29 Mart 2024 08:20
243
SİYASƏT
A- A+

Qərbin məkri Ermənistanı ağır duruma salacaq

 

"ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilməsi planlaşdırılan birgə konfrans indiyə qədər bəzi hallarda üstüörtülü saxlanılan qərəzli siyasətin açıq şəkildə nümayişidir. Faktiki olaraq, bu konfrans hərbi siyasi paktın yaradılması deməkdir. Bu paktda aparıcı güc ABŞ və ikinci güc Avropa İttifaqıdırsa, həyata keçirilməsində əsas vasitə isə Ermənistandır".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat söyləyib ki, bu üçlüyün konkret hədəfi Cənubi Qafqazı yenidən qarışdırmaqdan ibarətdir: "ABŞ və Avropa İttifaqı Ermənistanı ölkəmizə qarşı silahlandırır, revanşist meyilləri gücləndirirlər. Açıq söyləmək lazımdır ki, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərqərar etməsi təkcə işğalçı Ermənistan üzərində çalınan zəfər deyil. Bu, eyni zamanda Ermənistanın havadarları üzərində də qazanılan qələbə olduğundan onlar Azərbaycanın zəfərini qəbul edə bilmirlər. Çünki Azərbaycanın şanlı zəfəri uzun əsrlərdən bəri yürüdülən siyasəti darmadağın edib".
Deputat qeyd edib ki, hərbi paktın yaradılmasında digər məqsəd Rusiyanı Qafqazdan çıxarmaq, üçüncü ölkəni və ya ölkələr qrupunu bu regiona gətirməkdir: "Paktın yaradılması Ermənistanın əli ilə Rusiyanı parçalamaq cəhdi kimi də xarakterizə edilə bilər. Həmçinin konfransın bir məqsədi də Rusiya-Azərbaycan münasibətlərini pozmaqdır. Bu gün Qərbdəki mərkəzlərin başlıca məqsədlərindən birinin qonşu dövlətlərlə münasibətləri korlamaqla yeni cəbhə açmaq olduğunu nəzərə alsaq, aydın olur ki, bu heç də təsadüfi deyil".
Musa Qasımlı vurğulayıb ki, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət üçüncü dövlətə və ya dövlətlər qrupuna qarşı yönəlməyib, milli və dövlət maraqlarına xidmət edir: "Belə olan halda ABŞ və Avropa İttifaqının Ermənistanın əli ilə Qafqazda ikinci cəbhə açmaq cəhdləri çox təhlükəlidir. Bu, böyük problemlər yarada və Ermənistan üçün ağır nəticələr verə bilər. Əgər iddia etdikləri kimi, doğrudan da, ABŞ və Aİ Cənubi Qafqazda sülhün bərpasını istəyirlərsə, o zaman gerçəklikləri qəbul etməli və revanşistləri qızışdırmamalıdırlar. Yox, əgər regionda bundan sonra hər hansı bir gərginlik yaranarsa və ya terrora cəhd edilərsə, bunun təşkilatçılarının ABŞ və Avropa İttifaqı, həyata keçirəninin isə Ermənistan olacağına şübhə qalmayacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda dövlət qurumları terror təşkilatları ilə bərabər hərəkət edirlər". 
Deputat yekunda Azərbaycanın ABŞ və Avropa İttifaqı ölkələri ilə mehriban münasibətlər qurmaqda maraqlı olduğunu bildirib. Müsahibimiz qeyd edib ki, regionun gələcəyi qarşıdurmalarda və müharibələrdə deyil, sülhdə, əmin-amanlıqdadır: "Azərbaycanın mövqeyi aydındır. Dövlətimiz Ermənistanla münasibətləri normallaşdırmaqdan ötrü sülh sazişinin imzalanmasına çalışır, yeni əməkdaşlıq səhifəsi açır. Lakin Ermənistan hökuməti anlamaq istəmir ki, tərəfimizdən təqdim edilən sülh və əməkdaşlıq təklifi erməni xalqının da maraqlarına uyğundur".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video