Bir yanda xam pambığın emalı davam edir, bir yanda da sahələr əkinə hazırlanır, yaz aratı üçün suvarma kanalları çəkilir
Pambıq strateji əhəmiyyətli bitkidir. Pambıqçılıq isə əməktutumlu sahədir. Muğan, Mil, Aran Qarabağ bölgələrində minlərlə fermer bu gün də pambıq əkib-becərməklə məşğuldur.
Prezident İham Əliyevin bir neçə il öncə pambıqçılığın dirçəldilməsi ilə bağlı imzaladığı sərəncamlar kənd təsərrüfatının sözügedən sahəsində böyük dönüş nöqtəsi oldu. Pambığın istehsalı, tədarükü, emalı ilə məşğul olan yeni müəssisələr yaradıldı. Bu gün onlar bağlanmış müqaviləyə əsasən, əkindən tutmuş yığıma kimi fermerləri toxum, mineral gübrələr, texnika və maddi vəsaitlə təmin edirlər. Həmin müəssisələrin ərazilər üzrə fəaliyyət göstərən sahə rəisləri, sahə aqronomları hər zaman fermerlərin yanında olur, onlara lazımi tövsiyə və məsləhətlərini verirlər.
Pambıq əkib-becərənlərə dövlət tərəfindən verilən subsidiyalar isə bu sahəyə marağı daha da artırıb. O səbəbdən pambıq yetişdirən fermerlərin sayı ilbəil nəzərəçarpan dərəcədə artır. Onu da qeyd edək ki, pambıq həm də digər bitkilər üçün ən yaxşı sələfdir. Belə ki, növbəli əkinin tətbiqi nəticəsində bitkilər xəstəliklərə qarşı davamlı olur, yoluxmur və daha məhsuldar olur.
Yola saldığımız 2025-ci təsərrüfat ilində salyanlı pambıqçılar 33 min 927,8 ton məhsul istehsal etmişlər. Hər hektardan ortalama 36,1 sentner məhsul yığılmışdır. Bu göstərici ilə Salyan Azərbaycanda ən çox pambıq istehsal edən 5 rayondan biri olmuşdur.
Məlumdur ki, pambıq həm də ölkəmizə valyuta gətirir. Ondan hazırlanan yüksəkkeyfiyyətli mahlıc xarici ölkələrin şirkətləri tərəfindən razılıqla alınır. Hazırda emal müəssisələrində bu işlə məşğuldurlar. Belə müəssisələrdən biri də "PRİME Cotton" MMC-nin Salyan filialıdır.
Filial keçən il 393 fermerdən 11 min 709 ton xam pambıq təhvil götürüb. Bu da hər hektardan 43,8 sentner məhsul deməkdir. İstehsalat şöbəsinin rəisi Əliskəndər Əliyev deyir ki, bu, son illərin ən yüksək göstəticisidir. Onunla birlikdə mahlıc istehsal olunan sexə daxil oluruq. Pambıq tayalarının nəyə görə az gözə dəydiyinin səbəbini soruşuruq. "Artıq məhsulun 80 faizini emal etmişik", - deyə cavab verir.
İrəlidə fırlanan irihəcmli barabanlardan qalxan toz dumanını külək qovub aparır. Burada iş prinsipi belədir: tayalardakı pambıq hava sovurması ilə talvarlara ötürülür. Talvarlarda çalışan fəhlələr həmin məhsulları yenə də havasovurucu borularla həmin irihəcmli borulara ötürürlər. Burada xam pambıq istilikdə qurudularaq dediyimiz sovurma yolu ulə təmizləmə sexinə göndərilir. Təmizləmə sexində işləyən qurğular sahədən gətirilərək tayalara vurulan pambığı belə demək mümkünsə, zir-zibildən təmizləyir. Növbəti mərhələ isə pambığın çiyiddən ayrılması, didilməsi prosesidir. Əvvəlki yolla bura gələn pambıq ötürücü yolla presləmə sexinə göndərilir. İşin yekunlaşdığı bu sexi müəssisənin ürəyi də adlandırmaq mümkündür. Mahlıc halına gətirilən məhsul burada xüsusi qurğuda yüksək təzyiq altında kipləşdirilir. Ağ rəngli bez parçasına bələnən və xüsusi məftillə bağlanan kiplər laboratoriya müayinəsindən keçirildikdən, çəkildikdən və nömrələndikdən sonra transportyorlarla hazır məhsulların yığıldığı anbara yığılır.
MMC-nin Salyan filialında indiyədək emal edilən 9 min ton xam pambıqdan 3 min 883 ton yüksəkkeyfiyyətli mahlıc, 73 ton lint, 62 ton ulyuk və 4 min 580 ton çiyid alınıb. Satışa gedən 2 min 178 ton mahlıc əsasən qardaş Türkiyənin şirkətləri və eləcə də Mingəçevir və Sumqayıtdakı müəssisələr tərəfindən alınıb. Çiyid isə həm Şirvan şəhərindəki Yağ-Piy Kombinatına göndərilir, həm də pərakəndə ticarət şəbəkələrinə verilir.
İki növbədə çalışan kollektiv emalı aprel ayının ortalarınadək başa çatdırmağı planlaşdırıb. Kollektivdə təcrübəli, qabaqcıl işçilər çoxdur. Baş presləyici Əjdər Əliyev, presləyici köməkçiləri Vidadi Rzayev, Yasər Xankişiyev, laborant Şahinə Qarayeva, növbə rəisi İlkin Bayramov, operatorlar Səxavət Kərimov, Rövşən Qarayev belələrindəndir.
Filial tərəfindən cari il 2 min 900 hektarda pambıq əkib-becərmək üçün 414 nəfər fermerlə müqavilə bağlanılıb. Hazırda sahələr əkinə hazırlanır, yaz aratı üçün suvarma kanalları çəkilir, digər işlər həyata keçirilir. Ağırtonlu TIR maşınları isə Türkiyədən lifsiz çiyid toxumları, ammafos gübrəsi daşıyıb gətirir.
Seyran CAVADOV,
"Azərbaycan"