18 Dekabr 2025 09:39
495
CƏMİYYƏT
A- A+
 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  


Müasir dünyada miqrasiya yalnız demoqrafik və sosial proses deyil, eyni zamanda insan hüquqları baxımından ciddi çağırışlar doğuran qlobal bir fenomendir. Silahlı münaqişələr, iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik, təbii və texnogen fəlakətlər, eləcə də qloballaşma və əmək bazarındakı dəyişikliklər milyonlarla insanı doğulduğu və yaşadığı əraziləri tərk etməyə məcbur edir. Bu prosesin mərkəzində isə hər zaman insan dayanır və harada olmasından, miqrasiya statusundan və hüquqi vəziyyətindən asılı olmayaraq hər bir şəxs fundamental hüquq və azadlıqlara malikdir.

Lakin təcrübə göstərir ki, məhz miqrasiya prosesində olan şəxslər, o cümlədən sığınacaq axtaranlar, qaçqınlar, əməkçi miqrantlar, vətəndaşlığı olmayan şəxslər və daxili köçkünlər insan hüquqlarının pozulması baxımından daha həssas qruplar sırasındadır. Onların saxlanma şəraiti, sənədləşmə problemləri, ayrı-seçkilik halları, sosial xidmətlərə çıxışın məhdudlaşdırılması, eləcə də effektiv hüquqi müdafiə mexanizmlərinin yetərli olmaması bu riskləri daha da artırır. Bu baxımdan, miqrasiya sahəsində insan hüquqlarının qorunması yalnız dövlətlərin deyil, eyni zamanda müstəqil nəzarət və müdafiə mexanizmlərinin fəal iştirakı ilə mümkün olur.

Miqrasiyanın səbəbləri müxtəlifdir. Müasir dövrdə insanların məcburi yerdəyişmələrinin əsas məqsədi istər ölkə daxilində, istərsə də digər ölkələrdə daha təhlükəsiz və sabit həyat şəraitinə nail olmaqdır. Nəticədə miqrasiya edən şəxslər qəbul edən dövlətlərin qanunlarına tabe olur, həmin ölkələrin konstitusiyasında və beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlardan istifadə etməklə yanaşı, müvafiq öhdəlikləri də qəbul edirlər.

Milli insan hüquqları təsisatları və ombudsman institutları miqrasiya sahəsində insan hüquqlarının müdafiəsində mühüm institusional mexanizmlərdən biridir. Paris Prinsiplərinə uyğun olaraq  bu təsisatlar müstəqil fəaliyyət göstərir, geniş mandat əsasında dövlət orqanlarının fəaliyyətinə nəzarət edir və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Miqrasiya prosesində iştirak edən şəxslər sığınacaq axtaranlar, qaçqınlar, əməkçi miqrantlar və vətəndaşlığı olmayan şəxslər bu baxımdan xüsusi həssas qruplar kimi qiymətləndirilir.

MİHT-lər və ombudsman institutları miqrasiya sahəsində fərdi şikayətlərin araşdırılması, saxlanma və yerləşdirmə yerlərinin monitorinqi, inzibati təcrübənin insan hüquqları standartlarına uyğunluğunun qiymətləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələrin hazırlanması vasitəsilə hüquqların qorunmasına töhfə verir. Eyni zamanda Paris Prinsiplərindən irəli gələn beynəlxalq əməkdaşlıq mandatı çərçivəsində bu təsisatlar beynəlxalq insan hüquqları mexanizmləri üçün etibarlı informasiya mənbəyi kimi çıxış edir və miqrasiya sahəsində dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etməsinin gücləndirilməsinə xidmət edir.

Miqrasiya sahəsində mövcud hüquq münasibətlərini tənzimləyən, insan hüquq və azadlıqlarını özündə ehtiva edən bir sıra beynəlxalq müqavilələr qəbul edilmişdir. Universal insan hüquqları sənədləri, o cümlədən Mülki və siyasi hüquqlar haqqında və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktlar miqrasiya statusundan asılı olmayaraq bütün şəxslər üçün əsas hüquqların təmin edilməsini nəzərdə tutur. Bununla yanaşı, Qaçqınların statusu haqqında Konvensiya, Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Konvensiya, habelə vətəndaşlığı olmayan şəxslər, uşaqlar, qadınlar və əlilliyi olan şəxslərə dair xüsusi konvensiyalar miqrasiya prosesində olan şəxslər üçün əlavə hüquqi təminatlar müəyyən edir. Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyaları isə əməkçi miqrantların əmək hüquqlarının qorunmasını tamamlayır.

Ombudsman institutları miqrasiya prosesinin müxtəlif mərhələlərində, xüsusilə sığınacaq prosedurlarının və hüquqi statusun müəyyən edilməsi prosesinin insan hüquqları standartlarına uyğunluğunun monitorinqində mühüm rol oynayır. Bu institutlar sığınacaq verilməsi və ya hüquqi statusun müəyyən edilməsi ilə bağlı qərarlar qəbul etməsələr də, həmin prosedurların ədalətli, şəffaf və ayrı-seçkilikdən kənar şəkildə həyata keçirilməsinə nəzarət edir.

Müxtəlif ölkələrdə milli insan hüquqları təsisatlarının və ombudsman institutlarının hüquqi mandatı və fəaliyyət sahəsi fərqli olsa da, onların ümumi insan hüquqları mandatı sığınacaq axtaranların, qaçqınların və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir. Bu baxımdan, həmin institutların fəaliyyəti miqrasiya sahəsində insan hüquqlarının təmin olunmasına dair milli mexanizmlərin gücləndirilməsinə töhfə verir.

Dünyanın bir çox ölkələrindən müxtəlif səbəblərlə Azərbaycana pənah gətirən şəxslərə dövlətimiz daima xüsusi diqqət, həssas yanaşma və tolerant münasibət nümayiş etdirib. Təəccüblü deyil ki, ölkəmiz multikultural dəyərlərə önəm verməsi ilə digər ölkələr arasında önəmli nüfuza sahibdir.

Fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycan Ombudsmanı öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa və Azərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələrə uyğun şəkildə həyata keçirir. Konstitusiya Qanununa əsasən, hüquqları pozulduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil olmaqla, bütün şəxslər Ombudsmana müraciət etmək hüququna malikdirlər.

Ombudsman müraciətləri qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırır, aidiyyəti dövlət orqanlarına tövsiyələr və müraciətlər ünvanlayır, habelə milli insan hüquqları təsisatı və Milli Preventiv Mexanizm funksiyaları çərçivəsində miqrasiya prosesində olan, xüsusilə saxlanma şəraitində yerləşdirilmiş şəxslərin hüquqlarının qorunmasının monitorinqini həyata keçirir.

Azərbaycan Ombudsmanının ünvanına miqrasiya məsələləri ilə bağlı daxil olan müraciətlər əsasən keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, məcburi köçkün statusunun verilməsi, vahid aylıq müavinətin təyin olunması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri, əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti və daimi yaşayış icazəsinin verilməsi, icazə müddətlərinin uzadılması, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsi və digər məsələlərlə bağlı olmuşdur. Həmin müraciətlər Ombudsman tərəfindən araşdırılmış və həlli istiqamətində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda, Azərbaycan Ombudsmanın müdaxiləsi nəticəsində xarici ölkələrdə etibarsız sənədlər əsasında və ya sənədsiz olan Azərbaycan Respublikası vətəndaşlarına qayıtma şəhadətnamələrinin verilməsi prosesi sürətləndirilib və hazırda daha operativ həll edilməkdədir. Qeyd edilməlidir ki, müvafiq şikayətlər üzrə Ombudsmanın müdaxiləsindən sonra dəfələrlə müvafiq icazələr verilib, ayrı-ayrı hallarda inzibati qərarlara yenidən baxılıb.

Bundan əlavə, bəzi hallarda bu qəbildən olan şəxslərin üzləşdikləri mürəkkəb həyat şəraiti və düşdükləri vəziyyətin qanunvericilik tənzimlənməsinin olmaması, inzibati və digər sahələrdə müəyyən edilmiş vahid davranış qaydalarının müddəalarına və göstərişlərinə riayət edilməməsi hallarında qarşıya çıxan problemlərin aradan qaldırılması, habelə hüquq münasibətlərinin tənzimlənməsi məqsədilə müntəzəm olaraq təhlil və araşdırmalar aparan Ombudsman təklif və tövsiyələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər edib.

Yeri gəlmişkən, miqrasiya prosesinin iştirakçıları o cümlədən həssas qruplar da daxil olmaqla, əhalinin bütün təbəqələrindən olan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə Ombudsmanın 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi fəaliyyətini intensiv olaraq davam etdirməkdədir.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri mütəmadi olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Yerləşdirmə Mərkəzlərinə başçəkmələr həyata keçirir, bu müəssisələrdə müntəzəm monitorinqlər aparırlar. Orada saxlanılan şəxslərlə söhbətlər aparılır, sənədləri, habelə saxlanılma yerlərinin maddi-məişət və sanitar şəraiti yoxlanılır, müəssisə rəhbərliyi ilə işgüzar görüşlər keçirilir. Mövcud vəziyyət və ehtiyaclar nəzərə alınmaqla, hər bir saxlanılan şəxsə fərdi yanaşma tətbiq edilir, Ombudsmanın səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilir.

Bütün ombudsman institutları kimi, Azərbaycan Ombudsmanı da yerli və beynəlxalq platformalarda miqrasiya sahəsində mövcud olan problemlərin, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinin müzakirə edilməsini ön plana çıxarıb. Belə ki, müharibə dövründə öz dədə-baba torpaqlarından qovularaq, bütün fundamental hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərimizin əziyyətli və keşməkeşli həyatı və problemləri barədə müvafiq beynəlxalq təşkilatlar bu problemin həllinə çağırılıb. Postmüharibə dövründə isə müharibə şəraitinə görə ölkə daxilində yerdəyişmə etməyə məcbur olan keçmiş məcburi köçkünlərimizin azad edilmiş torpaqlara qayıtmaq hüququna maneə yaradan və indiyədək həll edilməmiş olaraq qalan mina probleminə diqqət çəkilir.

Azərbaycan Ombudsmanı bu sahədə miqrantlara, sığınacaq axtaranlara, vətəndaşlığı olmayan şəxslərə və qaçqınlara təsir edən məsələlər barədə onların hüquqlarının müdafiəsi məqsədilə araşdırma aparmaqla və tövsiyələr verməklə ümumi məlumatlılığı artırır. Ombudsman təsisatında miqrantların hüquqlarının müdafiəsi məsələləri üzrə ixtisaslaşmış müvafiq struktur bölmə də mövcuddur. Belə ki, bu sektor Ombudsmanın təşəbbüsü və mandatı çərçivəsində miqrantların yerləşdirildiyi müəssisələrə planlı və plandankənar başçəkmələr həyata keçirir. Bundan əlavə, Ombudsman araşdırmaların nəticələrini və tövsiyələrini ictimaiyyətə açıqlamaqla, onları regional və beynəlxalq insan hüquqları qurumları ilə bölüşməklə, eləcə də beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməklə miqrantların, vətəndaşlığı olmayan şəxslərin, sığınacaq axtaranların və qaçqınların hüquqları ilə bağlı məsələlərə daha çox yer ayırır.

Ombudsman, eyni zamanda, miqrantlarla bağlı ictimai marağın və fəallığın artırılmasına, eləcə də insan yerdəyişməsinin mürəkkəbliklərinin balanslaşdırılmış şəkildə dərk edilməsinə daim diqqət yetirir. O, bu istiqamətdə təşəbbüslər və innovativ yanaşmalar irəli sürür.

Ombudsman qeyri-vətəndaşlar üçün miqrasiya qanunvericiliyinin tələbləri barədə aktual məlumatların əlçatan formada yerləşdirilməsi, xüsusən internet resursları vasitəsilə hüquq mədəniyyətinin artırılması istiqamətində sistemli iş aparmaqdadır. Müvəkkilin təşəbbüsü ilə müxtəlif dillərdə bir sıra hüquqi maarifləndirmə vəsaitləri hazırlanıb və dərc edilərək, müxtəlif qurumlara, eləcə də miqrantların yerləşdirildiyi müəssisələrə başçəkmələr zamanı onlara paylanıb.

Onu da qeyd edək ki, beynəlxalq ailə birliyi prinsipi rəhbər tutularaq, miqrasiya statusunun leqallaşdırılması istiqamətində müsbət təcrübə formalaşdırılıb.

Miqrasiya sahəsində çalışan şəxslərin insan hüquqlarının müxtəlif istiqamətləri üzrə biliklərinin artırılması, peşəkarlığının gücləndirilməsi, habelə onların potensialının və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə treninq-seminarlar uğurla davam etdirilir.

Qeyd olunan hədəflərə nail olunması üçün miqrasiya prosesinin bütün mərhələlərində hüquqların səmərəli həyata keçirilməsi və əlverişli şəraitin yaradılması məqsədilə dövlət qurumları ilə yanaşı, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, eləcə də media subyektləri ilə əməkdaşlıq davam etdirilir.

Hazırda Müvəkkillə Türkiyə, Rusiya, Pakistan, Bolqarıstan, Moldova, Ukrayna, Polşa və digər xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları arasında əməkdaşlığa dair ümulikdə 20-dən çox anlaşma memorandumu mövcuddur.

Bu sənədlər miqrasiya və sığınacaq prosesləri çərçivəsində insan hüquqlarının müdafiəsi, institusional dialoqun gücləndirilməsi, habelə məlumat və qabaqcıl təcrübə mübadiləsinin həyata keçirilməsini əhatə edir və həmin əməkdaşlıq mexanizmləri çərçivəsində institusional səviyyədə qarşılıqlı işgüzar səfərlər, görüşlər və təcrübə mübadiləsi davam etdirilməkdədir.

Qabaqcıl təcrübədən istifadə edilməklə, beynəlxalq təşkilatlar və onların ölkədəki nümayəndəlikləri, o cümlədən dövlət qurumları ilə tərəfdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir. Belə şəxslərin hüquqlarının təşviqi və təmin edilməsi, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə, vətəndaşsızlığın qarşısının alınması problemlərinin kompleks həlli üçün metodiki əsasların hazırlanması sahəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq genişləndirilir. Bu məqsədlə qaçqın və sığınacaq axtaran şəxslərin iştirakı ilə mütəmadi tədbirlər həyata keçirilir, onlara hüquq və vəzifələri barədə məlumat verilir, müvafiq məsələlərlə bağlı məsləhətlər verilir. Bununla yanaşı, həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif dillərdə tematik materiallar paylanılır.

Son illərin təcrübəsi aydın şəkildə göstərir ki, konkret hüquqi statusu olmayan şəxslər tibbi və digər sosial xidmətlərə çıxış əldə etməkdə, mülki hüquqi hərəkətlər edərkən, pensiya təyin edilərkən, məşğulluq və digər sahələrdə bəzən çətinliklərlə üzləşirlər. 

Ombudsman Azərbaycan Respublikası ərazisinə giriş-çıxışla bağlı yaranan çətinliklərlə əlaqədar müvafiq diplomatik nümayəndəliklərlə əməkdaşlıq edərək xaricdə yaşayan soydaşlarımızın vətənə qayıtmalarına, habelə əcnəbilərin öz mənşə ölkələrinə qayıtmalarına dəfələrlə köməklik göstərib. 

Qeyd olunmalıdır ki, miqrasiya proseslərində iştirak edən uşaqların da yaşayış şəraiti daim diqqətdə saxlanılır. Belə ki, valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanların təhsil və sağlamlığın qorunması kimi hüquqlarının həyata keçirilməsinə, habelə sosial-psixoloji vəziyyəti nəzərə alınmaqla onlara mümkün köməklik göstərilir. Yerlərdə onların yaşayış şəraiti yoxlanılır, ümumtəhsil məktəblərinin müəllimləri və rəhbərliyi ilə izah xarakterli söhbətlər aparılır, tövsiyələr verilir.

Miqrant uşaqların mənafelərinin təmin edilməsi, onların inkişafı üçün əlverişli şəraitin yaradılması, o cümlədən yetkinlik yaşına çatmayanların reabilitasiyası sisteminin inkişaf etdirilməsi məqsədilə respublikanın regionlarında tədbirlər davam etdirilir. Mütəxəssislərin (psixoloqlar və s.) də cəlb olunduğu bu fəaliyyətlə bağlı fərdi müdafiə planı formalaşdırılır, müsbət qərar qəbul edilənə qədər işin gedişinə nəzarət edilir.

Azərbaycan Ombudsmanının operativ reaksiyası və prinsipial mövqeyi sayəsində bir çox hallarda uşaq-valideyn münasibətləri bərpa edilib, sosial təhlükəli vəziyyətdə olan miqrant ailələrə təxirəsalınmaz yardımlar göstərilib.

Həyata keçirilən tədbirlər nəticəsində miqrant uşaqların cəmiyyətə səmərəli inteqrasiyası, hüquqi statusunun leqallaşdırılması, iş təcrübəsini təsdiq edən arayışların, habelə müvafiq sənədlərin dublikatlarının verilməsi sahəsində əhəmiyyətli addımlar atılıb ki, bu da müsbət təcrübə formalaşmasında mühüm rol oynayıb.

Göstərilənlərlə yanaşı, Ombudsman beynəlxalq hüququn milli qanunvericiliyə tətbiqində və bu sahədə işin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasında fəal iştirak edir, həmçinin beynəlxalq təşkilatların tövsiyələrinin həyata keçirilməsi üçün təşəbbüslərlə çıxış edir.

Ombudsman beynəlxalq hüquq normaları çərçivəsində qayıdış prosesinin tənzimlənməsi, inteqrasiya ilə bağlı strateji sənədin hazırlanması, təhsil, məşğulluq, miqrantlara sosial dəstək göstərilməsi, onlar üçün əlverişli şərait yaradılmasına dəstək göstərir. Bu istiqamətdə dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin əlaqələndirilməsinə dəstək verilir, qarşıya çıxan konkret vəziyyətlər təhlil edilərək işin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələr verilir.

Qaçqınların və məcburi köçkünlərin, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının hərtərəfli təmin edilməsi, o cümlədən onlara hüquqi, psixoloji və digər yardımların göstərilməsi üçün tədbirlərin görülməsi, həmin şəxslərin statusunun leqallaşdırılması üçün əlavə şəraitin yaradılması, “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərin icrasının qiymətləndirilməsi məqsədilə Ombudsman tərəfindən məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Beləliklə, beynəlxalq insan hüquqları hüququnda öz ölkəsinə qayıtmaq hüququnun fundamental xarakter daşıması, eləcə də non-refoulement prinsipinin mütləq tətbiq dairəsi nəzərə alınaraq, miqrasiya kontekstində fərdlərin hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edir. Ombudsmannın bu sahədə ümumi mandatı çərçivəsində həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunmasına yönəlmiş fəaliyyətini həyata keçirir.

Ombudsman tərəfindən xarici ölkələrin ombudsman institutları, diplomatik nümayəndəliklər və müvafiq dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində miqrasiya qaydalarını pozmuş Azərbaycan vətəndaşlarının vətənə qayıdışının təmin olunması üçün zəruri hüquqi və institusional mexanizmlərin işə salınmasına təşəbbüs göstərilmiş, eyni zamanda fərdi humanitar hallarda əcnəbilərin mənşə ölkələrinə təhlükəsiz qayıdışına və ya müvəqqəti hüquqi statuslarının tənzimlənməsinə dəstək verilmişdir.

Bu kontekstdə, miqrantların və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsinin effektivliyinin artırılması üçün hüquqi, institusional və informasiya mexanizmlərinin gücləndirilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin dərinləşdirilməsi və vahid informasiya-hüquqi bazanın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. 

Ombudsmanın bu sahədə təşəbbüskar, əlaqələndirici və preventiv rolu uzunmüddətli perspektivdə miqrasiya sahəsində insan hüquqlarının qorunmasının institusional təminatının möhkəmləndirilməsinə xidmət edir.



Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə  Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!