06 Dekabr 2023 08:00
739
CƏMİYYƏT
A- A+

Polisi kimlər və niyə hədəfə alır?

 

Əsl hədəf isə dövlətçilik, sabitlik və Zəfərin reallıqlarıdır

 

Bir neçə gün öncə Qəbələdə polislə asayiş pozucuları arasında baş vermiş insident sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Sərxoş halda avtomobil idarə edən, ətrafdakı vətəndaşların həyatına təhlükə yaradan şəxsin saxlanılması zamanı onun yaxınları daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə maneə yaradıb, polisə qarşı zorakılıq edib, xidməti avtomobilə xəsarət yetiriblər. 
İctimai qaydaları kobud şəkildə pozan və bununla da cinayətə yol verənlərin zərərsizləşdirilməsi prosesində adamlar daha da azğınlaşıblar. Ən acınacaqlı hal isə odur ki, polisə daş atanlar arasında yeniyetmə də var imiş.
Və polis bu azğınlaşmış kütləni, sərxoş insanları ram edərkən daş atan yeniyetmə ilə də xoşagəlməz hal yaşanıb. Olaya DİN rəhbərliyi dərhal reaksiya verib, təcili xidməti yoxlama aparılıb və polis əməkdaşı "yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşma" səbəbi ilə daxili işlər orqanlarından xaric olunub.

 

Dövlətə, qanuna, sabitliyə atılan daş… 

 

Məsələ burada yekunlaşa bilərdi. Ancaq boşboğaz qaragüruh, sosial şəbəkə avantüristləri və əlbəttə ki, məlum xarici şəbəkələrin inhisarındakı trol dəstələri "ənənəyə" uyğun olaraq, stəkanda fırtına yaratmağa başladılar. Bunun ardınca isə xaricdən fəaliyyət göstərən məlum saytlar "araşdırmalara" start verdilər.
Əslində, nə baş verib və bu prosesdə hansı məqam daha çox qabardılmalı, müzakirə mövzusu olmalıdır? 
İctimai sabitlik, milli təhlükəsizlik hər bir dövlətin mövcudluğunun əsas şərti olmaqla bərabər inkişafının vacib zəmini, vətəndaş rifahının mühüm amilidir. Son onillikdə bir-birinin ardınca tənəzzülə uğrayan, əhalisi savaşlarda, terrorda məhv edilən, ən yaxşı halda miqranta çevrilən ölkələrin timsalında bu həqiqəti aydın görmək olar. 
Dövlətin təhlükəsizliyi məhz kiçik küçədəki asayişin təminindən başlayır. Azərbaycanda polisin xidməti fəaliyyətinin əsas qayəsi də ictimai asayişi təmin etmək, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq, dövləti hər cür təhdiddən qorumaq, vətəndaşın təhlükəsizliyini hifz etməkdir. Qəbələdə də məhz bu vəzifə icra olunub!
Həmin gün yalnız polisə - asayişi bərpa etməyə, insanların təhlükəsizliyinə yaranmış aşkar təhdidi aradan qaldırmağa çalışanlara daş atılmırdı. Daş həm də Azərbaycan qanunlarına, Azərbaycanın sabitliyinə, Azərbaycanın təhlükəsizliyinə atılırdı və bu bənzətmədə zərrə qədər də mübaliğə yoxdur! 
Əgər bu məsələ kontekstdən çıxardılıb, təfriqəçi yozumlar kütləvi hal almasa idi, mövzuya qayıtmazdıq. Ancaq nə görürük? Yanlışa bəraət qazandırmağa, cinayətkarı "məzlum" kimi təqdim etməyə cəhdlər var. Qanuna itaətsizlik normal hal, hüququn qorunması "hüquq pozuntusu"-tək göstərilir. Cinayətə haqq qazandırılır!
Hər sərxoş, tüfeyli, əyyaş bu dövlətin sipərlərinə, mövcudluq rəmzlərinə daş atmaq cəsarətini özündə tapırsa, buna adi hadisə kimi yanaşıb, yan keçmək olmaz! Ən əsası isə bu daşı atanlar sırasında gələcəyimiz adlandırdığımız yeniyetmələr olacaqsa, aşkar təhlükəni görməmək mümkün deyil! 

 

Qərb Vəndamda nə itirib, nə axtarır?..

 

Bu dövlət güclüdür! Və dövlətin gücü yalnız onun Şuşa, Xankəndi Zəfəri ilə məhdudlaşmır! 
Bu dövlətin gücü, qüdrəti onun qanunlarında, təhlükəsizliyində, konstitusiya quruluşunun möhkəmliyində və insanların bu dəyərlərə dərin ehtiramında, sədaqətindədir. Əgər bunlar sarsılarsa… 1988-1993-cü illəri unutmayaq…
Yeri gəlmişkən, məlum mövzuda ajiotaj yaradanlar da məhz 30 il öncəki xaosun, "bespredelin" birbaşa müəllifləri və mənəvi-ideya davamçılarıdır ki, bugünkü canfəşanlıqları da təsadüfi sayıla bilməz!
Əlbəttə, Vəndam qəsəbəsində baş verən insidenti "xaricdən idarə olunan təxribat" kimi dəyərləndirmirik. Təxribat sadəcə bu olayın təfsirində və yanlış yozumundadır. Bu "izahlarla" dövlətə, qanunlara, asayişə qarşı çıxmaq aşkar təşviq olunur. Açıq deyilir ki, "xidməti vəzifəsini həyata keçirən polisə müqavimət vətəndaşın hüququdur"; "asayişi təmin etməyə çalışan polisə daş atmaq insan hüquq və azadlıqlarının təməlidir"…
Bu absurd iddialara, sərsəm fikirlərə normal təfəkkür sahibləri reaksiya verməməlidir. Ancaq unutmayaq ki, bu məkrli rəylər çox təhlükəli tendensiyanın yayılmasına, ölkədə zorakı meyillərin artmasına birbaşa yönəlir. Sosial şəbəkələrin geniş əhatə dairəsini, xəbərin doğruluğu yoxlanılmadan bir neçə dəqiqədə minlərlə insana çatması, auditoriyanın çox vaxt düşüncə və nəticə çıxartma qabiliyyətinə tam cavab verməməsi kimi narahatedici məqamları nəzərə alsaq, "Vəndam ssenarisinin" müəlliflərinin əsl məkri aydın olar. Zatən bir neçə onillikdir ki, sosial şəbəkələrin təhlükəli təsiri ilə kiçik insidentlərdən böyük böhranlar yaranır! 
Avropada, ABŞ-də oturub oradan maliyyələşərək, burada hansısa kiçik bir nüansı axtarıb tapan, onu şişirdib, yenə şişirdib, daha çox şişirdib, vətəndaş-dövlət problemi səviyyəsinə qaldırmağa çalışanların bəd niyyətini uzun illərdir yüzlərlə faktın timsalında əyani görürük. Qərbdən maliyyələşən saytların və "blogerlərin" Vəndam mövzusunda xüsusi fəallığı da, əlbəttə ki, tarixi Zəfərdən sonra daha da rəzilləşən anti-Azərbaycan kampaniyasının hələ ki, kiçik elementi, sabah isə mühüm "hədəflərindən" olacaq…
Onların məqsədə çatıb-çatmaması bizim öz vətəndaş mövqeyimizə, dövlət qarşısında öhdəliklərimizə, sayıqlığımıza, ən əsası isə dövləti və bizi qoruyanlara olan mənəvi borcumuza nə qədər sahib çıxmağımızdan birbaşa asılıdır!

 

Cinayətkar qarşısında polisi niyə qolubağlı görmək istəyək ki?

 

Dövlətə, onun hüquqi meyarlarına, dəyərlərinə meydan oxumaq cinayətdir, - bu, birmənalıdır. 
Cinayətkarın, - istər məişət xuliqanı olsun, istərsə də qatil, - qarşısında bəyəm polis qolubağlı dayanmalıdır? Ətrafdakı insanların həyatına təhdid yarananda polis qaçıb gizlənməlidir?
Bu dövlətə daş atanlar, dəyənək qaldıranlar təəssüf ki, çox olub. Ötən əsrin 90-cı illərinin ortalarında daxili işlər orqanlarının rəhbərliyinin və şəxsi heyətinin mübarizliyi, fədakarlığı sayəsində dövlətçiliymizə qarşı yönəlmiş onlarla, bəlkə yüzlərlə qəsd, iğtişaş, qanunsuz aksiya qətiyyətlə yatırılıb. 
20 il öncə dövlətimizin "olum, ya ölüm" seçimi qarşısında qaldığı 15-16 oktyabr hadisələrini xatırlayaq. Azadlıq meydanına toplaşaraq milli azadlığa divan tutmağa hazırlaşan azğınlaşmış yüzlərlə silahlı quldurun içinə bir tapançası ilə qorxmadan girən cəsarətli polkovnikin və onun mübariz əməkdaşlarının şücaəti bu qorxaq və xəyanətkar yığnağını bir həmlədə zərərsizləşdirmədimi?!
Tarix heç nəyi unutmur! Biz də unutmağa imkan verməməliyik. Son 30 ilin bütün bu kimi hadisələrində dövlətə, müstəqilliyə və onların rəmzləri olan prezidentlərə qarşı silahla dirənənlərin qarşısında hüquq-mühafizə orqanları, xüsusən də polis dəyanətlə dayanıb, onları iflasa uğradıb!
Bu gün onlar əllərinə silah ala bilməzlər. Amma ümidləri qalıb daş-kəsəyə… Qorxaqlıqlarından hərəsi qaçıb bir küncdə gizləndiklərindən son nicat kimi sərxoş qardaşların xuliqanlığından bəhrələnməyə cəhd edirlər.
Polisi hədəfə, qınaq obyektinə çevirməyə çalışırlar. O polisi ki, səhərdən axşama, gecədən sübhə qədər Bakıdan Kəlbəcərə, Lənkərandan Şuşaya, Qubadan Xankəndiyə qədər postda, ərazidə, ictimai asayişin keşiyindədir. Hər kəs bayram günlərində ailəsini başına yığıb istirahət etdikdə Azərbaycan polisi gücləndirilmiş rejimə uyğun olaraq işə çıxır, təhlükəsizliyimizin etibarlı keşiyində dayanır, rahat bayram keçirməyimizi təmin edir. Binada qəza baş verəndə polis əməkdaşı yanğına məhəl qoymayaraq içəri daxil olur, canı bahasına insanları xilas edir. Çaylarda sellər daşanda daxili işlər orqanlarının əməkdaşları yenə də öndə olur, xilasedici, bənd möhkəmləndirmə işlərində yardımlarını əsirgəmirlər. 
Azərbaycan polisi eyni qəhrəmanlığı hər gün, hər yerdə nümayiş etdirir!
İnsanları, həyatımızın sakit axarını qorumaqdan ötrü özünü ölümün ağzına atır. Əli silahlı cinayətkarların üzərinə bəzən hətta yalın əllə gedərək igidlik göstərir. Həyatını, sağlamlığını şüurlu surətdə təhlükədə qoyan Azərbaycan polisi dövlətə və cəmiyyətimizə layiqincə xidmət edir! Bütün risklərə, çətinliklərə rəğmən, öz missiyasını şərəflə yerinə yetirir, mübarizliyini, sayıqlığını bir an belə əldən vermir. Əfsus ki, bunların hamısını çəkib göstərmək, yaymaq, şəkillərin, videotəsvirlərin yaddaşında əbədiləşdirmək mümkün olmur. Çünki polis xidmətə gedəndə özü ilə fotoqraf, jurnalist aparmır. Həm də hansı təhlükə ilə üzləşəcəyini irəlicədən bilmir. Ona görə də polisimizin qürurdoğuran fəaliyyətinin bəlkə heç 90 faizindən xəbər tutmuruq. 
Biz bu əmək, fədakarlıq, qəhrəmanlıq sayəsində yaradılan sabitliyi, rahatlığı, özgüvəni həyatımızın hər saniyəsində yaşayırıq. Amma insanlarda, ümumən cəmiyyətdə bu hissin hansı çətinliklər bahasına yarandığının bəlkə də heç fərqində olmuruq….
Onlar şəhiddir, şəhid övladlarıdır və hər an şəhid olmağa hazır qəhrəmanlardır...

 

Azərbaycanda DİN öz əməkdaşına cəza verir, ABŞ və Avropada isə…

 

Bizim avantürist-macəraçılar hər məsələdə ABŞ və Avropa ilə müqayisə aparmağa çalışırlar. Biz də həqiqət naminə bir müqayisə edək.
Vəndamda xidməti vəzifələrini icra edən polis əməkdaşlarına tətbiq olunan zorakılıq hansısa Qərb ölkəsində baş versəydi, orada bu mövzuya rəsmi və ictimai reaksiya necə olacaqdı?
Azərbaycan polisinin ABŞ və Avropadakı həmkarları insanın rənginə uyğun onun cinayətkarlığını "müəyyən" edir, əli cibində olan şəxsi "cibində silah zənn etdim" bəhanəsi ilə güllələyir, etiraz mitinqinə çıxanları rezin güllələrlə, gözyaşardıcı qazlarla "zəhərsizləşdirir"… Bəyəm Qərbdə polis vətəndaşların üzərinə itlə hücuma keçəndə, onları atın nalları ilə əzəndə baxır ki, hansı qocadır, hansı uşaq?... Və bunlara görə onları mühakimə edirlərmi? 
Bir arqumentləri var: qanunun tələblərini qoruyuruq! Bəs onda Azərbaycan polisinin qayda pozucusunu maşına mindirməyi niyə "insan hüquqlarına müdaxilə" sayılır, Qərb polisinin isə az qala qarşısına çıxanı güllələməsi "xidməti vəzifənin icrası"?
Əslində, tarixi Zəfərimizə "işğal", Xankəndiyə "Stepanakert" deyən, bizdən Ermənistanın məğlubiyyətinin qisasını almağa çalışan dövlətlərdən, təşkilatlardan, insanlardan ədalətli mövqe gözləməyə dəyərmi?
Ümumiyyətlə, Qərbdə polis vətəndaşın yanında deyil, tam əksinə, qarşısındadır. Vətəndaş polisə ehtiyac duyduqda onu tapa bilmir. Orada polisin fəaliyyəti vətəndaşı yox, yalnız hakimiyyəti qorumaqdır. Azərbaycanda isə polis iqtidarı qorumur, çünki buna ehtiyac da yoxdur! İqtidarı xalq qoruyur və hakimiyyətə daxildən heç bir təhdid yoxdur! 
Bir məqamı da unutmayaq, Azərbaycanın Daxili İşlər Nazirliyi Vəndamda yaranmış gərginlikdə emosionallıq göstərən əməkdaşını cəzalandırıb, xidmətdən xaric etdi. ABŞ-də isə belə əməkdaşı həm rütbədə, həm də vəzifədə yüksəldər, Avropada isə mükafatlandırardılar. 
Əgər qarşında cinayətkar, xuliqan dəstə varsa, ətraf insanların həyatına təhlükə yaranıbsa, sənin borcun o təhdidi təcili aradan qaldırmaqdır. Əsas budur, qalanı təffərrüatdır…
Yeri gəlmişkən, polisə daş atmaq təfəkküründə, səviyyəsində tərbiyələndirilən yeniyetmənin psixoloji, mənəvi durumu müvafiq orqanlar tərəfindən araşdırılmalı, nəzarətə götürülməli, sərxoş ailəsinin naqis mühitinin təsirindən qorunmalıdır. O yeniyetmə bu cəmiyyətə qaytarılmalıdır - sağlam düşüncədə, yetkin vətəndaş mövqeyində, dövlətinə və xalqa sevgi ruhunda, məsuliyyətli insan kimi… 

 

Bir daha düşünək: Kimdir polis?

 

Polisin fəaliyyətində bəyəm problem yoxdur? Əlbəttə ki, var! 
İş olan yerdə hansısa nöqsanların baş verməsi də təbiidir. Polisin fəaliyyətində də xidməti qəbahətə, nöqsana, çatışmazlıqlara rast gəlinir. Amma burada xüsusi diqqət ediləsi bir məqam var: bütün bu problemlər əksər hallarda məhz daxili işlər orqanlarının rəhbərliyi tərəfindən aşkarlanır. Onların qarşısının alınması üçün konkret addımlar atılır. Vəzifə öhdəliklərinə riayət etməyən əməkdaşlar cəzalandırılır, orqanlardan kənarlaşdırılır. Polis haqqında ictimai əhəmiyyət kəsb edən hətta ən epizodik rəy, fikir, iddia belə reaksiyasız qalmır. Polis orqanlarına qəbul edilən gənc, cüssəli, yüksək-mənəvi əxlaqi keyfiyyətlərə malik, müasir dünyagörüşlü gənclərlə bu orqanlar mütəmadi qaydada yenilənir. 
Ətrafımızda od içində yanan, terrorizmə, dini radikalizmə, insan alverinə, silah, narkotik qaçaqmalçılığına və digər çeşidli cinayətlərə sürüklənən qan-qada dolu bir dünya var. Və bu dünyanın tam mərkəzində qərar tutmuş Azərbaycanı da oda yaxmaq istəyənlərin, bu torpaqları da saysız-hesabsız cinayətlərin məkanına çevirməyə can atanların sayı o qədər çoxdur ki...
Belələri sərhədlərdən kənarda da var, elə öz içimizdə də. Amma Prezidentin yürütdüyü mahir siyasət buna imkan tanımır, bu siyasətə uyğun olaraq sabitliyi, sakitliyi, asayişi göz bəbəyi kimi qoruyan Azərbaycan polisi belə cəhdlərə macal vermir.
Bir daha düşünək: Kimdir polis?
Bizim asayişimiz üçün özlərini qurban verən qəhrəmanlardır…
Dövlətin təhlükəsizliyini qorumaq naminə canlarını sipər edən fədailərdir…
Müstəqilliyin əbədiliyi, ölkənin sabitliyi üçün terrorçunun üstünə yeriyən, cinayətkarı bir həmlədə zərərsizləşdirən igidlərdir…
Onlar həm də Vətən uğrunda şəhidlərdir…
Gecə-gündüz demədən, yağışa-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyən, küçələrdə rahatlığı təmin edən, bədnam ünsürlərə əl-qol açmaq imkanı verməyən əsl dostlardır…
Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirməyə müvəffəq olan peşəkarlardır...
Məmləkətimizin vətənpərvərləridir, ər oğullarıdır...
105 illik istiqlalımızın 105 illik canlı sipərləridir...
Ən nəhayət, Vətən savaşı, antiterror əməliyyatı, Qarabağ, Şərqi Zəngəzur, Şuşa, Xankəndi, Azərbaycan deməkdir - Polis... 

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video