(1905-1906-cı illər)
1905-ci ildə Şuşa ən qaynar nöqtələrdən birinə çevrilmişdi. Şahidlərin ifadələrinə görə, iğtişaşlar zamanı ən böyük qırğın elə bu şəhərdə baş vermişdi. İrəvan quberniya jandarmeriyası rəisinin polis departamenti direktoruna bu hadisələrlə bağlı siyasi icmalında münaqişələrin səbəbləri açıqlanmışdı və o dövrün hakim dairələri bunları belə izah etmişdilər: Birincisi, iki millətin əsrlərlə davam edən düşmənçiliyi; ikincisi, nadanlıq; üçüncüsü, iqtisadi zəmində mübarizə; ən sonuncu səbəb ermənilərin yaramazları tərəfindən törədilən təxribatlar.
1905-ci il avqustun 16-da ermənilərin qəflətən təşkil etdikləri hücumlara şuşalılar əslində hazır deyildilər. Bu mənfurlar sözdə sülhdən, dostluqdan, azərbaycanlılarla birlikdə olmaqdan çox danışsalar da, içləri düşmənçilik və ədavətlə dolu idi. Şuşanı mühüm strateji mərkəz hesab etdiklərindən azərbaycanlıları burada məhv edib şəhəri tam ələ keçirmək istəyirdilər.
İnsanlığa qəsd
M.M.Nəvvab 1905-1906-cı illərdə Şuşa şəhərində baş verən qırğınlar barədə yazırdı: "Tuğ, Tağ, Dağdağan, Mirikənd, Harov və digər ətraf kəndlərin erməniləri cəm olub belə qərara gəlirlər ki, qalanı (yəni Şuşa qalasını) asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan müsəlmanları erməni hücumları ilə təngə gətirib bir qismini qırmaq, digər qismini isə qaçırmaq lazımdır. Kəndlərdən müsəlmanları təmizlədikdən sonra buralar xalis "Hayastan torpağı"na çevriləcək".
Həmin dövrdə bazarda tüfəngin qiyməti 20 manat idisə, ermənilər onu 100 manata, tapança 6 manat olduğu halda 30 manata alırdılar. Sadəlövh azərbaycanlılar isə ermənilərin silahları bu qiymətlərə aldıqlarını görüb evlərində nə qədər silah və sursat var idisə, onlara satırdılar. M.S.Ordubadi yazırdı ki, Şuşa müsəlmanları erməniləri son dərəcə qorxaq bildiklərindən onların azərbaycanlıların əleyhinə qiyam qaldıracaqlarına inanmırdılar. Yerli əhali Bakıda, Naxçıvanda, Qubada baş verən hadisələrə münasibət bildirmək istədikdə isə, Qarabağ erməniləri onları sakitləşdirirdilər ki, "canım, biz min il bir vətəndə qardaşlıq edən millətik. Bizim nə işimiz var Bakıda, Naxçıvanda müharibə olub, biz yenə qardaşıq". Avqustun 16-dək ermənilər kütləvi şəkildə olmasa da, azərbaycanlılara qarşı terror hadisələri törətdilər. Şuşa qəzasında Vəng kəndinin 300-dən çox erməni qulduru yaxınlıqdan keçən karvana basqın etdi: tacirlər öldürüldü, əmlakları talandı.
Həmin gün müsəlman hissəsinə bitişik erməni məzarıstanında kazaklar bir ermənini qətlə yetirirlər. Daşnaklar bunun günahını müsəlmanların üzərinə yıxır və şəhərdə iğtişaş törətməyə başlayırlar. Birinci gün Köçərli məhəlləsinə hücum olur. Bu hücumda bir erməni öz qonşusu olan Abbas bəy adlı müsəlmanın oğlunu, qardaşını, qardaşının bir neçə xidmətçisini qətlə yetirir. Bir az sonra erməni xəfiyyə cəmiyyəti tərəfindən öyrədilmiş diş həkimi Maşoryans camaat arasına çıxıb iğtişaşa dair nitqlər söyləməyə başlayır: "Bu saat təzə xəbər çıxıbdır ki, şəhər kənarında müsəlman kəndi olan Zarıslıda dörd nəfər ermənini məzlum surətdə öldürmüşlər". Bu xəbər şəhərdə vəziyyəti daha da gərginləşdirir, daşnaklar müsəlman dükanlarını dağıdıb tökməyə, yanğınlar törətməyə başlayırlar. Avqustun 17-də ermənilər Şuşada başladıqları qəddarlıqları yeni vəhşiliklərlə tamamlayırlar. Qəddar ermənilərin belə təcavüz və ədalarını görən azərbaycanlı cavanlar din xadimlərinin sakitləşdirmə çağırışlarına belə baxmayaraq, şəhərdə iğtişaşçılara qarşı müqavimət hərəkatı yaradırlar. Bu, əsl müharibə idi. Ermənilər evlərdə, həyətlərdə ələ keçən azərbaycanlıları odlu və soyuq silahlarla qətlə yetirməyə başlayırlar. M.S.Ordubadiyə göndərilən məlumatlarda bildirilir ki, əgər müsəlmanların ətrafdan gələn könüllüləri min nəfər idisə, ermənilərinki ondan on qat artıq idi.
18 avqust hadisələri zamanı Şuşada dəhşətli faciələr baş verir. Erməni quldur dəstələri məhəllə-məhəllə gəzib müsəlman evlərinə, mülklərinə od vurur, dükanları qarət edib dağıdırlar. Nəhayət, müsəlman könüllüləri həmin gün güc toplayıb erməni hissələrini alırlar. Avqustun 19-da azərbaycanlılar qüvvələrini səfərbər edib yenidən erməni separatçılarına qarşı qəti hücuma keçirlər və ermənilər müqavimətə dözməyib geri çəkilirlər. Günün sonunda müsəlmanların qəti qələbəsini görən erməni arximandriti və qubernator Baranovski məscidin həyətinə gəlirlər. Arximandrit ağlaya-ağlaya müsəlmanlara yalvararaq sülh təklif edir və deyir: "Amandır, müsəlmanlar! Şuşada ermənilər müqəssir olsalar da, daha erməni qalmayıb. İndi bir ovuc əlsiz-ayaqsız erməni qalıbdır. Onlara rəhm ediniz".
Bütün bunlara baxmayaraq, avqustun 20-də müsəlmanların sakit olduğunu görən erməni millətçiləri yeni təxribatlar törətməkdə davam edirlər. Terrorçu qrupların bu hərəkəti azərbaycanlı könüllülərini təbdən çıxarır və onlar yenə hücuma başlayırlar. Ermənilərin Şuşada tamamilə məhv olacaqlarına az qalmış hökumət məmurları, erməni ruhaniləri və əsgərlər əllərində kilsə bayraqları və "İncil"lə, başlarında xaçlar musiqi sədaları altında məscidə daxil olur və sülh təklifi ilə yenə də müsəlmanlara müraciət edirlər. Sülh istəyən müsəlmanlar onlarla razılaşırlar. Buna baxmayaraq, həmin gün də erməni evlərindən azərbaycanlılara qarşı şiddətli atəşlər açılmaqda idi. Xəyanətkarlıqlarından əl çəkməyən mənfurlar barışdan sonra realnı məktəbi təmir edən 17 iranlı fəhlənin başını kəsirlər. "Daşnaksütyun"un əsgərləri evinə qayıdan qubernatoru atəşə tuturlar.
Tarixi mənbələrdə göstərilir ki, bu münaqişədə azərbaycanlıların 20 evi, böyük sayda dükanı dağıdılmış, çoxsaylı dinc sakin həlak olmuşdu. Malıbəyli kəndi talan edilmiş, Xankəndidə kazakların gözləri qarşısında qadınlar və uşaqlar qılıncdan keçirilmiş, doktor K.Mehmandarovun və azərbaycanlılardan ibarət silahlı dəstəyə başçılıq edən Nəcəfqulu ağa Cavanşirin malikanələri yandırılmışdı.
İkinci Şuşa faciəsi
Yelizavetpol quberniyasında, o cümlədən Şuşa qəzasında qanlı hadisələr bununla sona yetməmişdi. Erməni-azərbaycanlı münaqişələri dövründə burada general-qubernatorlar dəfələrlə dəyişdirilmişdi. Ağrılı hadisələr dövründə sonuncu general-qubernator Qoloşşapov olmuşdur. M.S.Ordubadi yazırdı ki, Qoloşşapov yalnız zahirən sadə və təvazökar görünürdü. Əslində isə o, tamahkar, məkrli, başqalarının hesabına varlanmış bir şəxs idi. Ermənilərin xahiş və şikayətlərinə həmişə diqqətlə yanaşır, azərbaycanlıları cərimələyir, onları cəzalandırır, halbuki hər baş verən mənfi halları, hətta qətlləri də ermənilər törədirdilər.
Qoloşşapov geri çağırılandan sonra yerinə Alftan təyin edilmişdi. General Alftan isə hər iki tərəfi bir gözdə gördüyündən bəzi yerlərdə vəhşilik edən erməniləri cərimə edir, hətta cəza da verirdi. Ermənilərə belə bir adam qətiyyən sərf etmədiyindən daşnaklar yeni hiylələrə əl atır, imperatriçəyə, qraf Vorontsova şikayətlər yazırdılar. Canişin şikayətlərin düzgünlüyünü yoxlamaq üçün ora bir neçə müstəntiq göndərir, istintaqdan sonra həmin şəxsin təqsiri üzə çıxmadıqda "ermənilərin xətrinə dəyməyən canişin" Gəncə quberniyasını iki general-qubernatorun ixtiyarına verir. Quberniyanın yarısı general Alftana, qalan hissəsi isə Qoloşşapova tapşırılır. Qoloşşapov ikinci dəfə Şuşaya gəldiyi gün dörd azərbaycanlı bağdan meyvə apardıqları vaxt daşnaklar tərəfindən Əsgəranda öldürülür. Müsəlmanların şikayətinə qubernator laqeydcəsinə: "Yoldan, yəni camaatın gediş-gəliş sahəsindən kənar işlər mənim ixtiyarımdan kənardır", - deyib öz mənzilinə qayıdır. Bundan bir qədər sonra Yevlaxdan Şuşaya gələn bir neçə erməni məliyi qaçaqlar tərəfindən qətlə yetirilir. General dərhal Şıxlar kəndindən 2 min manat cərimə aldırır. Gorus uyezdinin qaçaqları bir erməni pristavı öldürdüklərindən müsəlmanların əsilzadəsi Nəcəfqulu ağa üç ay həbsə salınır.
Hadisələr baş verən ərəfədə ermənilər Əsgəran yolunu bağlayıb şəhərlə mahalın əlaqəsini tamam kəsirlər. Bu da ondan ötrü idi ki, müsəlmanlara heç bir yerdən əsla kömək gəlməsin. Nəhayət, 1906-cı il iyulun 12-də ermənilər bir neçə gün əvvəl öz əcəli ilə ölmüş həmvətənlərini generala göstərərək bildirirlər ki, bu adam azərbaycanlılar tərəfindən qətlə yetirilmişdir. General fikirləşmədən Köçərli məhəlləsinə artilleriya atəşi açılması barədə əmr verir. Həmin gün bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətraf kəndlərdən yığılmış 10 minə yaxın erməni könüllüsü, silahlı nizami əsgərlər və qaçaqlar azərbaycanlı məhəllələrinə hücuma keçirlər. Nəticədə beş gün ərzində şəhərin erməni hissəsi ilə sərhəddə olan bütün müsəlman evləri, eyni zamanda Köçərli məscidi top atəşləri ilə dağıdılır və yandırılır.
Nəvvabın yazdığına görə, Köçərli məhəlləsində mərhum şahzadə Bəhmən Mirzəyə mənsub olan və sonra oğlanları və ailəsinin yaşadığı ev də Qoloşşapovun fitvası ilə birləşmiş erməni-rus quldur dəstələri tərəfindən yandırılır. Lakin azərbaycanlılar bu döyüşdə də hünər göstərərək erməniləri evlərinə, kazakları isə qərargahlarına qədər qovurlar. Döyüşlərin beşinci günündə azərbaycanlıların üzərinə qəti hücumlar başlanır. Hər tərəfdən ümidləri üzülən müsəlman könüllüləri ölüm-dirim savaşına qalxırlar. Məhz onda 70 yaşlı qocalardan tutmuş 7 yaşlı oğlan uşaqlarına qədər bütün azərbaycanlılar əllərinə silah alıb döyüşə atılırlar. Tədqiqatçı alim A.Paşayev "1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı erməni vəhşilikləri" əsərində yazır ki, azərbaycanlıların qalib gəldiyini görən general vuruşmanın altıncı günü - iyulun 18-də hər iki tərəfdən vəkil götürüb şəhərin azərbaycanlı hissəsinə gələrək hiyləgərcəsinə: "Bir quru barışıqdan ötrü işi bu məqama çatdırdınız", - deyib yalandan ağlayır. Həmin hadisələr zamanı bu məsələlərlə heç bir əlaqəsi olmayan 30 nəfər əlsiz-ayaqsız azərbaycanlı həlak olur. Ermənilər ölülərini gizlətdikləri üçün onlardan ölənlərin sayı məlum olmur. Xankəndidə olan rusların sözlərinə görə, bu hadisələr zamanı Şuşa şəhərindən 400-ə yaxın erməni ölüsü çıxarılmışdı.
İradə ƏLİYEVA,
"Azərbaycan"