29 Iyun 2022 02:17
344
İQTİSADİYYAT

Qarabağ və Şərqi Zəngəzur sürətlə yenidən qurulur

 

Soydaşlarımızın tezliklə doğma yurdlarına dönmələri üçün bütün zəruri işlər görülür

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 26-da işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında səfərdə olub, bir çox sosial-iqtisadi, hərbi obyektlərin təməlinin qoyulmasında və açılışında iştirak edib. Dövlət başçısı eləcə də tikilməkdə olan bir neçə obyektdə işlərin gedişi ilə maraqlanıb. Prezidentin vurğuladığı kimi, qələbəmizdən ötən ilyarımda işğaldan azad olunan ərazilərdə nəhəng layihələr icra edilib və bu proses davamlı xarakter daşıyır.

Azərbaycan 2020-ci ildən bəri dünyanı iki dəfə heyrətə gətirib. Birincisi, 44 gündə 30 ilə yaxın bir vaxtda düşmən tərəfindən çətin coğrafi məkanda möhkəmləndirilmiş istehkamları yarıb tarixi qələbə qazanıb. Bu müharibədə ölkəmiz XXI əsr hərb tarixində analoqu olmayan bir döyüş taktikasını yerinə yetirərək düşməni məğlub edib.

İkincisi, erməni vandallarının dağıtdığı infrastrukturu bərpa edərkən dünyanı bir daha heyrət içində qoyub. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının tikintisinin 8 ayda başa çatdırılması dostlarımız (həm də düşmənlərimiz) tərəfindən bir möcüzə kimi qəbul olunub.

Prezident İlham Əliyevin müharibə başa çatan kimi "Qarabağı cənnətə çevirəcəyik!" bəyanatını gəlişi gözəl sözlər kimi qəbul edənlər də olmuşdu. Ancaq burada ilyarım ərzində görülən işlər dövlət başçısının nə qədər qətiyyətli olduğunu bir daha göstərmişdir. Özünün dediyi kimi, "İmzamız qədər sözümüz də dəyərlidir!"

Erməni KİV-ini izləyəndə məlum olur ki, düşmən belə bir qətiyyəti gözləmirmiş. Belə düşünürdülər ki, yalnız əraziləri minalardan təmizləməyə bir neçə il lazım olacaq. Yəni, ən yaxşı halda infrastrukturun bərpasına başlamaq üçün bir neçə il itirəcəyik. Həm də belə düşünənlər təkcə ermənilər deyildi. Bu sahə üzrə beynəlxalq səviyyəli mütəxəssislərin fikirləri də ermənilərinkindən fərqlənmirdi. Sadəcə onlar Prezident İlham Əliyevin qətiyyətini və Azərbaycan xalqının işgüzarlığını düzgün hesablaya bilməmişdilər.

Ötən dövr görülən işlərin miqdarı o qədər böyükdür ki, hər kəsi heyrətə salır. Şuşada yaşayış tədricən bərpa olunur. Burada yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Zəngilanın "ağıllı kənd"i Ağalı öz sakinlərini qəbul edib. Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizində hərəkətin bərpası üçün Azərbaycan tərəfdə işlər qrafikə uyğun icra edilir, Zəngilan və Laçın hava limanlarının tikintisi üçün lazım olan hazırlıq işləri görülür, işğaldan azad olunan Şuşa, Laçın və Kəlbəcər kimi yüksək dağlıq ərazidə dəmiryolu xətlərinin çəkilməsi üçün sənədləşmə işləri görülür və s.

Sözsüz ki, bütün bu işləri görmək üçün möhkəm iradə, bacarıqlı kadrlar və maliyyə lazımdır. Azərbaycanda bunlar var, yəni kiməsə ehtiyacımız yoxdur. Əgər bizim kimdənsə bir asılılığımız olsaydı, qarşımıza xeyrimizə olmayan çoxlu şərtlər qoyulardı. Biz bunun müstəqilliyimizin ilk illərində belə halların şahidi olmuşuq.

Müharibə qələbəmizlə başa çatsa da, düşmən bundan nəticə çıxarmayıb. Ermənistanda hələ də revanşist qüvvələr yeni müharibədən, qələbədən, işğaldan azad olunan ərazilərin geri qaytarılmasından dəm vururlar. Diplomatik cəbhədə ölkəmizə qarşı hücumlar ara vermir. Prezident İlham Əliyev Ermənistana bununla bağlı qəti xəbərdarlığını edib. Bildirib ki, belə bir hal baş verərsə, cəzası daha ağır olacaq.

Bunun fonunda Azərbaycan dövlətinin siyasətinin əsas məqsədi işğaldan azad olunmuş əraziləri tezliklə bərpa edib, yurd həsrəti ilə yaşayan soydaşlarımızı bu yerlərə qaytarmaqdır. Əsas məsələ, Prezidentin dediyi kimi, doğma yerlərdən məcburi köçkünə çevrilən insanların yaxşı şəraitdə  yaşamalarıdır. Bunun üçün bütün layihələr beynəlxalq standartlara uyğun hazırlanır. Təkcə şəhər və rayon mərkəzlərinin deyil, kəndlərin də bərpa layihələri bu prinsipə əsaslanır. Onu da vurğulayaq ki, evlərin tikintisi ilə yanaşı, bütün infrastrukturun müasir standartlara uyğun hazırlanmasına xüsusi diqqət yetirilir.

İşğaldan azad olunan ərazilərdə layihələrin icrasında 4 əsasistiqamətə üstünlükverilir. Birincisi, infrastruktur bərpa olunur. Digər layihələrin icrası üçün bu, vacibdir. İkincisi, sosial layihələr icra edilir. İnsanların yaşaması üçün evlər, məktəblər, xəstəxanalar və digər obyektlər tikilməlidir. Üçüncü vacib olan şərt iqtisadi layihələrin icrasıdır. Məlumdur ki, işğaldan azad olunan ərazilərin zəngin kənd təsərrüfatı, sənaye və turizm potensialı var.

Hazırda bu ərazilərdə iş görmək üçün 1000-dən çox şirkət müraciət edib. Onların 300-dən çoxu xarici şirkətlərdir. Xüsusilə Rusiya və Fransa şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərmək istəmələri qonşularımızı daha çox qıcıqlandırır. Səbəbi məlumdur. Bu baxımdan xarici ölkələrin iş adamlarının Qarabağ və Şərqi Zəngəzur bölgəsində iqtisadi fəaliyyət göstərməsinin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi tərəfi də var. Onlar ermənilərdən fərqli olaraq işğaldan azad edilən torpaqları Azərbaycan ərazisi kimi şərtsiz qəbul edirlər.

Məlumdur ki, Kəlbəcər yüksək ərazidə yerləşən dağ rayonudur. Qış bu yerlərdə uzun sürür. Dağ yolları ilə aylarla gedib-gəlmək mümkün olmur. Bu üzdən Murovdağ silsiləsində dünyanın ən uzun avtomobil tuneli çəkilir. Uzunluğu 13,5 kilometr olan tunel ilboyu Kəlbəcər və Laçın rayonlarına gediş-gəlişin təhlükəsizliyini təmin edəcək. Ümumiyyətlə, bölgənin dirçəlişi yol-nəqliyyat infrastrukturunun bərpasından keçir. Səfər zamanı  dövlət başçısının Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə maraqlanması da bununla bağlıdır. 2-4 hərəkət zolaqlı avtomobil yolu işğaldan azad edilən rayonların arasında əlaqələrin yaranmasında xüsusi əhəmiyyət daşıyacaq.

Bölgənin bərpasında xüsusi diqqət yetirilən amillərdən biri də enerji obyektlərinin tikintisidir. Dövlət başçısının qərarı ilə gözəl təbiətə mailk bu yerlərdə təmiz, bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Məqsədə nail olmaq üçün işğaldan azad edilən ərazilərdə günəş, külək və su-elektrik stansiyalarının tikilməsinə qərar verilib. Prezidentin səfər zamanı "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışında iştirak etməsi də bununla bağlıdır. Dövlət başçısı həmçinin Kəlbəcərdə "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə də tanış olub.

Məlumdur ki, iqtisadiyyatın, o cümlədən turizmin inkişafında, xüsusilə bu sahəyə xarici investisiyaların qoyuluşunda hava limanlarının fəaliyyəti böyük əhəmiyyət daşıyır. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi, Zəngilan və Laçın hava limanlarının tikintisi əcnəbi iş adamlarının bölgəyə marağını artıracaq. Dövlət başçısı səfər zamanı Laçın Beynəlxalq Hava Limanında görülən işlərlə tanış oldu. Bildirildi ki, əsası 2021-ci ildə qoyulan hava limanı 2024-cü ildə istifadəyə veriləcək. Həmin hava limanının özəlliyi ondan ibarətdir ki, Laçının 30, Şuşanın 70, Kəlbəcərin 60 kilometrliyində yerləşir. Yəni hər üç şəhərin sakinləri bu hava limanının imkanlarından rahat istifadə edə biləcək.

Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə görülən işlər barədə danışarkən demişdir: "Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir ilyarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz".

Qalib ölkə kimi bu gün şərtləri diktə edən tərəf Azərbaycandır. Ermənilərin nə deməsindən asılı olmayaraq, biz qarşımıza qoyduğumuz məqsədə doğru qətiyyətlə  irəliləyirik. Bir neçə ildən sonra həmin  torpaqlardan didərgin düşən insanlar yeni həyata başlayacaqlar. Özü də əvvəlkindən daha yaxşı və daha təhlükəsiz. Çünki  onların təhlükəsizliyini əvvəllər olduğu kimi, sovet əsgərləri yox, milli ordumuzun əsgərləri qoruyacaq. 

Dövlət başçısı iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcərdə yeni yaradılmış komando briqadasına bayraq təqdimetmə mərazimində demişdir: "Ancaq mənim iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır. Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi".

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video