14 Mart 2025 18:07
20131
Tədbirlər
A- A+
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tam variantını təqdim edirik.


Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?


Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.

Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.


- Builki Forumun mövzusu “Dünya Düzəninin Yenidən Düşünülməsi”dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?


- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.

İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.


-Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir?


- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.

Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.


-Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobal kollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərək irəliləyə bilərik?


- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.

Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.

Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.


- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?


- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.

Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.


- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrin başlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm bir hissədir, elə deyilmi?


- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.

Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.

Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək.


- Siz artıq prezident Trampla danışmısınız və o Sizin fikirlərinizi bölüşürmü?


- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir.


- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çox xoşdur.


- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.


-Sağ olun. Sizi görmək xoş idi.


- Sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!