“Ümumdünya Enerji Səmərəliliyi Günü” ilə əlaqədar Energetika Nazirliyində nazir müavini Elnur Soltanovun sədrliyi ilə enerji idarəçiləri üçün məlumatlandırıcı görüş təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə enerji istehlakı yüksək olan təsərrüfat subyektləri, qeyri-yaşayış binalarında enerji resurslarından səmərəli istifadənin təmin edilməsi, enerji itkilərinin azaldılması və enerjiyə qənaət tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi məqsədilə təyin edilən enerji idarəçilərinin fəaliyyət istiqamətləri, məsuliyyətləri, öhdəlikləri və hesabatlılıq mexanizmləri barədə ətraflı məlumat verilib.
Görüş çərçivəsində iki mövzu üzrə təqdimat dinlənilib. Enerji Effektivliyi üzrə İnformasiya Sistemi ilə bağlı təqdimatda enerji idarəçilərinə sistemdən istifadə qaydaları və məlumatların daxil edilməsi prosedurları barədə izahlar verilib. Bildirilib ki, gələcəkdə enerji istehlakı ilə bağlı məlumatların təqdim edilməsi məhz bu sistem vasitəsilə həyata keçiriləcək.
Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair tələblərlə bağlı digər təqdimatda isə enerji idarəçilərinə enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün fonda müraciət qaydaları barədə məlumat verilib.
Tədbirin sonunda enerji idarəçilərinin sualları cavablandırılıb, onların fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, enerji idarəçiləri illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində və 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerjidən səmərəli istifadənin təmin edilməsinə cavabdeh şəxslər kimi təyin edilirlər.
Bu günədək 50-dən çox bina və təsərrüfat subyektində enerji idarəçilərinin təyin edilməsi ilə bağlı attestasiyalar keçirilib və bir çoxunda enerji idarəçiləri artıq rəsmi olaraq fəaliyyətə başlayıblar.
Enerji idarəçilərinin fəaliyyəti müəssisələr üçün bir sıra mühüm üstünlüklər yaradır. Onların iştirakı ilə enerji istehlakı daha sistemli şəkildə izlənilir, itkilər müəyyən edilir və aradan qaldırılır, enerjiyə qənaət tədbirləri planlı şəkildə həyata keçirilir. Bu isə müəssisələrin enerji xərclərinin azalmasına, istehsal proseslərinin daha səmərəli təşkilinə və ekoloji təsirlərin minimuma endirilməsinə töhfə verir.