Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Xıllı qəsəbəsində ətraf yaşayış məntəqələrinin inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsul şəxslərinin iştirakı ilə “Şəhərsalma və Memarlıq sahəsində qanunvericiliyin tətbiqi və dayanıqlı inkişaf prinsipləri” mövzusunda növbəti ictimai maarifləndirici tədbir keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Burcalı Ağayev Azərbaycanda şəhərsalma və memarlıq fəaliyyətinin əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri, Dövlət Şəhərsalma Normaları və Qaydaları, Ekoloji və Enerji Səmərəliliyi Normaları ilə tənzimlənməsi, müasir şəhərsalma siyasətində dayanıqlı inkişafın əsas prinsipləri olan Ekoloji Dayanıqlılıq (Yaşıl Artım), Su İdarəçiliyi, Polisentrik Şəhər Modeli və Kompaktlılıq, Sosial Bərabərlik və İnklüzivlik, İqtisadi Səmərəlilik və Rəqəmsallaşma, Mədəni İrsin Qorunması barədə geniş məruzə edərək yığıncaq iştirakçılarına ətraflı məlumat verib.
RİH-in sektor müdiri Dilavər Əliyev isə çıxışında Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin qaydaları, məcəllənin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı barədə qanunvericiliyin tələblərini izah edərək tikinti norma və qaydalarına əməl edilməklə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi monitorinqlərin keçirilməsini diqqətə çatdırıb.
Sonra RİH-in Hüquq və kadr məsələləri sektorunun müdiri Nəsib Abbasov çıxış edərək qanunsuz tikililərin Azərbaycan Respublikasında hüquqi tənzimləməyə uyğun olmayan, icazəsiz və normativləri pozan tikililər olması və bu tip tikililərin şəhərsalma qaydalarını pozmaqla, memarlıq estetikası və ətraf mühit üçün təhlükə yaratması barədə ətraflı məlumat verib. Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə və barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1; 395.1-2-ci bəndi ictimaiyyət nümayəndələrinə şərh edilib, qanunvericiliyin tələbləri ətraflı izah olunub.
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsul əməkdaşı Faiq Kazımzadə çıxışında ərazilərdə qanunsuz, özbaşına tikililərin aparılması və bunun qarşısının alınması istiqamətində həyata keçirilən inzibati tədbirlər barədə ətraflı məlumat verərək sakinlərin daşınmaz əmlak üzərində mülkiyyət hüququ olmadan qanunazidd əməllər törədərsə, tikinti işlərinin aparılmasına qarşı nəzarətinin gücləndirilməsini diqqətə çatdırıb.
İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparılıb.
Seyran CAVADOV,
“Azərbaycan”