Azərbaycan 2025-ci ildə 128 ölkəyə məhsul ixrac edib
Neft sənayesi Azərbaycan iqtisadiyyatında aparıcı sahə olub və bu gün də ölkənin gəlirlərinin formalaşmasında çəkisi yüksək olaraq qalır. Lakin hasilatın azalması səbəbindən bu sahədə artım və gəlirlər müəyyən qədər azalıb.
Belə bir halın qarşısının alınması üçün illər öncə lazımi tədbirlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən islahatlar sayəsində inkişaf edən qeyri-neft sektoru formalaşıb. Bu hesaba ötən il də neft-qaz sənayesindən fərqli olaraq qeyri-neft sektorunda yüksək artım müşahidə edilib.
Qeyri-neft-qaz sektorunda, o cümlədən sənayesində olan artım dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərir. Son bir neçə ilin rəqəmlərinə baxdıqda görürük ki, büdcə gəlirlərində qeyri-neft gəlirlərinin çəkisində dinamik artım var. Bunun başlıca səbəblərindən biri qeyri-neft məhsullarının ixracında artımın davamlı xarakter almasıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdiyi "İxrac icmalı"nın 2026-cı ildəki ilk buraxılışı ötən ilin yekunlarına həsr edilib. İcmala əsasən, 2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 2024-cü illə müqayisədə 8,1 faiz artaraq 3,6 milyard dollar olub.
Ötən il aqrar məhsullar üzrə ixracın dəyəri 26,7 faiz artaraq 1 milyard, aqrar-sənaye məhsulları üzrə isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə 2025-ci ildə qeyri-neft-qaz məhsullarının ixracının dəyəri 3,6 milyard dollar təşkil edib. Həmin dövrdə yeyinti məhsullarının ixracının dəyəri 1,2 milyard, aqrar və aqrar sənaye məhsullarının birgə ixracı isə 18,9 faiz artaraq 1,3 milyard dollar olub. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pomidor (tomat) ikinci, karbamid isə üçüncü yerdə qərarlaşıb. Bəzi məhsullar mövsümlə əlaqədar olaraq önə keçə bilir. Məsələn, 2025-ci ilin dekabr ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında xurma birinci olub. Bu siyahıda qızıl ikinci, qabığı təmizlənmiş meşə fındığı isə üçüncü qeydə alınıb. Ötən il ən çox qeyri-neft sektoruna aid məhsul Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə, Ukraynaya ixrac olunub.
2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, TABATERRA QSC, "STP Alüminium" MMC, "Export Stream" MMC, P-AQRO MMC, KHANEL MMC, AGRARCO MMC təmsil ediliblər. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Socar-Dalğıc" MMC, "İstisu" mineral su zavodu MMC, "Azərbaycan Dəmir Yolları" QSC, SOCAR CAPE MMC yer alıblar.
2025-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 18,1 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib. Ötən il "Azərkosmos" dünyanın 43 ölkəsinə 18,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri göstərib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. Keçən ilin dekabr ayında isə "Azərkosmos" dünyanın 35 ölkəsinə 1,7 milyon dollar dəyərində xidmət göstərib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində olan ölkələr - Birləşmiş Krallıq, Lüksemburq, İsveç, Türkiyə və Nigeriyadır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir ki, cari ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 268,4 milyon dollar təşkil edib. Ötən ay yeyinti məhsulları üzrə ixrac 22,6 faiz artaraq 103 milyon dollara bərabər olub.
Ötən ay ixrac olunan şəkər 2025-ci ilin ilk ayına nisbətən 169,3, pambıq iplik 137,6, bitki və heyvan mənşəli piylər və yağlar 90,8, alüminium və onlardan hazırlanan məmulatlar 39,5, meyvə-tərəvəz 32,1, pambıq lifi 23,2, çay 20,9, spirtli və spirtsiz içkilər 14,2 faiz artıb. Yanvar ayında aqrar məhsullar üzrə ixracın dəyəri 85,7 milyon, aqrar-sənaye məhsulları üzrə 21,9 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 23,8 faiz artaraq 107,6 milyon dollara çatıb.
Bu günlər Dövlət Statistika Komitəsi də keçən ilin xarici ticarət üzrə rəqəmlərini açıqlayıb. Bildirilir ki, 2025-ci ildə Azərbaycan 180 ölkə ilə ticarət əməliyyatları həyata keçirib. 128 ölkəyə məhsul ixrac, 173 ölkədən idxal olunub.
Ötən il gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 48 milyard 905,8 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 24 milyard 526,1 milyon dollarını (50,1 faizini) ixrac, 24 milyard 379,7 milyon dollarını (49,9 faizini) idxal məhsullarının dəyəri təşkil edib və nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, real ifadədə isə 8,6 faiz, o cümlədən idxal 8,5, ixrac 8,7 faiz azalıb.
Rüstəm KAMAL,
"Azərbaycan"