"Açıq deyirəm, onları əzəcəm"
Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra daxili gərginlik qalmaqdadır. Seçki qutularından qalib çıxan Baş nazir Nikol Paşinyanın son açıqlamaları Ermənistanda köhnə elita ilə mübarizənin bitmədiyini, əksinə, daha amansız formaya keçdiyini nümayiş etdirir.
Hakimiyyət sülh ritorikası ilə daxildə müxalifəti zərərsizləşdirmək xəttini eyni vaxtda yürütməyi planlaşdırır. Nikol Paşinyan erməni xalqının seçkilərdə birmənalı sülhə səs verdiyini deyib. Baş nazir bildirib ki, əgər Ermənistan vətəndaşları arasında hökumətin kursu ilə razılaşmayan insanlar varsa, onları küçələrə çıxmağa, ölkədə inqilab etməyə və hökuməti dəyişdirməyə çağırır: "Əks halda bu prosesi dayandırmaq mümkün deyil".
Hökumət başçısının müxalifətə ünvanladığı, "razı deyilsinizsə, çıxın inqilab edin" çağırışı, əslində, rəqiblərinə qarşı psixoloji meydan oxumaqdır. Baş nazir revanşist müxalifətin geniş xalq kütlələrini arxasınca aparmaq potensialının zəif olduğunu bildiyindən cəsarətli ritorika ilə onların çarəsizliyinə və cəmiyyətdəki dəstəksizliyinə diqqət çəkir.
Hökumət başçısı revanşistlərin sülh prosesinə qarşı təbliğatını sərt tənqid edərək vurğulayıb ki, "üçbaşlı müharibə koalisiyası" ölkəni sonsuz münaqişə məntiqinə qaytarmağa çalışır: "Onların Ermənistanın siyasi həyatından silinməsi gündəliyimizin prioritetinə çevrilir və onları bütün mümkün vasitələrlə bir-bir kökündən kəsəcəyik". Paşinyan vurğulayıb ki, bu gün dövlət üçün yeganə təhlükə mənbəyi revanşist qüvvələrin və onların peyklərinin hərəkətləridir. "Açıq deyirəm, onları əzəcəm", - deyə o bildirib. Bu, azmış kimi, N.Paşinyanın konkret adlar çəkərək Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Koçaryanı açıq hədəf alması daxili siyasi müstəvidə yeni gərginlik və "təmizləmə" mərhələsinin anonsudur. Baş nazir yaxın gələcəkdə Ermənistanda müxalif siyasi qruplara qarşı ciddi hüquqi prosedurların, təzyiq və həbs dalğasının başlayacağını açıq tərzdə dilə gətirir.
N.Paşinyan bir məqama da diqqət çəkərək vurğulayıb ki, sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığı Almatı Bəyannaməsinin möhkəm təməli üzərində qurulub. "Amma parlamentdəki müxalifət fraksiyalarının 29743 kvadratkilometr ərazi ilə məhdudlaşmamaq barədə iddiaları qonşulara müharibə elanıdır. Bununla onlar birbaşa təhlükəsizlik təhdidləri yaradırlar", - deyə Baş nazir bildirib. O, həmçinin rəsmən bəyan edir ki, Ermənistanın gələcək varlığı və sülhün təmini yalnız qonşuların, ilk növbədə isə Azərbaycanın ərazi bütövlüyünü tam tanımaqdan keçir. Müxalifətin manipulyasiya etdiyi ərazi iddialarını sərt tənqid edən N.Paşinyan bildirib ki, əgər Ermənistan keçmiş iddialarından və qonşularına qarşı gizli müharibə bəyanatlarından əl çəkməsə, bu, regiondakı bütün dövlətləri Ermənistana qarşı vahid koalisiyada birləşməyə sövq edəcək. Bu da ölkənin tam təcrid olunması, hətta dövlətçiliyinin itirilməsi deməkdir.
Baş nazirin səsləndirdiyi ittihamlar artıq hüquq-mühafizə orqanları səviyyəsində praktiki müstəviyə keçməyə başlayıb. Yayılan xəbərlərə görə, Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasından (MSK) bəzi müxalif namizədlərə qarşı cinayət işinin açılması üçün icazə istəyib. "Joqovurd" nəşri yazıb ki, seçki kampaniyası zamanı Baş nazir Nikol Paşinyan dəfələrlə Robert Koçaryan, Qaqik Sarukyan və Samvel Karapetyanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib. Məlumata görə, müxalifətin nüfuzlu simalarına qarşı yeni məhkəmə prosesləri başlana bilər. Qeyd edilən şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçiləcəyi də istisna edilmir. Xatırladaq ki, Robert Koçaryan, Samvel Karapetyan, Qaqik Sarukyan, Narek Karapetyan və digərlərinin ölkədən çıxışlarına qadağa qoyulub.
Ermənistanda hazırda baş verənlər daxili klanların davası olmaqla bərabər, ölkənin geosiyasi seçiminin təzahürüdür. Paşinyan müxalif qüvvələri zərərsizləşdirməklə Qərblə inteqrasiya və Azərbaycanla sülh xəttini geri dönməz etməyə çalışır.
Ümumi mənzərəyə baxdıqda, Paşinyanın sülh mövzusunu daxili siyasi qütbləşmədə özü üçün qalxana çevirdiyi görünür. Baş nazir müxalifəti müharibə, korrupsiya və dövlətin məhvi, özünü isə sülh, sabitlik və real Ermənistanın qorunması formulu ilə cəmiyyətə təqdim edir. Azərbaycanla münasibətlər kontekstində Ermənistan rəhbərliyinin revanşizmin ölkə üçün intihar olduğunu daxili auditoriyaya bu cür izah etməsi müsbət siqnaldır. Lakin bu bəyanatların nə dərəcədə real sülh müqaviləsinə və Ermənistan konstitusiyasındakı ərazi iddialarının çıxarılmasına çevriləcəyini yaxın gələcəkdə atılacaq praktiki addımlar müəyyən edəcək.
İsmayıl QOCAYEV,
"Azərbaycan"