14 Avqust 2022 01:19
890
SİYASƏT
A- A+

O yollar hara, bu yollar hara…

 

İndi yolumuz da dünyaya nümunədir

 

Azərbaycanda bugünkü yol infrastrukturunun keçmişdəkindən necə fərqləndiyini göstərən bir uşaqlıq xatirəsi yadıma düşür. Təxminən 1965-ci il olardı. Babamgil bizi çağırdılar ki, dayınız Bakıya gedir və ona pay üçün Seyfəlin bağından gilas yığmaq lazımdır.
Bu bağa kəndimizdən 15 kilometrlik bərbad bir yol uzanardı ki, onu ya araba, ya da  yük maşını ilə gedərdilər. Şabut dayının  QAZ-53 markalı yük maşını bizə indinin "CİP"lərindən üstün idi. Yəni Abdulla dayının arabasından sallanıb gəzən uşaqlar üçün QAZ-53-ə minmək təyyarədə uçmaq qədər unudulmaz hadisə idi. 
Dayım, daha doğrusu, anamın dayısı alim idi və Bakıda yaşayırdı. Kəndimizin sayılıb- seçilən yetirməsi olan bu həlim təbiətli insanı heç kim heç vaxt əsəbiləşib özündən çıxan görməmişdi. Bizdən başqa...
Sözün qısası, dayım oturdu QAZ-53-ün kabinəsində, bizi də "kuza"ya dırmaşdırdı. Bağa çatana kimi maşında o qədər silkələndik ki, axırda bağırsaqlarına düyün düşən adamlar kimi sancılandıq. Seyfəlin gilas bağında dayım  dedi ki, 5 yeşik seçmə gilas yığmalıyıq. Anladıq ki, bu daşlı-kəsəkli yollarla 15 kilometrlik "kruiz" bizə fikirləşdiyimiz qədər asan başa gəlməyəcək. Çünkü o vaxtın yeşikləri 30 kiloqramlıq olardı. 2-3 nəfər 10-12 yaşında uşaq üçün 5 yeşiyi gilasla doldurmaq çətin iş idi. Bir-iki saatdan sonra gördük ki, alınmır, güclə bir-iki yeşiyi yarı etmişik. Gecəyə qalmayaq deyə fikirləşdik ki, bir qat gilas yığaq, üstündən bir qalın qat yarpaq vuraq. Yenə bir qat gilas, bir qat yarpaq... Günortadan bir az keçmış dayım baxdı ki, yeşikləri ağzına kimi doldurmuşuq. Kişi bizi yaman təriflədi, hər birimizə universitet boyun oldu. Elə ruhlanmışdı ki, qollarını çırmalayıb yeşikləri maşına özü vurdu. 
Şabut dayının QAZ-53-ündə silkələnə-silkələnə geri dondük. Yeşiklər tullanıb düşdükcə yarpaqlar soluxdu, gilas yarıya endi. Dayım həyətdə yarımçıq yeşikləri boşaldanda dəli oldu ki, ay qibləsizlər, bu qədər gilası haranıza yemisiniz!? Kişinin ürəyi o qədər saf idi ki, hiylə işlətdiyimizi ağlına belə, gətirmədi. 
Dünyasını dəyişənə kimi hər bizi görəndə bu əhvalatı yadımıza salardı. Dayım hardan bilsin ki, onun gilasını biz yox, yolların çala-çuxuru "yemişdi". O vaxt həqiqətən də yollar belə idi. 
İkinci Dünya müharibəsi iştirakçısı, əlil əmim İmanqulu kişi ailəsini Bakıda mer-meyvə satmaqla dolandırardı. Amma gilas mövsümündə ara-sıra əmidostu bizə xəbər gətirərdi ki, İmanqulu "batırıb", kişinin mer-meyvəsi ya yolda zay olub, ya da bazarda bir-iki günə çürüyüb. Bəli, o vaxt yollar belə idi. 
Bu gün də dünyada yolsuzluqdan əziyyət çəkən ölkələrin sayı-hesabı yoxdur. Azərbaycan isə avtomobil yollarının vəziyyətinə görə dünyada irəlidə gedən 30 ölkədən biridir. Dünya İqtisadi Forumu (WEF) vaxtaşırı dünya ölkələrində yolların keyfiyyətinə dair məlumat toplayır. Qurumun ekspertləri ölkələr üzrə yol örtüyünün keyfiyyətini qiymətləndirirlər. Məsələn, 2019-cu ilin reytinqində 138 ölkə arasında keçirilən qiymətləndirmədə uzun müddət birinci yerdə qərar tutan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) son illər Sinqapur və Avropa ölkələri tərəfindən podiumdan sıxışdırılıb çıxarılıb. Dünyanın ən pis yolları isə Mavritaniya və Çaddadır. Bunların sonunda yol örtüyünün keyfiyyətinə görə ölkələrin reytinqində bizim yollar 27-ci  yerə qədər yüksəlib. 
Ötən əsrin 90-ci illərində Azərbaycana "Röyter" agentliyinin hansısa Afrika ölkəsindən gələn əməkdaşı Tim Xyüeldən soruşdum ki, oradakı və Azərbaycandakı yollar arasında fərq nədədir? Gülə-gülə cavab verdi: "Sizdə maşın çalaya düşən kimi o saat tullanıb çıxır, Afrikada maşın çalaya düşəndə kənardan görünmür". 
70-80-ci illərdə öz aramızda danışırdıq ki, Azərbaycanın nefti özünə qalsaydı, yollarımızı qızıldan çəkərdik. Prezident İlham Əliyevin apardığı islahatlar, sözün əsl mənasında, deməyə imkan verir ki, yollarımız, doğrudan da, "qızıl"dan çəkilib. Niyə də belə fikirləşməyək - dünyanın heç bir ölkəsində kəndarası yollara bu qədər vəsait və xüsusi diqqət ayrılsın. 
Elə Azərbaycan Prezidentinin avqustun 12-də imzaladığı sonuncu sərəncam da  təsdiq edir ki, bu istiqamətdə görülən işlər səngimir. Sənəddə qeyd olunur ki, 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (19 km) - Ərəbmehdibəy-Dədəli-Qasımbəyli-Xəlilli-Mustafalı-Göydəlləkli-Təklə-Dəlilər-Qaraqoyunlu-Kəndoba avtomobil yolunun tikintisinə 3,2 milyon manat vəsait ayrılmışdır. 
Eyni zamanda işğaldan azad edilmiş torpaqlarda yeni yolların çəkilməsinə xüsusi diqqət ayrılır. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam edir. Ümumiyyətlə, hazırda işğaldan azad edilmiş ərazilərimizdə 14 avtomobil yolu tikilir ki, onlardan 8-inin çəkilişi cari ildə yekunlaşacaq. Bu günlər mühüm yollardan biri - Laçından yan keçən avtomobil yolunun tamamlanması həmin sahədə görülən işlər sırasında xüsusi önəm daşıyır.
Bu gün istənilən kənddən fermer öz malını sürətlə və itkisiz bazarlara çatdıra bilir. Kəndarası yollarda məhsulun itməsi, xarab olması ağlabatan məsələ deyil. 15 kilometrdə yeşiklərin yarıya enməsinə bu gün bir kimsə inanmaz. Bunu qeyd etməkdə məqsədimiz müharibədən qalib çıxan ölkənin sistemli uğurlarını bir daha vurğulamaqdır. İlham Əliyevin rəhbərliyi dövründə ölkənin bütün yol infrastrukturu demək olar başdan-ayağa yenilənmişdır. 2003-2021-ci illərdə yenidən qurulan və təmir olunan avtomobil yollarının, prospekt və küçələrin ümumu uzunluğu 19 min 928,3 kilometr olmuşdur. Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu isə 935,5 kilometrə çatmışdır. Üstəlik, 470 körpü və yol ötürücüsü salınmış, 101 yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. 

Bahadur İMANQULİYEV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video