14 Avqust 2022 01:06
312
DÜNYA

Qlobal istiləşmə Avropanı çökdürür

 

Hər bölgə misli görünməmiş quraqlıqdan özünəməxsus şəkildə əziyyət çəkir

 

Son illərdə dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas problemlərdən biri də qlobal istiləşmə və iqlim dəyişikliyidir. Mütəxəssislər bunun əsas səbəbini atmosferə atılan tullantıların və karbon qazlarının artması ilə əlaqələndirirlər. Belə bir şəraitdə iqlim dəyişikliyi tamamilə təbii bir prosesdir. Amma bu prosesin yaxın gələcəkdə necə davam edəcəyi dəqiq bəlli deyil. 
Hələlik istiləşmə meyilləri artmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə karbohidrogen ehtiyatlarının istehlakının azaldılması məqsədəuyğun hesab edilir.
Avropada rekord quraqlıq ciddi fəsadlar yaradır. Fransa vəziyyətə nəzarət etmək üçün böhran qərargahı çağırır, İspaniya artıq məhsul qıtlığına hazırlaşır, Hollandiyada bəndlər xilas edilir, Almaniyanın bəzi bölgələrində həddindən artıq quraqlıqla bağlı xəbərdarlıq edilir.    
Hər bölgə misli görünməmiş quraqlıqdan özünəməxsus şəkildə əziyyət çəkir. Hardasa meşələr yanır, başqa yerlərdə isə böyük ərazilər su basması təhlükəsi ilə üzləşir. 

 

Fransa: Atom elektrik stansiyalarını soyutmaq olmur

 

Fransanın cənub-qərbində yanğınlar minlərlə insanı evlərini tərk edərək isti və quraqlıqdan daha az ziyan çəkən bölgələrə köçməyə məcbur edib. İnformasiya agentlikləri xəbər verirlər ki, alovlar artıq 11 min futbol meydançası böyüklüyündəki ərazini bürüyüb. Fransada indiyə qədər yaşanan ən uzunmüddətli quraqlıq səbəbindən hökumət ölkədə içməli su ilə bağlı vəziyyətə nəzarət edəcək böhran qərargahı yaradıb.
Meşələr yanır, əkinlər quruyur, enerji təchizatında problemlər yaranır. Heyvanları və bitkiləri qorumaq üçün bəzi atom elektrik stansiyalarına reaktorları soyutmaq üçün əhəmiyyətli dərəcədə isinmiş çay suyundan istifadə etməyə icazə verilmir. Çünki istifadə edildikdən sonra su yenidən çaya axıdılır və atılan suyun temperaturu reaktorların soyudulması prosesindən əvvəlkindən daha yüksək olduğundan ətraf mühitə zərər verir.
Nəticədə elektrik stansiyaları nəzərdə tutulduğundan daha az elektrik enerjisi istehsal edir. Eyni zamanda nüvə enerjisinə nəzarət orqanları stansiyaların temperatur normalarının müəyyən dərəcədə aşmasına icazə veriblər. 

 

İspaniya: Fermerlər fəlakətli dərəcədə aşağı məhsuldarlığa hazırlaşırlar

 

Aylarla yağmayan və rekord qıran istilərdən sonra Malaqa əyalətindəki Vinyuela su anbarı indi cəmi 12 faiz dolub və faktiki olaraq böyük gölməçəyə çevrilib. Bir neçə həftə əvvəl əkin sahələrini suvarmaq üçün su anbarından gələn suyun miqdarını minimuma endirmək məcburiyyətində qalan fermerlər vəziyyətin dramatik olduğunu deyirlər. Fəsadlar isə fəlakətlidir: su anbarının yaxınlığında Avropanın ən böyük avokado bağı var və bu həmişəyaşıl meyvə bitkisi indi susuz qalaraq məhv olur.
Bu mövsüm İspaniyada fermerlər üçün perspektivlər çox qaranlıqdır - onlar mənəvi və maddi cəhətdən məhsul qıtlığına hazırlaşmalıdırlar. Məsələn, zeytun yağı istehsalçıları adi məhsulun yalnız yarısını yığmağı gözləyirlər və bu qıtlıq Avropada artıq kifayət qədər baha başa gələn zeytun yağının qiymətinin artmasına səbəb olacaq.

 

Niderland: Quraqlıq torpağı dənizdən qoruyan bəndlərə ziyan vurur

 

İstidən və quraqlıqdan yaranan problemlərdən danışanda çox vaxt cənub ölkələri yada düşür: İspaniya, Portuqaliya, Fransa, Yunanıstan, İtaliya. Bununla belə, Avropanın şimal bölgələri də rekord isti və quraq yaylardan əziyyət çəkirlər.
Niderland əhalisinin üçdəikisi dəniz səviyyəsindən aşağıda olan bölgələrdə yaşayır. Torpağı sudan qorumaq üçün bəndlər və drenaj sistemləri olmasaydı, Rotterdam və Amsterdam kimi şəhərlər su altında qalardı. 
Bu yay heç bir böyük bənd qırılmadı. Ölkə səlahiyyətliləri ekstremal quraqlıq planı hazırlayıb və bəndləri yaxından izləyir, su təsərrüfatı işçiləri və könüllülər çatlar axtarırlar. Hər bir zədə düzəldilir. Əgər payız yağışları "bütün yaraları sağaltmaq" üçün kifayət etməsə, bəndlərə əlavə olaraq su tökmək lazım olacaq.
Əsasən kanallar və çaylar boyunca daxili ərazilərdə tikilmiş kiçik bəndlər xüsusi qayıqlarla suvarılır. Ötən həftə Niderlandda yaşanan quraqlıqla əlaqədar fövqəladə vəziyyət elan edilib. İndi əsas vəzifə həyati əhəmiyyətli bəndlərin təhlükəsizliyini, ikinci yerdə əhalini kifayət qədər keyfiyyətli içməli su ilə təmin etməkdir.

 

Almaniya: Ağaclar quruyur, gəmiçilik əziyyət çəkir

 

"Helmqolts" adına Ətraf Mühitin Tədqiqatları Mərkəzinin məlumatına görə, Almaniyanın bəzi bölgələrində artıq ən yüksək quraqlıq hökm sürür. "Wetter.de" saytı xəbər verir ki, bu yay 1881-ci ildə ölkədə hava qeydləri başlayandan bəri ən quraq yaydır. Hətta çox quraq keçən 2018-ci ilin yayını da üstələyir. Bu səbəbdən ağaclar quruyur.
Reyn çayında və Boden gölündə suyun qurumasına görə gəmiçilik də əziyyət çəkir.
Almaniyada yaxın günlər üçün hava proqnozu məyusedicidir. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video