Gənclər ekologiyanı fotoqrafiyanın gözü ilə kəşf ediblər
Bəzən bir fotoşəkil min sözün deyə bilmədiyini ifadə edir. Bir ağacın kölgəsi, yarpağın üzərindəki şeh damlası, çirklənmiş sahildə tənha qalmış quş... Təbiətin hər kadrında bir hekayə, hər mənzərəsində qorunmağa ehtiyacı olan bir dünya gizlənir. Bəs bu hekayələri obyektivdən baxaraq danışmaq necə olar?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün təşkil olunan “Təbiətin obyektivdən görünüşü: fotoqrafiya ilə ekoloji hekayə” adlı təlim məhz bu məqsədə xidmət edib. Təlimdə fotoqraf Aleksey Lyokin (Lyokin Photos) gənclərlə təbiət fotoqrafiyasının incəliklərini bölüşüb, uğurlu kadrın seçilməsi, kompozisiyanın qurulması və foto vasitəsilə təsirli hekayə yaratmağın sirlərindən danışıb.
Görüşdə vurğulanıb ki, fotoqrafiya yalnız gözəlliyi lentə almaq sənəti deyil. O, həm də cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmək, təbiətin kövrəkliyini göstərmək və insanlarda ətraf mühitə qarşı məsuliyyət hissini gücləndirmək üçün təsirli vasitədir. Təlim zamanı müxtəlif foto nümunələri təhlil edilib, gənclər təbiət mənzərələrinin və ekoloji problemlərin obyektiv vasitəsilə necə təqdim oluna biləcəyini müzakirə ediblər.
Beləliklə, gənclər üçün fotoqrafiya sadəcə gözəl kadr axtarışı deyil, həm də təbiətin səsini eşitmək və onu başqalarına çatdırmaq imkanı kimi təqdim olunub. Axı bəzən bir fotoşəkil insanı düşündürmək, duyğulandırmaq və dəyişməyə sövq etmək üçün kifayət edir. Təbiəti qorumağın ilk addımı isə çox vaxt onu görməyi və dəyərini anlamağı bacarmaqdan başlayır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”