Qələbə sevinci,
eyni zamanda çətinlik və problemləri ilə həmişə yaddaşlarda yaşayacaq 2020-ci il
başa çatmaq üzrədir. Məhz bu il xalqımız 27 illik həsrətə son qoydu. Qalib Ordumuz
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cənnətməkan Qarabağımızı
düşmən tapdağından azad etdi. Xalq, iqtidar, ordu birliyi sayəsində əldə olunan
bu Qələbə ümumxalq bayramına çevrildi.
Paytaxt Bakının
baş meydanında Qələbə münasibətilə dekabrın 10-da Zəfər paradı keçirildi. Xalqımız
Azərbaycanın ən yeni tarixini öz qanları ilə yazan, canlarından keçən şəhidlərimizi
böyük iftixar, qürur, sayğı və minnətdarlıq hissi ilə yad edir. Başa çatmaqda olan
2020-ci il kimi çox illər keçəcək, insanlar nəsil-nəsil bu dünyaya gələcək və qocalıb
köç edəcək, ölməzliyə qovuşan şəhidlərimiz isə həmişə yaşayacaqlar. Müstəqil respublikamızın
ərazi bütövlüyünün bərpa edilməsində mühüm payları olan oğullar kimi, qazilərimiz
də alnıaçıq, üzüağ gəzəcəklər. Qısa şəkildə desək, başa çatmaqda olan ilin ən mühüm,
ən başlıca uğuru budur.
Çətinliyə
gəldikdə isə o, həmişə olub. Bəlkə də onsuz həyatın özü mənasız görünərdi. Hər şey
çətinlik, gərgin əmək nəticəsində əldə olunanda daha şirin, daha qiymətli olur.
Bu ilin mart ayından başlayan koronavirus pandemiyası həmişə hərəkətdə olmuş, iş
görməyə alışmış insanların sanki əl-qolunu bağlamışdır. Məhdudiyyətlərə, karantin
rejiminin sərt qayda-qanunlarına əməl etməyə məcbur olan adamlar bu bəlanın çəkilib
gedəcəyi günü böyük səbirsizliklə gözləməkdədirlər. Belə bir durumda torpaq mülkiyyətçiləri,
fermerlər karantin qaydalarına əməl etməklə bərabər, bir an da olsun əllərini işdən
soyutmurlar. Vəziyyət Salyan rayonunda da belədir.
Salyan respublikamızın
ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Pambıqçılıq isə burada aqrar sahənin
mühüm bir hissəsini təşkil edir. Qeyd etdiyimiz çətinliyə baxmayaraq, rayonda cari
ildə pambıqçılıqda qazanılan nəticələr sevindiricidir. Rayon üzrə 5 min 10 hektar
sahədən 20 min 335 ton "ağ qızıl” yığılıbdır. Hər hektarın məhsuldarlığı 40,5 sentner
təşkil edir. Bu, pambıqçılıq rayonları arasında ən yüksək göstəricidir. Qazanılan
parlaq qələbədə "P-Aqro” MMC rayon filialının rolu böyükdür. Müəssisə 2017-ci ildə,
pambıqçılıq sürətli inkişaf dövrünə qədəm qoyduqdan sonra yaradılıb.
Savadlı, işgüzar,
adamlarla işləmək qabiliyyəti, bacarığı olan kadrlar həyatda həmişə özlərinə yer
tapa bilirlər. Onlardan biri də Mərdan Cəlilovdur. O, Salyan rayonunun Sarvan kəndində
böyüyüb boya-başa çatıb. Məlumdur ki, Sarvan təkcə Salyanın deyil, bütün respublikamızın
kənd təsərrüfatı sahəsində hələ sovetlər birliyi dövründə ad-san çıxarmış yaşayış
məntəqələrindəndir. Ağlı kəsəndən Mərdan da atasının, özündən böyük qardaşının,
qohum-qonşusunun torpaqla ülfət bağladığını görüb. Özü də bu yolu seçib. Aylar,
illər keçdikcə torpağın sirlərinə bələd olmağa çalışıb. Kolxoz quruluşu ləğv edildikdən
sonra pay torpağını əkib-becərir, yüksək məhsul əldə edir. Sonralar təsərrüfatını
genişləndirir. Toxumçuluq sahəsində tez bir zamanda yaxşı fermer kimi ad çıxarır.
Əkinçiləri yüksək keyfiyyətli arpa, buğda, yonca toxumu ilə təmin edir. Qazancı
da yaxşı olur. O, eyni zamanda fermer kimi növbəli əkin sisteminin tətbiqinə xüsusi
diqqət yetirir. Pambıq əkdiyi sahələrdən də yüksək məhsul götürür. Bunlara görə
dövlət başçısının sərəncamı ilə İkinci dərəcəli "Əmək ordeni” ilə təltif olunur.
"P-Aqro” MMC-nin rayon filialı yarananda həmin
keyfiyyətlərini nəzərə alaraq Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel
Atamalıyev əlaqədar təşkilatlar qarşısında bu müəssisəyə rəhbərlik etməyə Mərdan
Cəlilovun namizədliyini irəli sürür. Təklif qəbul olunur.
M.Cəlilov
ilk gündən işə ürəklə girişir. Şorsulu kəndində pambıq qəbulu məntəqəsinin tikilməsi
üçün gecəli-gündüzlü çalışır, ətrafına bacarıqlı mütəxəssislər toplayır. "Yaxşı
başlanğıc işin yarısıdır” deyiblər. Sadəliyini, nəcibliyini, sözünə bütöv adam olduğunu
görən torpaq mülkiyyətçiləri, fermerlər onun başçılıq etdiyi filialla müqavilə bağlayırlar.
Filialın işçiləri də öz növbəsində əkindən tutmuş yığıma qədər kənd əməkçilərinin
yanında olur, müqavilədə nəzərdə tutulmuş şərtlərin vaxtında və yüksək keyfiyyətlə
yerinə yetirilməsinə çalışırlar. Məhz bunun nəticəsidir ki, hər il yüksək məhsul
yetişdirilir. Bu ilin göstəriciləri daha ürəkaçandır. 2 min 150 hektar sahədən
9 min 96 ton pambıq əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 42 sentnerdən çox
olmuşdur. Ümumi məhsulun 90 faizi maşınlarla yığılmışdır.
"P-Aqro” MMC Salyan filialının əldə etdiyi bu göstərici
respublika üzrə ən yaxşı nəticədir. Belə bir uğurun əldə edilməsində ayrı-ayrı sahibkarların
əməyi böyük olmuşdur. Onlardan biri Sarvan kənd sakini Adıgözəl Əliyevdir. O, hər
hektardan 52 sentner "ağ qızıl” əldə edib. A.Əliyev deyir: "Bu qədər pambıq yetişdirməyimin
səbəbkarı dövlətimiz və müqavilə bağladığım müəssisədir. Sağ olsunlar, bizə hər
cür qayğı göstərirlər. Şum, mala, əkin, becərmə işlərinin aparılmasında bizi toxum,
lazımi texnika, mineral gübrələr, ziyanvericilərlə mübarizə üçün preparatlarla təmin
edirlər. Becərmə zamanı kətmənləmə, suvarma işlərinin aparılmasında da yanımızda
olurlar. Filialın mütəxəssisləri iş prosesində, demək olar ki, hər gün bizə baş
çəkir, kultivasiyanın, suvarmanın və digər aqrotexniki tədbirlərin həyata keçirilməsində
öz tövsiyələrini verirlər. Kim belə şəraitdən inciyə bilər?! Becərmə və yığımda
çalışanlar yaxşı əməkhaqqı alırlar. Pambıq yığımı zamanı qazandığımız pul dərhal
kartımıza köçürülür. Bununla bərabər, müəyyən müddətdən sonra hər kiloqram üçün
dövlətdən 10 qəpik subsidiya da alırıq. Bütün bunlara görə insanlar pambıq əkməyə
meyil göstərir”.
Sahibkar sonra
bunları da əlavə edir: "Bu il çox şərəfli bir il oldu. Hamımızın ürəyində qubar
bağlayan Qarabağ dərdimizin çarəsi tapıldı. Onu Prezident, Ali Baş Komandan İlham
Əliev tapdı. Xalqımız dəmir yumruqla, özünün dediyi kimi, düşmənin başını əzdi.
Müharibədə bizim kənddən də bir neçə gənc şəhidlik zirvəsinə ucaldı. Allah bütün
şəhidlərimizə rəhmət eləsin. Müharibənin başlanması pambıq yığımı ilə eyni vaxta
düşdü. Biz də arxa cəbhədə çalışdıq ki, daha çox "ağ qızıl” toplamaqla ölkəmizin
iqtisadi gücünün artmasına kömək edək. Vahid komandanlıq altında hamının bir zindana
vurması nəticəsində qazanıldı bu Qələbə və hamımızı sonsuz dərəcədə sevindirdi”.
Ramil Rəhimov
və Zabil Əliyev də filial üzrə yüksək göstərici əldə edən fermerlərdəndir. Onlar
müvafiq olaraq hər hektardan 50 və 45 sentner məhsul götürüblər. Digər mülkiyyətçilərin
uğurları da yaxşıdır. Bu isə xoş güzəran üçün başlıca şərt olan gəlirlərin də yaxşı
olması deməkdir.
Beləcə, filialın
kollektivi 2020-ci ili uğurla başa vurur. Onlar indi növbəti ilin bol məhsulu üçün
götür-qoy edir, tədbirlər görürlər. Artıq 1000 nəfərdən çox sahibkar gələn il pambıq
əkmək qərarına gələrək müəssisə ilə müqavilə bağlamışdır. Müqavilələrin sayı artmaqda
davam edir. Bu isə deməyə əsas verir ki, filialın kollektivi birinciliyi əldə saxlamaq
üçün indidən çalışır, əzmkarlıq göstərir. Atalar demişkən, niyyətin hara, mənzilin
də ora.
Seyran CAVADOV,
"Azərbaycan”