07 Yanvar 2024 10:48
2745
Səhiyyə
A- A+

Qışda immunitetimizi necə gücləndirək?

 

Həkim təyinatı olmadan istifadə edilən dərmanlar zərərlidir! Xüsusən qış fəslində havanın soyuq keçməsi immun sistemimizə də təsir göstərir. İmmunitetin zəifləməsi də bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır.

Bakı Baş Səhiyyə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzin strukturuna daxil olan 1 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti İradə Səbziyevanın sözlərinə görə, qeyri-düzgün yaşam tərzi, düzgün olmayan qidalanma, əmək fəaliyyətinin düzgün tənzimlənməməsi, gigiyenik qaydalara düzgün riayət etməmək kimi amillər immunitetin zəifləməsinə səbəb olur: “Əgər hər hansı şəxsdə xroniki xəstəlik varsa və o, həmin xəstəliyi nəzarətdə saxlamırsa, bu zaman immun sistemi zəifləyə bilər. İmmunitetin zəifləməsini təkcə havanın soyuq olması ilə əlaqələndirmək də düzgün olmaz. Çünki qeyd etdiyimiz amillər yalnız soyuq havada və ya qış aylarında baş vermir. Yay fəslində də qeyd olunan faktorlara nəzarət edilməzsə, bu zaman da immunitetin zəifləməsi müşahidə edilir. Sadəcə olaraq qış aylarında bu hala daha çox rast gəlinir”.

İ.Səbziyeva diqqətə çatdırır ki, immun sisteminin gücləndirilməsi üçün ilk növbədə yuxu rejiminə düzgün əməl edilməli, qidalanma rejiminə və digər məqamlara xüsusilə nəzarət edilməlidir: “Bununla yanaşı, havaya uyğun gündəlik geyimlər istifadə edilməlidir ki, xəstələnmə hallarının qarşısını almaq mümkün olsun. Çünki hava ilə gələn infeksion xəstəliklər də immun sisteminin zəifləməsini sürətləndirir. Qidalanma zamanı əsasən vitaminlərə, mövsümi meyvə-tərəvəzlərə, ət və ət məhsullarına daha çox üstünlük vermək lazımdır ki, immunitetin zəifləməsinin qarşısını almaq mümkün olsun. Lazım gələrsə, həkim təyinatı ilə profilaktik olaraq orqanizmdə çatışmazlıq göstərən mineral və vitamin balansını normaya çatdırmaq üçün müxtəlif kompleks preparatlardan istifadə etmək olar”.

Həkim-terapevt vurğulayır ki, dərman preparatlarına müalicə məqsədilə müraciət edilirsə, bu, mütləq qaydada həkim nəzarəti ilə aparılmalıdır. Onun sözlərinə görə, qanda həmin elementlərin miqdarı bilinəndən sonra buna uyğun olaraq vitaminlər təyin edilməlidir: “Əgər bunlar normanı keçərsə, əlbəttə ki, bu vitaminlər orqanizmdə fəsadlara səbəb ola bilər. Məsələn, orqanizmdə vitamin A-nın normadan artıq olması ürəkbulanma, görmənin pozulması, yorğunluq, əsəbilik, iştahasızlıq, qusma, saç tökülməsi kimi fəsadlara səbəb ola bilər. Son zamanlar bir çox insanlar həkim təyinatı olmadan belə immun sistemini gücləndirmək üçün vitamin D qəbul edir. Lakin unutmaq olmaz ki, bu vitaminin nəzarətsiz qəbulu mədə-bağırsaq sisteminin qeyri-düzgün işləməsinə, ishala, qaraciyər, böyrək və digər orqanlarda fəsadlara səbəb olur. Bununla yanaşı, vitamin C-nin normadan artıq qəbulu dəridə səpgilərin yaranmasına və digər zərərlərə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, bu vitaminlərin həkim təyinatı olmadan istifadəsi sonradan orqanizm üçün çox ciddi fəsadlarla nəticələnə bilir. Hamilələr, qaraciyər, böyrək çatışmazlığından, şəkərli diabetdən əziyyət çəkən şəxslər vitamin qəbulu zamanı xüsusilə diqqətli olmalıdır”.

Bəzi şəxslərin qış aylarında immun sistemini gücləndirmək üçün müxtəlif antibiotiklərdən də istifadə etdiyini deyən İ.Səbziyeva bildirir ki, həkim təyinatı olmadan dərman preparatlarının, vitaminlərin, ələlxüsus da antibiotiklərin qəbulu sonradan ciddi xəstəliklərə gətirib çıxaran çox ciddi fəsadlara səbəb olur: “Antibiotikin qəbulu zamanı həkim-mütəxəssislər şəxsin bu preparatlara qarşı allergiyasının, yanaşı xəstəliklərinin olub-olmamasını və digər məqamları yoxladıqdan sonra antibiotiklər təyin edirlər. Praktikamızda dəfələrlə rast gəlirik ki, xəstə özbaşına şəkildə, yəni həkim təyinatı olmadan antibiotik qəbul edib və ağırlaşmış şəkildə allergik vəziyyətə düşüb. Bu zaman xəstəliyin müalicəsi xeyli müddət çəkir və müalicə prosesi daha ağır gedir”.

Səhhətinizdə yaranan istənilən xəstəlik və problemlə bağlı, ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət etmək lazımdır. Dərman preparatlarının, antibiotiklərin, vitaminlərin həkim nəzarəti olmadan istifadəsi sonradan ağırlaşmalara və hətta ölümlərə də səbəb ola bilər.

Unutmayın ki, ilkin səhiyyə xidməti tez sağaldır!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video