Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən sahibkarlığın və biznesin inkişafı hər zaman dövlətin diqqət mərkəzində dayanır. Danılmaz faktdır ki, ölkəmizdə həyat getdikcə dəyişir, insanların rifah halı daha da yaxşılaşır, paytaxt Bakıda və bölgələrdə yeni-yeni sosial layihələr həyata keçirilir. İnşa olunan göydələnlər, nəhəng körpülər, müasir yollar Azərbaycanın getdikcə artan iqtisadi gücündən xəbər verir.
Bu baxımdan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma, yeni infrastrukturların yaradılması istiqamətində aparılan işlər də günbəgün sürətlənir. Getdikcə daha çox ərazi minalardan təmizlənir, yaşayış və həyat üçün vacib olan yeni infrastruktur qurulur. Bundan başqa, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, xidmət, ticarət, tikinti, nəqliyyat və digərlərinin yaradılması istiqamətində görülən işlər də ürəkaçandır. İndiyədək görülən işlər göstərir ki, Azərbaycan üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə yeksan edilmiş şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir və buna qadirdir. Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif sahələri əhatə edir. Bu gün işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.
Prezident İlham Əliyev zəfərdən sonra yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin geniş spektrinə diqqət çəkərək demişdi: "İndi təsəvvür edin ki, biz üç hava limanı inşa edirik. Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları. Hesablamaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. Bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik". Dövlət başçısının dediyi bu işlərin xeyli hissəsi qısa bir müddətdə yerinə yetirildi. Məsələn, region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər-Çaylı-Suqovuşan-Talış, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verildi. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin də 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Qarabağ və Şərqi Zəngəzurda zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilib. Həmin ərazilərdə kənd təsərrüfatı sahələrinin məhsullarının istehsalı onu göstərir ki, aqrar sektor iqtisadi fəaliyyət növlərindən biri olacaq. Çünki vaxtilə məcburi köçkün düşmüş vətəndaşlarımızın geri qayıtması baxımından məşğulluğun təmin edilməsi vacib məsələlərdən biridir. Eyni zamanda sahibkarlar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq üçün də əlverişli şərait - vergi güzəştləri yaradılıb. Bu güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. 44 günlük savaşda qazanılan zəfərdən ötən dörd ilə yaxın bir müddətdə aparılmış işlərin miqyasını nəzərə alsaq, azad olunmuş ərazilərdə yeni həyatın Böyük qayıdış proqramına uyğun qurulduğunu daha aydın görərik.
"Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramlar, genişmiqyaslı bərpa və quruculuq tədbirləri, o cümlədən infrastruktur layihələri icra olunur". Bu sözləri Xankəndi şəhərində bir neçə gün əvvəl keçirilən Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında iqtisadiyyat nazirinin birinci müavini, işçi qrupunun rəhbəri Elnur Əliyev deyib.
Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin noyabrında yadadılıb. Sözügedən iclasda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlb-ediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaq. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verib. Qeyd edib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. O, Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığını söyləyib.
Xatırladaq ki, Əlaqələndirmə Qərargahının may ayında Xankəndidə keçirilmiş iclasında qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulamışdı. Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasında Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi olduğunun təsdiqidir. Ona görə də işğaldan azad edilmiş ərazilərdə vaxtaşırı iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılır, zəruri tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"