Yüz il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay sadəcə elmi tədbir deyil, həm də bütün Türk dünyasının inteqrasiyasında tarixi dönüş nöqtəsidir.
Bu qurultay XIX əsrin sonu–XX əsrin əvvəllərində türk ziyalılarının nə qədər güclü, həmrəy və uzaqgörən olduqlarını bütün dünyaya nümayiş etdirdi. Qurultay sadəcə elmi toplantı kimi tarixdə qalmadı. O, müasir Türk dünyasının inteqrasiya prosesində mühüm təməl daşına çevrildi.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Akademiyasının mütəxəssisi Aynur Mayemerova deyib.
O, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
“Türk Dövlətləri Təşkilatının ötən il Qəbələdə keçirilən Zirvə Görüşündə Prezident İlham Əliyev Bakı Türkoloji Qurultayının 100 illik yubileyinin bütün Türk dünyasında geniş şəkildə qeyd olunmasının vacibliyini vurğulamışdı. Beynəlxalq Türk Akademiyası olaraq biz də bu təşəbbüsə qoşulduq. Qurultayın 100 illiyinə həsr olunmuş fotoalbom və fotosərgi hazırladıq. Bu sərgilər həm Türk Akademiyasında, həm də Qazaxıstandakı elmi mərkəzlərdə nümayiş etdirilir. Ekspozisiyada 1926-cı il Bakı Türkoloji Qurultayının nümayəndələrinin fotoları yer alır”, – deyə o bildirib.
Aynur Mayemerova qeyd edib ki, qurultay iştirakçılarının böyük əksəriyyəti sonradan repressiyalara məruz qalıb və həyatını itirib. “Təəssüf ki, qurultayın iştirakçısı olan ziyalıların demək olar çoxu repressiya qurbanı olub. Onlar həyatlarını itirsələr də, uğrunda mübarizə apardıqları ideyalar və məqsədlər bu gün yaşayır. 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayda səsləndirilən bir çox hədəf və ideya bu gün tədricən reallaşır. Türk dövlətləri birgə həyata keçirdikləri layihələr və əməkdaşlıq vasitəsilə bunu praktikada nümayiş etdirirlər”, – deyə Aynur Mayemerova əlavə edib.