Dünyada baş verən gərgin geosiyasi proseslər fonunda Azərbaycanın qlobal əhəmiyyəti daha da artıb. Rusiya-Ukrayna müharibəsi və husilərin Qırmızı dənizdə apardığı hərbi əməliyyatlar dünyanın iki önəmli beynəlxalq əhəmiyyətli ticarət marşrutlarını iflic vəziyyətə salıb ki, bu da dünya ticarətinə ciddi zərbə vurur.
Yaranmış vəziyyətlə bağlı Orta dəhliz dünyanın ümid yerinə çevrilib. Çünki bu dəhliz qlobal ticarət baxımından çox sərfəlidir - bu dəhlizlə yükləri təhlükəsiz, tez və sərfəli tariflə daşımaq mümkündür. Dünya ticarəti üçün bu üç amil çox əhəmiyyətlidir. O üzdən Orta dəhliz dünyanı özünə cəlb edir və onun imkanlarından istifadə edən ölkələrin sayı gündən-günə artır.
Orta dəhliz Şərqlə Avropa arasında uğurlu ticarətin aparılmasındakı əhəmiyyətinə görə əvəzolunmazdır. Ona görə də hər iki qitənin maliyyə strukturları bu dəhlizin inkişafı üçün maliyyə ayırmaqda xəsislik etmirlər. Məsələn, Avropa İttifaqı Orta Asiyanın 5 ölkəsində nəqliyyat infrastrukturunun inkişafı üçün 12 milyard avro ayırıb.
Asiya İnkişaf Bankının (ADB) İtaliyanın Milan şəhərində keçirilən 58-ci İllik Toplantısında da Orta dəhlizin əhəmiyyəti müzakirə olunub. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü, Azərbaycanın maliyyə naziri Sahil Babayev çıxışında dünyada baş verən geosiyasi proseslər fonunda qlobal səviyyədə Orta dəhlizin əhəmiyyətinin artdığını bildirmişdir: "Azərbaycan burada vacib mövqeyə malikdir. Gərginliyin və qeyri-müəyyənliyin artdığı bir dövrdə, bu dəhlizin alternativ və etibarlı bir yol kimi strateji əhəmiyyəti daha da aydın görünür. Bu təşəbbüs iqtisadi asılılıqların şaxələndirilməsi və geosiyasi dəyişikliklərdən qaynaqlanan risklərin azaldılması üçün mühüm vasitə rolunu oynayır. Ən son yeniləmədə təqdim edilən hərtərəfli analiz və strateji yol xəritəsi Orta dəhlizin fəaliyyətinin gücləndirilməsini, eləcə də regional və ya qlobal qeyri-sabitlik dövründə belə, onun dayanıqlı ticarət və əməkdaşlıq arteriyası kimi fəaliyyətini təmin etməyə yönəlib". Nazir həmçinin "Bu gün təqdim olunan təşəbbüslər və fəaliyyət qrafikləri infrastrukturun təkmilləşdirilməsi, səmərəliliyin artırılması və davamlı iqtisadi artımın təşviqi ilə bağlı milli hədəflərimizlə tam uyğundur. Azərbaycan bu təşəbbüsə sadiqliyini ifadə edərək qeyd edir ki, Orta dəhliz təkcə fiziki bağlantı deyil, həm də sabitlik yaradan bir qüvvədir. Bu dəhliz sadəcə logistika və ticarətlə məhdudlaşmır", - deyə bildirib.
Sahil Babayev bu dəhlizdə Azərbaycanın açar ölkə olduğunu toplantı iştirakçılarının nəzərinə çatdıraraq deyib ki, Azərbaycan burada vacib mövqeyə malik dövlətdir: "Dünyada baş verən gərgin geosiyasi proseslər bu qlobal ticarət marşrutunun əhəmiyyətini daha da artırıb. Belə ki, mövcud ənənəvi marşrutlardan fərqli olaraq bu dəhlizin dünya üçün dəyəri aydın görünür. Dəhlizin fəaliyyəti dünya və regional əməkdaşlığa, həmçinin təhlükəsizliyə töhfə verir". Nazir tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, Azərbaycan bu önəmli marşrutda əhəmiyyətli ölkə kimi öz məsuliyyətini artırır, bununla bağlı lazım olan bütün tədbirləri görür. Zəngəzur dəhlizinin açılması isə Orta dəhlizin dünya üçün əhəmiyyətini daha da artıracaq. Çünki nəqliyyat dəhlizlərində şaxələnmə önəmli rol oynayır. Yeni xətlərin açılması yüklərin tez və təhlükəsiz daşınmasını təmin edir. Sahil Babayev bununla bağlı söyləyib: "Bu dəhliz Asiya ilə Avropa arasında mühüm bir bağlantı rolunu oynayaraq, region üzrə mal, xidmət və insanların hərəkətini asanlaşdırır. Azərbaycan bu dəhlizə investisiya yatırmaqla yeni iqtisadi imkanların açılmasını və davamlı inkişafın təşviqini hədəfləyir. Zəngəzur dəhlizi sadəcə fiziki infrastruktur layihəsi deyil; bu, həm də dayanıqlı tərəfdaşlıqların qurulmasına, regionda sabitlik və rifahın təmin olunmasına sadiqliyin göstəricisidir".
Nazir toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan özünü regionda Şərq-Qərb ticarəti üçün mühüm bir logistika mərkəzi kimi möhkəmləndirmək istiqamətində fəal addımlar atır, dəmir yolları, limanlar və avtomobil yolları kimi əsas infrastruktur layihələrinə əhəmiyyətli dərəcədə sərmayə qoyur. Xüsusən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi layihələri Şərqi, Mərkəzi və Cənubi Asiya ilə Avropa arasında ticarətin tranzit imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Orta dəhliz çərçivəsində xüsusi strateji önəmə malikdir. Bu bölgə Azərbaycanın regional əlaqə və iqtisadi inteqrasiyadakı rolunu daha da gücləndirir.
Rüstəm KAMAL,
"Azərbaycan"