İsti və bürkülü yay aylarında sərinhavalı rayonlarımızda həm əcnəbi turistlər, həm də paytaxt və digər iri şəhərlərin sakinləri ilə qələbəlik yaranır. Elə məkanlarımız var ki, gözəl təbiəti, təmiz havası, buz kimi suları ilə yanaşı, hansısa tarixi-mədəni hadisələrə, yaxud tanınmış şəxsiyyətlərə, korifey sənətkarlara bağlılığı ilə məşhurdur və həmin amilin ora turist axınında böyük rolu var. Respublikamızın dilbər guşələrindən olan İsmayıllının ən çox üz tutulan Qalacıq kəndi də məhz bu mənada daim diqqət mərkəzindədir.
Qalacıq rayon mərkəzindən 30 kilometr aralıda, dağların ətəyində yerləşir, İsmayıllı-Qəbələ yolunun üstündədir. Adı "kiçik qala" mənasını verir. Əhalisi 2 min nəfərdən çoxdur. Sakinlərinin etnik tərkibi azərbaycanlılar və ləzgilərdən ibarətdir. Əsasən bağçılıq, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq və xalçaçılıqla məşğuldurlar.
Qalacıq geniş turizm potensialına malikdir. Kəndin hər iki yanından uçqun və yarğanların arası ilə güclü dağ çayları axır. Əraziyə daxil olan kimi özünü möhtəşəm bir qalanın içərisində hiss edirsən. Kəndə il ərzində minlərlə turist gəlir. Yay fəslində isə qonaqların axını daha da çoxalır. Turistləri buranın əsrarəngiz təbiəti ilə bərabər, tarixi abidələri də cəlb edir. Abidələrdən ən məşhuru Səngər çayının sahilində yerləşən "Qasım xan" qalasının qalıqlarıdır. IX-XIV əsrlərə aidliyi ehtimal olunan tikili yerli əhali tərəfindən "Səngər qalası" adlanır. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında "Pirdavud" adlanan qəbiristanlıq dövlət tərəfindən qorunur. Ərazidə şırıltısı ilə diqqətçəkən şəlalə, göz oxşayan çoxlu sayda sərin bulaqlar çağlayır. Qalacıq şəlaləsinin hündürlüyü 50 metrdir. Şəlaləni görmək üçün dağ yolları ilə 6 kilometrlik piyada yol qət etməlisən. Amma həmin gözəlliyin seyrindən ötrü buna dəyər. Kəndin ərazisində çoxlu şabalıd bağları var.
Qalacıq kinematoqrafiya tariximizdə də silinməz izlər qoymuşdur. Rejissor Həbib İsmayılovun müəllifi olduğu Azərbaycanın ən populyar filmlərindən biri "Ögey ana" burada çəkilib. Filmdəki İsmayıl itburnu toplayarkən dağın partladılması və digər epizodların doğma yurdlarında lentə alınması ilə qalacıqlılar həmişə qürur duyurlar. O tarixə, yəni 1958-ci ilə qədər kəndə aparan cığır çox uzun, çətin və təhlükəliymiş. Həqiqətən, filmin çəkildiyi illərdə əraziyə yeni yol salınırdı və partlayış da gerçək idi.
"Ögey ana" filminin 60 illik yubileyində - 2018-ci ilin dekabrında, ərsəyə gətirildiyi Qalacıq-İstisu arasında ekran əsəri ilə bağlı abidə qoyulub. Təşşəbbüs İncəsənət Universitetinin tələbələri tərəfindən qaldırılıb və həyata keçirilib. İki kəndi birləşdirən yolun inşası zamanı yüksək qayalığın partladılması kadrı çəkilən dağlıq ərazidə büstün quraşdırılması filmin çəkilişində iştirak edən yaşlı kəndlilərin böyük sevinci ilə qarşılanıb. Abidənin üzərindəki 2 əl forması, biri İsmayılın, ikincisi isə ananın əlinin təsviridir .
Uzun illərdən sonra üzə çıxan başqa bir məqam isə "Ögey ana" filmində "İsmayıl" rolunu canlandıran Ceyhun Mirzəyevin təhlükəli epizodlarda dublyoru ilə əvəzlənməsidir. İsmayıllı rayonunun Qalacıq kənd sakini Vaqif Babayev balaca aktyorun dublyoru kimi filmdə rol alıb. Təklif ona kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olaraq film üçün dublyor axtardıqlarını deyiblər. Xarici görünüşündə İsmayıla bənzədiyi üçün, rejissor Vaqifi seçib. Kinoda həyəcanın kulminasiya nöqtəsi sayılan dağdan itburnu budağının qopardılması və partlayış səhnəsini o oynayıb. Çəkilişlər zamanı yaddaqalan digər anlar da az olmayıb. Aktyorluq təcrübəsinin yoxluğuna rəğmən, həmin səhnələrə bacarıqla çəkilən kəndin azyaşlı sakini bu işə görə müəyyən qonorar da alıb. Film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranması ilə nəticələnib. Vaqif Babayev bu filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən alınmayıb. Daha sonra başqa ixtisas üzrə təhsilini davam etdirib, xalçaçılıqla məşğul olub.
Hər halda, qədimlərdən bu kəndin təməlini qoyanların, zaman-zaman abadlığına böyük töhfələr verənlərin, kinematoqrafiyamızın şah əsərlərindən birini yaradanların əksəriyyəti indi həyatda olmasalar da Qalacıq da, "Ögey ana" da yaşayır və tez-tez köhnə xatirələri yada salırlar...
Qurban CƏBRAYILOĞLU,
"Azərbaycan"