Qobustan qoruğu isə beynəlxalq turist marşrutunun tərkibinə daxildir
Azərbaycan təbiəti mövcud 11 iqlim qurşağının 9-nu özündə qoruyub saxlayır. 1925-1930-cu illərdə yurdumuzun ilk qoruqları - Göygöl, Zaqatala və Qızılağac, 1936-cı ildə Hirkan, 1958-ci ildə isə Türyançay yaradılıb. 1959-cu ildə ümumi sahəsi 46,8 min hektar olan daha 8 qoruq (Qobustan, Pirqulu, Şirvan, Qarayazı, Ağgöl, İsmayıllı və İlisu) bu siyahıya əlavə edilib. Daha dəqiq desək, 1930-cu ildən 1990-cı ilə kimi dövlət qoruqlarının sayı 3-dən 15-ə çatdırılıb. 2004-cü ildə isə artıq ümumi sahəsi 194.898 min hektar (ölkə ərazisinin 2.28 faizi qədər) olan 13 qoruq, 4 milli park və 17 yasaqlıq mövcud idi.
ABŞ, Kanada, Cənubi Amerika, Afrika, Avropada və MDB ölkələrində isə yaşı yüzə çatan milli parklar olsa da, qoruqlar yoxdur. Lakin ölkəmizdə milli parklardan öncə qoruqlarımız olub ki, adı və şöhrəti nəinki Cənubi Qafqazda, hətta dünyada məşhurdur. Təkcə onu deyək ki, Böyük Qafqazda 6, Kiçik Qafqazda 3, Talış dağlarında 1, Kür-Araz və Lənkəran ovalıqlarında 4 dövlət qoruğu yaradılıb. Bir sözlə, Qızılağac və Qobustan beynəlxalq, 12 regional və Qaragöl isə ölkələrarası qoruq hesab olunur. Qobustan qoruğu isə beynəlxalq turist marşrutunun tərkibinə daxildir.
Naxçıvan Muxtar Respublikasında 2003-cü ildə yaradılan Şahbuz Dövlət Təbiət Qoruğu Batabat gölü və Biçənək aşırımı ərazilərindədir. Burada 2899 bitki növü yayılıb. Qoruğun ərazisində şabalıdı və torflu torpaq tiplərinin inkişaf tapması landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayır.
Böyük Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində, Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu ildə yaradılan Zaqatala Dövlət Təbiət Qoruğunda 900-dən artıq bitki növü yayılıb. Hətta bu meşələrdə yaşı 200-250 il olan, hündürlüyü 30 metrə çatan fıstıq ağaclarına rast gəlmək mümkündür. Qoruqda yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və kəpkər, quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Azərbaycanın “Qırmızı kitab”ına, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini dünya “Qırmızı kitab”ına daxil edilib. Qoruğun nəzdində təbiət muzeyi fəaliyyət göstərir.
1958-ci ildə Ağdaş və Yevlax rayonları ərazisində, dəniz səthindən 400-650 metr hündürdə təşkil olunan Türyançay, eləcə də Pirqulu, həmçinin Şirvan Dövlət Təbiət Qoruğunda 30 növ məməli, 9 növ sürünən, 6 növ amfibiya, 64 növ quş mövcuddur. Bir neçə növ bitki (qaraçöhrə), heyvan (qonur ayı, vaşaq, köpkər), quş (tetra) “Qırmızı kitab”a salınıb.
Ağstafa rayonunda, Kür çayının sol sahilində 1978-ci ildə təşkil olunan Qarayazı, Laçın ilə Ermənistanın Gorus rayonu sərhədində yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunu da bu siyahıya əlavə etməliyik.
1987-ci ildə Qax rayonunun ərazisində yaradılan İlisu Dövlət Təbiət Qoruğunda 500 növ bitki var. 2004-cü ildə Samux rayonu ərazisində yaradılmış Eldar Şamı Dövlət Təbiət Qoruğu mühafizə və elmi-tədqiqat idarəsi statusuna malikdir. Qoruğun yaradılmasında başlıca məqsəd dünyada yeganə vətəni olan Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaqdır.
1974-cü ildə Zəngilan rayonunda yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə yaradılan qoruq çinarlıq ərazinin 93,5 faizini əhatə edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Burada yaşı 1200-1500 il, hündürlüyü 50, diametri 4 metrədək olan ağaclara da rast gəlinirdi.
Azərbaycan Prezidentinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilən Milli Strategiya və Fəaliyyət Planında bildirilir ki, təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə, habelə digər su ekosistemləri və ekoloji komplekslərində canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox fauna və flora növləri, cinslər məhv olmuş və ya onların sayı kəskin surətdə azalmağa başlamışdır. Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir.
Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında milli parkların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Milli parklar dedikdə, təbii ki, xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik ərazilər nəzərdə tutulur.
2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl milli parkları da yaradılıb. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına Şahbuz Dövlət Təbiət Qoruğu genişləndirilib. Eyni sərəncamla o, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.
Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi genişləndirilərək 14 hektara çatdırılıb. Azərbaycan Prezidentinin sərəncamı ilə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu torpaqları hesabına Samur-Yalama Milli Parkı da yaradılıb. Ümumiyyətlə, ölkə ərazisinin 3,7 faizini milli parklar təşkil edir. Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara rayonlarının ərazisindədir. Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən ərazilərini əhatə edir. Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.
Kür-Araz ovalığının Cənub-Şərqi Şirvan düzənliyində Şirvan Dövlət Milli Parkı, Şirvan Dövlət Təbiət Qoruğu və Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan milli parkın ərazisində 34 növünə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı kitab”ına, 10-u Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısına, 10-u isə həm Azərbaycanın “Qırmızı kitab”ına, həm də Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısına daxil edilib.
Ölkəmizdə gəzməli, görməli və istirahət etməli təbiət guşələrindən biri də Göygöl Milli Parkı, Göygöl Dövlət Təbiət Qoruğudur. O, 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan milli park yarımadanın cənub-şərq qurtaracağında - Şah Dili ərazisindədir. Parkda 50-dən artıq quş və heyvan, 25-ə qədər bitki növü mövcuddur. Respublikamızın şimal-şərqində, Xızı və Siyəzən rayonlarının ərazisindəki Altıağac Milli Parkı 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılıb. Şahdağ Milli Parkı da ölkəmizdə turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edən füsunkar guşələrdən biridir.
Azərbaycanda milli parkların yaranması dövlətin daim diqqət mərkəzindədir. Bununla yanaşı, son illər təbiətə qayğı Heydər Əliyev Fondu tərəfindən xüsusi layihələrlə həyata keçirilir.
Təbiətə ana deyib göz bəbəyi kimi qorusaq da, onun ekoloji tarazlığını pozan problemlər son illər bəşəriyyətdə ciddi narahatlıqlar doğurmaqdadır. Artıq buna görə həyəcan siqnalı çalınır. Bioloji müxtəlifliyin qorunmasını ekoloji siyasətin prioritet istiqamətlərindən hesab edildiyini bildirən mütəxəssislərin fikrincə, bunun başlıca səbəbi təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühitin çirklənməsi və qlobal iqlim dəyişkənlikləridır. Məhz ekoloji tarazlığın pozulmasının nəticəsidir ki, 2020-ci ilə qədər flora və fauna növlərinin 20 faizdən çoxunun kökünün kəsilməsi təhlükəsi yaranıb.
Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”