19 Noyabr 2025 08:00
2690
SİYASƏT
A- A+
Qələbə paradından yubiley paradınadək

Qələbə paradından yubiley paradınadək


10 dekabr 2020-ci ildə Azadlıq meydanında Qələbə paradı keçirildi!

Bu paradı labüd edən Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərindəki möhtəşəm qələbəsi idi!

Cəmi 44 gün çəkən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu düşmən ordusunu məhv edərək diz çökdürdü, onu kapitulyasiya aktını imzalamağa məcbur etdi!

Bununla da 27 illik işğala son qoyuldu!

Bu müharibənin daha bir unikal cəhəti də vardır!

Müzəffər Ali Baş Komandanımız düşməni təkcə hərb meydanında deyil, informasiya cəbhəsində və diplomatiya sahəsində də acınacaqlı məğlubiyyətə uğratdı.

Həm də bütün dünyanın gözləri qarşısında!

Biz hər gün televiziya ekranlarında təkcə düşmənin canlı qüvvələrinin, zirehli texnikaları və atəş nöqtələrinin, səngər və kazarmalarının məhv edildiyi məqamları izləmirdik.

Həm də baş Sərkərdəmiz İlham Əliyevin dünya KİV-inə, o cümlədən informasiya agentlikləri və telekanallarına verdiyi müsahibələri və bu müsahibələrdə feyk xəbərləri, qərəzli yanaşmaları və bizi nədəsə suçlamaq cəhdlərini necə qətiyyətlə rədd etdiyini, ermənipərəst müxbirlərin məkrli suallarını müdrikliklə cavablandıraraq jurnalistlərin dünya erməniliyinə yarınmaq cəhdlərini puça çıxardığını, yaranmış imkandan məharətlə istifadə sayəsində onları öz tribunalarında ifşa etdiyini maraq və ləzzətlə seyr edirdik! 

Ermənilərə dost dövlətlərin başçılarının dalbadal Azərbaycan Prezidentinə zənglər edərək hərbi əməliyyatların dayandırılması üçün xahiş-minnətlərinin, diplomatik gedişlərinin, hətta bəzən təhdidə əl atmalarının da səmərəsiz qaldığından xəbər tuturduq.

Yalnız Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərti yerinə yetirildikdən - düşmən qoşunlarının ərazilərimizi tərk etmə qrafiki bizə təqdim olunduqdan sonra həmin xahişlərə baxıldı, hərbi əməliyyatlar dayandırıldı!

Ancaq üç cəbhədə qazanılan möhtəşəm qələbələr də hələ az idi!

Zəfər paradından sonra da bir sıra yeni uğur və nailiyyətlərə imza atıldı.

Bütün bunlar barədə bir qədər sonra...

***

Azərbaycan tarixinin ən möhtəşəm Zəfər paradı isə yaddaşlara əbədi həkk olunmaqla nəsillərdən-nəsillərə ötürülərək xalqımızın qəlbində daim yaşayacaqdır!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradındakı parlaq və təntənəli çıxışı indi də qulaqlarımızda səslənməkdədir:

"Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın "dəmir yumruğ"u onların belini qıracaq".

Azərbaycanın baş Sərkərdəsi bu paradın möhtəşəmliyini və unikallığını da xüsusi qeyd edirdi:

"Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".

Bu paradın sevinc və fərəhini artıran ən mühüm məqamlardan biri orada qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı idi.

Qardaş ölkənin rəhbəri 44 günlük müharibədə Azərbaycan-Türkiyə qardaşlığının bir daha uğurla sınaqdan çıxdığını və daha da möhkəmləndiyini söylədi:

"Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq".

Müzəffər Ali Baş Komandan İlham Əliyev qələbənin bir çox sahələrdə görülən işlərin real bəhrəsi olduğunu da xüsusi vurğuladı:

"Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi".

Bəli, 30 ildə Azərbaycan xalqı bir an da olsun torpaqlarının işğalda qaldığını və onun azad olunması zəruriliyini unutmadı!

30 ildə dövlətin daxili və xarici siyasəti ilk növbədə, bu vəzifələrin yerinə yetirilməsinə yönləndirildi:

* Tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı.

* Hücum diplomatiyasına keçid edilərək beynəlxalq qurum və təşkilatlarda iş gücləndirildi.

* Müstəqil daxili və xarici siyasət yeridilməklə Azərbaycan xalqının rifahı xeyli yüksəldildi, onunla dostluq edən dövlətlərin sayı artdı.

* Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlara - BMT-nin Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu rəhbərliyi, qaldırdığı təşəbbüslər və gördüyü işlər sayəsində ölkəmizin beynəlxalq nüfuzu əsaslı şəkildə yüksəldi, siyasi çəkisi artdı.

* Yeni gənclər nəsli yetişdirildi, onların iştirak etdiyi müasir ordu yaradıldı.

* Qüdrətli ordu quruldu, o, ən müasir texnologiyalara əsaslanan silah-sursatla, yeni texnika ilə təmin olundu.

* Azərbaycan xalqının indiyədək görünməmiş möhkəm birliyi yarandı.

Həyata keçirilən tədbirlər, atılan addımlar xalqımızın 30 illik işğala son qoyması, ordumuzun cəmi 44 gün ərzində mənfur düşmən üzərində qələbə çalaraq onun ordusunu məhv edib kapitulyasiya aktını imzalamağa vadar etməsi ilə nəticələndi.

***

44 günlük Zəfər müharibəsindən sonra həmin zəfərə bərabər bir neçə möhtəşəm, tarixi qələbəyə də imza atıldı:

* 23 aprel 2023-cü ildə son dərəcə unikal hərbi əməliyyat keçirilərək şər qapısına çevrilən, Azərbaycanın düşmənlərinin və bədxahlarının maneəsiz şəkildə ölkəmizə daxil olduğu, ərazilərimizdəki qeyri-qanuni hərbi birləşmələrinin sərbəst olaraq qidalandırıldığı Laçın qapısı birdəfəlik bağlandı.

* Həmin ilin sentyabrının 19-20-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan antiterror tədbirləri keçirildi.

Cəmi altı saat ərzində terrorçu yuvaları, onların silah-sursat anbarları dəqiq zərbələrlə məhv edildi, başlarını soxmağa yer tapmayan terrorçular və erməni hərbçilərinin tör-töküntüləri ağ bayraq qaldıraraq təslim oldular!

Cəmi 23 saat davam edən bu əməliyyat zamanı bir nəfər belə mülki əhaliyə və mülki obyektə ziyan dəymədi.

Sonlarının çatdığını başa düşən və Azərbaycanın qanunları əsasında ərazimizdə yaşamaq istəməyən separatçıların isə dinc şəkildə çıxıb getmələrinə imkan yaradıldı.

* 2024-cü ilin 12 iyununda isə daha bir mühüm hadisə baş verdi.

Ermənipərəst mövqe nümayiş etdirən və separatçılara qulluq göstərən Rusiya Sülhməramlı Kontingenti də musiqi sədaları altında Qarabağı tərk etdi.

***

İkiəsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoyan, torpaqlarını uzunmüddətli işğaldan azad edərək Zəfər paradı keçirən Azərbaycan təkcə bunlarla kifayətlənmədi.

Hələ qarşıda görüləsi işlər vardı.

Yenə də keçmiş havadarlarına və müdafiəçilərinə arxalanan Ermənistan kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatın bir sıra maddələrinin icrasını ləngidirdi.

Nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən cənab İlham Əliyev isə təmkinlə, bir-birinin ardınca zəruri addımlar atırdı.

* Əvvəlcə lazımi tədbirlər görülməklə ordumuz yenidən gərəkli vasitələrlə tam təmin edildi, "dəmir yumruq" hazır vəziyyətə gətirildi.

* Ən çətin işlərdən biri sayılan, həqiqi xəritəsi ermənilər tərəfindən bizə təqdim olunmamış mina sahələrinin təmizlənməsinə başlanıldı.

* Böyük qayıdışa dair dövlət proqramı qəbul edilərək yeni yaşayış məntəqələrinin salınmasına, keçmiş məcburi köçkünlərin geriyə dönməsinə start verildi.

* Doğma torpağa qayıdanların rahat yaşamları üçün irəlicədən müvafiq və zəruri infrastrukturlar yaradılır, yeni iş yerləri açılır.

* Dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir ki, artıq onlardan bir qisminin - Zəfər yolu, Əhmədbəyli - Füzuli-Şuşa yolu, Füzuli-Hadrut yolu, Bərdə-Ağdam yolu və digərlərinin inşası başa çatdırılmışdır.

Böyük qayıdışla yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgəsi həm də "yaşıl enerji" istehsalı və turizm məkanına çevrilməkdədir.

İndiyədək burada ümumi gücü 307 meqavat olan 38 su-elektrik stansiyası tikilib.

Bütövlükdə son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 330 və 110 kilovoltluq 12 yarımstansiya inşa olunub.

Hazırda bölgədə 60 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

***

Keçən ilin 11-22 noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın yüksək beynəlxalq nüfuzunun təsdiqinə çevrildi.

Yüksək təşkilatçılıq səviyyəsi və qəbul edilən qərarların əhəmiyyətinə görə bu tədbir inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin fəsadları ilə intensiv mübarizəyə verəcəyi yeni maliyyə dəstəyi, habelə Paris Sazişinin beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi ilə yadda qaldı.

***

Ötən 5 ilin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, dünyanın birnömrəli dövlətinin birnömrəli ofisində - Vaşinqtonda Ağ Evdə ABŞ Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri N.Paşinyanın görüşü oldu.

8 avqust 2025-ci ildə keçirilən bu görüş həm də ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi hesab oluna bilər.

8 avqust görüşündə bir sıra mühüm sənədlər imzalandı.

BELƏ Kİ:

* Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi qrupunun yaradılması barədə memorandum imzalandı.

* Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsi paraflandı.

* Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzaladılar.

* D.Tramp 907-ci düzəlişin təsirini dayandırdı.

Bu görüşün ən mühüm məqamı isə Prezident D.Trampın öz adını verdiyi Zəngəzur dəhlizinin (TRIPP) işə salınması barədə qərarın qəbulu oldu.

Bütün bunlar hərbi uğurlarımızın davamı idi!

İqtisadi və beynəlxalq sahədəki nailiyyətlər də onlardan geri qalmır.

Strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzaladıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan əl-ələ verərək Türk Dövlətləri Təşkilatına yeni nəfəs, yeni yüksəliş bəxş etdilər.

Artıq türk dövlətləri birlikdə, bir mövqedən çıxış etməyə, olanlarını bir-biriləri ilə bölüşməyə, əməkdaşlıq etməyə, bir-birilərinin maraqlarını açıq-aydın şəkildə müdafiə etməyə başlamışlar!

Türk dünyasının yeni güc mərkəzinə çevriləcəyinə şübhə doğurmayan bu birlik və əməkdaşlıq günü-gündən möhkəmlənərək çiçəklənir.

***

Ötən beş ilin uğur və nailiyyətləri geniş və möhtəşəm olsa da, yubiley paradında yalnız ölkəmizin hərbi qüdrəti nümayiş olunurdu.

Yubiley paradında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər, qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də fəxri qonaq qismində iştirak edirdilər.

Hərbi paradın açılışı mərasimində parlaq nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ötən dövrdə görülən işlərə qısa bir nəzər saldı:

"Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir".

Çıxışının sonunda dövlət başçısı qürurla bəyan etdi:

"Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın qazandığı Zəfərin dünyanın böyük bir kəsiminə göstərdiyi müsbət təsiri xüsusi vurğuladı:

"Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik".

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə iki dövlətin dostluğunun və qardaşlığının əbədi olacağını bildirdi:

"Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq".

Azərbaycanın iqtisadi və hərbi qüdrətinin nümayişinə çevrilən yubiley paradını yaxından və uzaqdan izləyən dostlarımız hədsiz sevindilər, düşmənlərimiz və bədxahlarımız isə dərslərini götürdülər!

***

Zəfər paradından yubiley paradınadək ötən beş il Azərbaycan üçün yeni inkişaf və yüksəliş dövrü oldu.

Bu dəfə İlham Əliyev Azərbaycanı təkcə qalib dövlət kimi deyil, həm də Cənubi Qafqazda söz sahibi, bu bölgədə sülhün yaradıcısı kimi təqdim etdi!

Müharibələrin və təbii fəlakətlərin ara vermədiyi bir dünyada insanların və dövlətlərarası əlaqələrin təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir.

Bu, Çindən Avropayadək uzanan Orta dəhlizin önəmini daha da artırır.

O dəhlizin ki, türk dövlətlərinin bir-biriləri ilə quru əlaqələrinin qapadılması, bir-birilərindən ayrı salınması üçün kəsilmişdi.

Bu gün Orta dəhlizi reallığa çevirməklə Azərbaycan Prezidenti həm də türk dünyasını yenidən birləşdirir və bir-birilərinə daha da yaxınlaşdırır.

Bu dəhlizdən istifadə etmək üçün Cənubi Qafqaza üz tutanlar hökmən Azərbaycanla da razılaşmalıdırlar.

Bəli, Azərbaycan daha diktə edilən deyil, diktə edən dövlətdir!

Qüdrətli ordusu ilə işğalçıları məhv edərək torpaqlarını geri qaytaran, ərazisində bir nəfər belə separatçının və əcnəbi əsgərin olmadığı qüdrətli qalib dövlətdir!

İlham Əliyev Azərbaycanı daim insanlara və dövlətlərə sülh və əməkdaşlıq təklif edir, özünün reallaşdırdığı layihələrdə onlara səxavətlə yer ayırır.

Təhdidlər, zor gücü ilə danışmaq niyyətinə düşənləri isə "dəmir yumruq"la başa salır və öz yerini göstərir!

Bütün bu deyilənləri Azərbaycanın son beş ildəki inkişafı və keçirdiyi möhtəşəm hərbi paradı da bir daha təsdiq edir.


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!