FİFA U-17 qadınlararası dünya çempionatı başlayır

Bu gün ölkəmizin ev sahibliyi etdiyi növbəti beynəlxalq turnir - FİFA U-17 qadınlararası dünya çempionatı start götürür. Gələn ayın 13-dək davam edəcək mundialda 16 ölkənin komandaları iştirak edəcəklər. Bunlar Azərbaycan, Braziliya, Kanada, Çin, Kolumbiya, Fransa, Qambiya, Almaniya, Qana, Yaponiya, KXDR, Meksika, Yeni Zelandiya, Nigeriya, Uruqvay və ABŞ yığmalarıdır. Yarışa bütövlükdə 304 futbolçu qatılacaq.
Bu, 17 yaşa çatmamış futbolçu qızların sayca üçüncü dünya çempionatıdır. Bundan əvvəlki turnirlər Yeni Zelandiyada (2008), Trinidad və Tobaqoda (2010) keçirilmişdir. Həmin çempionatlarda müvafiq olaraq Koreya Respublikası və KXDR futboçuları qalib gəlmişdilər.
Beləliklə, Azərbaycan iki ildən bir keçirilən mundialı qəbul edən üçüncü ölkə olacaq. Belə bir turniri təşkil etmək hüququnun ölkəmizə verilməsi heç də təsadüfi deyil. Son illər Azərbaycan dəfələrlə ayrı-ayrı idman növləri üzrə beynəlxalq turnirlərə ev sahibliyi etmişdir. Bu yarışların təşkili səviyyəsi beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilmiş və təqdir olunmuşdur. Odur ki, FİFA U-17 qadınlararası dünya çempionatını təşkil etmək üçün Azərbaycanın namizədliyi təbii qarşılanmış və turnir ölkəmizə etibar edilmişdir. FİFA-nın prezidenti Yozef Blatterin dediyi kimi, beynəlxalq futbol təşkilatı mundialın ev sahibliyi hüququnu Azərbaycana verməklə "asan qərar qəbul etmişdir".
Beynəlxalq turniri təşkil etmək üçün yerli təşkilat komitəsi ötən müddət ərzində nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra etmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Yeni stadionlar tikilmiş, köhnələri yenidən qurulmuş və tələb olunan səviyyəyə çatdırılmışdır. Turnirin matçları 6 stadionda keçiriləcək. Bunlardan 5-i Bakıda, biri isə Lənkərandadır.
Mundialın iştirakçılarına, onların turnirdə şanslarına gəlincə, mütəxəssislər indidən proqnoz verməyə çətinlik çəkirlər. Yəqin, hər şeydən əvvəl ona görə ki, 17 yaşlı qızların beynəlxalq yarışlarının tarixi o qədər də qədim deyil. İlk dünya çempionatı cəmi dörd il əvvəl keçirilmişdir. İlk dünya çempionu - Cənubi Koreya komandası budəfəki mundiala vəsiqə qazana bilməmişdir. Başqa sözlə, bu yaş kateqoriyasından olan futbol komandaları arasında aşkar favoritlər göstərmək hələlik çətindir.
Digər tərəfdən, ölkəmizdə keçirilən dünya çempionatının iştirakçıları arasında həm təcrübəli, həm də təcrübəsiz komandalar var. Bu komandalar arasında ən təcrübəlisi Nigeriyadır. Afrika komandasının 19 üzvündən 5-i iki il əvvəl Trinidad və Tobaqoda keçirilmiş dünya çempionatında iştirak etmişdir. O zaman nigeriyalı qızlar Cənubi Koreya yığması ilə dörddəbir finalda qarşılaşmışdılar. Matçın əsas vaxtında qalib müəyyənləşməmişdi. Nigeriya yığması oyundan sonrakı penaltilər seriyasında 5:6 hesabı ilə məğlub olsa da, nümayiş etdirdiyi oyunla hamının rəğbətini qazanmışdı.
Mundialda çempion adına iddialı komandalardan biri də ABŞ yığmasıdır. Bu ölkədə qadın futbolunun yüksək səviyyədə inkişaf etdiyi məlumdur. Amerikalı qadın futbolçuların indiyədək qazana bilmədikləri yeganə nailiyyət U-17 qadınlararası dünya çempionatının kubokudur. Ona görə də ABŞ komandasının bu arzuya Azərbaycanda çatmaq üçün var qüvvəsini sərf edəcəyi şübhə doğurmur. Yeri gəlmişkən, cari ilin əvvəllərində ABŞ yığması Qvatemalada keçirilən CONCACAF U-17 qadınlararası futbol çempionatında 5 oyunda bir top belə buraxmadan 26 qol vuraraq çempion olmuşdur. Bu da amerikalı qızlara dünya çempionu titulunu qazanmaq üçün əlavə stimul verir.
Digər iddiaçı komandalar arasında son dünya çempionu Şimali Koreya yığmasını da qeyd etmək olar. Eyni zamanda, turnirə ilk dəfə qatılan ölkələri də nəzərə almamaq olmaz. Ev sahibi Azərbaycanla yanaşı, Qambiya, Çin və Uruqvay komandaları dünya çempionatının debütantlarıdır. Bu komandaların özlərini necə göstərəcəkləri indidən maraq doğurur. Onlardan hər cür sürpriz gözləmək olar.
Milli komandamız FİFA U-17 qadınlararası dünya çempionatının təcrübəsiz iştirakçılarındandır. Yeniyetmə qızlardan ibarət klublarımızın yaşı heç üç il də deyil. Odur ki, hələ yüksək nəticə gözləmək tezdir. Bununla belə, ölkədə qadın futbolu inkişaf edir. Hazırda U-15 və U-17 milli çempionatları keçirilir. Futbolla məşğul olan qızlarımızın sayı 1700 nəfərə çatır. Şübhəsiz, hazırkı dünya çempionatı ölkədə qadın futbolunun inkişafına təkan verəcək.
Bütün bunlarla yanaşı, FİFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi Azərbaycanın idman imicinin yüksəlməsinə xidmət edir. Ölkəmiz Gürcüstanla birgə futbol üzrə 2020-ci il Avropa çempionatını təşkil etməyə namizəddir. Hazırkı mundial bu istəyi gerçəkləşdirmək üçün şansdır. Yəni, Azərbaycan bir daha sübut edəcək ki, mötəbər turnirləri, o cümlədən qitə çempionatını təşkil etmək qabiliyyətinə malikdir.
Allahverdi MEHDİYEV,
"Azərbaycan"