26 Iyun 2022 02:39
961
SİYASƏT
A- A+

Ordun varsa, yurdun da var

 

Ordu gücdür, qüdrətdir. Ordu qürurdur, xalqın ümid, güvənc yeridir. Dövlətin isə əsas atributlarından biridir. Müdriklər ordunun bir millətin taleyində və tarixində rolunu dəyərləndirərkən "Ordun varsa, yurdun da var" demişlər. Bu gün bizə qələbə sevinci yaşadan, yağı düşmənə layiq olduğu yeri göstərib yurda fərəh gətirən, Qarabağımızda bayrağımızı ucaldıb üzümüzü ağardan Azərbaycan Ordusunun yaranma günüdür.

1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndə qeyd edilmişdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik dövlətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi.

Amma yaradılan ordu nə müstəqilliyi, nə də özünü qoruya bildi. İşğalçı bolşevik ordusu 1920-ci ildə Azərbaycanı ilhaq etdikdən sonra Müdafiə Nazirliyi də ləğv edildi. "Qırmızı"lara müqavimət göstərən Milli Ordu zabitlərinin bir qismi güllələnərək öldürüldü, bir qismi həyatını sürgünlərdə, zülm və zillət içində keçirdi. Qaçıb canını qurtarmağı bacaran az bir qisim ordu mənsubu isə ömrü boyu mühacirət həyatı yaşamaq məcburiyyətində qaldı...

 

Hakimiyyətsizlik və xaos dövrü

 

1990-cı illərdə dünyada baş verən siyasi kataklizmlər, SSRİ-də gedən proseslər, Qarabağda ermənilərin başladığı separatçı hərəkat, silahsız əhaliyə qarşı edilən vandalizm bizi Milli Ordu yaratmağa məcbur edirdi. Nəhayət, 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Təəssüf ki, işlər arzu olunan kimi getmədi. Ölkə qaynar qazana bənzəyirdi. Respublikada xaos, özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Vətənin, torpaqların müdafiəsi naminə Silahlı Qüvvələrdə xidmət etmək istəyən vətənpərvər oğullarımız isə istəmədikləri halda bir qrup hakimiyyət davası edən siyasətbazın əsirinə çevrildi, siyasi oyunların oyunçuları oldular. Hər gün torpaqlarımızın itirilməsi haqqında xəbərlər eşitmək, məğlubiyyət acısı almaq ümidlərimizi itirirdi. İş o yerə gəlib çatmışdı ki, dövlət yox olmaq təhlükəsi ilə üz-üzə qalmış, Azərbaycan isə bir neçə yerə parçalanmaq həddinə çatmışdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev fəaliyyətə ordu quruculuğu ilə başladı. Qısa bir zamanda müəyyən siyasi qüvvələrin nəzarətində olan hərbi birləşmələr ləğv edilərək vahid komandanlıq altında birləşdirildi. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordunun formalaşdırılmasının əsasını qoydu.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan az sonra Azərbaycan Ordusu Füzuli istiqamətində hücuma keçərək düşmənə ilk məğlubiyyət acısını yaşatdı, onu sülh danışıqlarına məcbur etdi. Müvəqqəti atəşkəs haqqında saziş imzalandı. Ulu Öndər qeyd edirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

Ümummilli Liderin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 1918-ci il 26 İyun - Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. 1998-ci ildə Milli Ordunun yaranmasının 80 illiyi münasibətilə keçirilən tədbirdə ölkədə mükəmməl bir ordunun yarandığını Azərbaycan dövlətinin uğuru kimi qeyd edən Ulu Öndər deyirdi: "Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır. Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi nöqteyi-nəzərdən çox qısa  zamanda Azərbaycanda güclü Milli Ordu yaranıbdır".

 

Strateji hesablamalar, dəqiq nəticələr

 

Əslinə qalsa, ölkəmizdə ordu quruculuğunun təməli Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti illərində qoyulmuşdur. Fəhmi ilə hadisələri qabaqlamağı bacaran, tədbirli xüsusiyyəti ilə seçilən xalqımızın dahi oğlu 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bugünkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoymuşdu. Nəticədə keçən əsrin 70-ci illərinin sonlarında ittifaqın 45-dən artıq ali hərbi məktəbinə ildə Azərbaycandan 800-900 nəfər gənc göndərilirdi. SSRİ-nin müxtəlif hərbi hissələrində qulluq edən soydaşlarımız sonradan yaranan Azərbaycan Ordusunun təşkilatçıları, onun sıralarında şərəflə qulluq edən zabitləri oldular.

 

Ordu quruculuğunda yeni mərhələ

 

Hakimiyyətə gəldiyi gündən Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bəyan edən Prezident İlham Əliyev ordu quruculuğu sahəsində də bu ənənəni layiqincə davam etdirdi. Yeni zabit kadrların hazırlanmasına, təchizat və təminat işlərinə diqqət artırıldı. Qoşun növlərində yenidən komplektləşdirmələr aparılaraq əsgər və zabitlərin döyüş hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə hərbi təlimlərə xüsusi önəm verildi. Əsgərlərimiz dost, qardaş ölkələrin orduları ilə birgə təlimlərə cəlb edildi. Ordumuzun yeni, modern silahlarla təchizatı gücləndirildi, dəmir nizam-intizam yaradıldı. Ordumuz dünyada sülhyaratma missiyasını yerinə yetirməyə qadir bir vəziyyətə gətirilərək sülhün və təhlükəsizliyin təminatçısı kimi töhfəsini verməyə başladı. Azərbaycan sülhməramlıları dünyanın bir sıra dövlətlərində, münaqişə ocaqlarında ölkəmizin adını şərəflə təmsil etdilər. Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin torpaqlarımıza xaincəsinə hücumunun qarşısı qətiyyətlə alınaraq 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarımız azad edildi. Ordumuz düşməni sarsıdıcı məğlubiyyətə uğratdı.

Bu gün ordumuzun gücü ilə öyünməkdə haqlıyıq. Artıq Azərbaycan regionun təkcə iqtisadi, siyasi cəhətdən yox, həm də hərbi qüdrətinə görə lider dövlətidir. Ordumuz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Silahlı Qüvvələrimiz vətənimizi və dövlətimizi bütün təhlükələrdən qorumaq gücünə qadirdir.

Bugünkü ordunu Müzəffər Ali Baş Komandan İlham Əliyev qurub. Bu ordunu qələbəyə onun qətiyyəti, uzaqgörən siyasəti və əzmi apardı. Qazanılan qələbədə, əldə olunan uğurda Ali Baş Komandanın inamlı davranışı, xalqdan aldığı güc və sərkərdəlik qabiliyyətinin rolu misilsizdir.

44 günlük Vətən müharibəsində əldə olunan böyük qələbədən sonra ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinə start verilib. Yeni istehkam bölükləri, Türkiyədə xüsusi təlim keçmiş Komando hərbi hissəsi işğaldan azad olunmuş ərazilərdə şərəflə xidmət edib vətənimizin təhlükəsizliyinin keşiyində ləyaqətlə dururlar. Hadrutda yeni yaradılmış Komando hərbi hissəsinin açılışında iştirak edən Müzəffər Ali Baş Komandan ölkədə ordu quruculuğu sahəsində görülən işlər haqqında danışarkən demişdir: "...Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik".

Bu gün ordumuzla fəxr etməkdə tam haqlıyıq. Müzəffər Ordumuz torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etdi. Canları, qanları ilə tarix yazıb bayrağımızı ucaldan, gecəsini gündüzünə qatıb Vətəni qoruyan oğullarımızın hər zaman başları beləcə uca olsun!

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video