Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verdilər, videoçarx nümayiş olundu.
Bildirildi ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Bu layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.
“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı, biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.
BP-nin regional prezidenti Qəri Counz dedi: Bu, hər iki tərəfdə yerləşən nəhəng çənlərin idarəetmə modullarıdır. Hər tərəfində belə üç çən var. Olduqca nəhəng qurğudur.
Prezident İlham Əliyev: Bəli, həqiqətən də möhtəşəmdir. Video çox əhatəli idi. Sıfırdan nəhəng infrastruktur qurğusu yaradılıb.
Qəri Counz: Burada – zavodda gördüyünüz hər şey poladdan hazırlanıb.
Prezident İlham Əliyev: Bəli, bu da ən böyük nailiyyətlərdən biridir. Çünki başlanğıcda bu, heç də belə deyildi. Lakin bir müddət sonra bütün inşaat işləri burada həyata keçirildi. Bu, əhəmiyyətli nailiyyətdir. Bundan başqa, bir neçə gün əvvəl “Akademik Xoşbəxt Yusifzadə” tankerini istismara verərkən, biz faktiki olaraq bütün gələcəyimizə, neft-qaz layihələrinə mühüm töhfə vermiş bu ərazinin, zavodun keçmişi ilə bağlı xatirələrimizi bölüşdük. Çünki əgər o, 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə: Bəli, burada dərin özüllər zavodu Heydər Əliyevin sayəsində tikildi. O, olmasaydı, zavodu burada tikməyəcəkdilər.
Qəri Counz: Görüləcək çox iş var. Bilirsiniz ki, biz “Şahdəniz”də də dərində qazma işləri aparırıq. Çox maraqlıdır. Növbəti 30 il bəlkə də son 30 ildən daha da maraqlı olacaq.
Prezident İlham Əliyev: Bəli, xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, düşünürəm ki, əsl vaxtında olacaq. Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək. Praktik nəticələr ilkin proqnozdan ən azı iki dəfə artıq oldu. Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də tarixi fürsətdir.
Qəri Counz: Bu, bizim məqsədimizdir.
Rövşən Nəcəf: Tərəfdaşlarla müzakirə etdiyimiz ideya ondan ibarət idi ki, tərəfdaş olmaq sadəcə mənfəət və xərclərin bölüşməsi deyil. Eyni zamanda, bilik və yeni texnologiyaların mübadiləsidir. Ona görə biz daha yaxşı nəticə əldə etmək üçün yeni mütəxəssisləri, yeni fikirləri və yenilikləri bir araya gətiririk.
Sonra Prezident İlham Əliyev, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və BP-nin regional prezidenti Qəri Counz dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdılar.
Prezident İlham Əliyev: Bizim daha bir vacib mərasimimiz var. Qəri Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir.
Qəri Counz: Cənab Prezident, bu, mənim üçün gözlənilməz oldu. Sizə çox təşəkkür edirəm.
Prezident İlham Əliyev: Siz buna həqiqətən layiqsiniz. Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm.
Qəri Counz: Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidenti Qəri Counza təqdim etdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib
28 Mart
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!