28 Aprel 2024 09:00
373
Mədəniyyət
A- A+

Muzeylər tarixi keçmişimizin saxlanc yeridir

 

Müxtəlif dövrlərə aid qiymətli əşyaların, sənət nümunələrinin saxlanc yeri olan muzeylər uzun tarixi inkişaf mərhələsi keçib. Ölkəmizdə rəsmi şəkildə muzeylər  yaradılana kimi tarixi, bədii, eləcə də mənəvi əhəmiyyət kəsb edən bu sənət nümunələri şəxsi kolleksiyalarda, saraylarda, məbədlərdə saxlanılırdı.
XIX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin intibah dövrü oldu. Ölkənin  ictimai-siyasi, sosial həyatında baş verən hadisələr, yaradıcı təfəkkürə sahib maarifpərvər ziyalı mühitinin formalaşması, sürətlə cərəyan edən proseslər Azərbaycanda yeni bir dövrün başlandığından xəbər verirdi. Elə həmin illərdə - 1896-cı ildə Cəlil Məmmmədquluzadə Nehrəm kəndində fəaliyyət göstərən məktəbin nəzdində  Tarix-Diyarşünaslıq Muzeyi yaratdı. Muzeydə Azərbaycanın, o cümlədən Naxçıvan diyarının mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri toplandı. Demək olar ki, bu təşəbbüslə də Azərbaycanda muzey işinin əsası qoyuldu. Muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada qorunan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Əslində, muzeylər elm, maarif müəssisəsidir.
XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Bakıda "Müstəqillik muzeyi" fəaliyyət göstərməyə başladı. 1920-ci ildən Azərbaycanın bir çox şəhərində - Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə tarix-diyarşünaslıq muzeyləri yaradıldı.
Milli Azərbaycan Tarixi  Muzeyi  1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində "Doğma diyarın tədris muzeyi - İstiqlal" təşkil edildi. Tarix Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Qeyd edək ki, Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib.
 Muzey 1920-ci il oktyabrın 25-də Azərbaycan Dövlət Muzeyi adı ilə fəaliyyətə başlayıb, 1921-ci ilin may ayından ilk ziyarətçilərini qəbul edib.
Yarandığı ilk dövrdə burada tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərib. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirib. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə, onun strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri, Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirib. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi aparılıb.
Muzeyin kolleksiyalarında qədim zamanlardan bu günlərədək ölkənin siyasi tarixinin və sosial-iqtisadi həyatının sənədlərinin əsli toplanıb. 
Muzeydə diqqətçəkən faktlardan biri də burada əsaslı təmir-bərpadan sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə H.Z.Tağıyevin yeni memorial ev-muzeyinin yaradılmasıdır. Əvvəllər muzeydə bunun üçün yalnız bir otaq (Tağıyevin iş otağı) ayrılmışdı və müəyyən əşyalar, mebel və sairə saxlanılırdı. İndi isə böyük xeyriyyəçinin ailə fotoalbomu əsasında 8 otağı və ona məxsus əşya və mebelləri bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. H.Z.Tağıyevin iş kabineti,  Şərq zalı,  kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı - buduar, yataq otağı, təmizlik otağı bərpa edilib. Muzey ziyarətçilərdə məşhur xeyriyyəçinin sosial həyatı haqqında təsəvvür yaradır.
Ziyarətçilərin daha çox marağına səbəb olan Azərbaycan İstiqlal Muzeyi  1991-ci ildə yanvarın 9-da yaradılıb. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qurulmasının birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmi bir neçə ay fəaliyyət göstərib. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırıb. 
Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey "İstiqlal" adını alaraq, birinci muzeyin mənəvi varisi oldu.
İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisələrə aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir.
 Mənəvi dünyamızın ən qiyyətli xəzinəsinin saxlandığı Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi isə şəhərin ən estetik binalarından birində, çox gözəl bir məkanda - Fəvvarələr meydanında yerləşir. Muzeyin 30 əsas və 10 yardımçı zalında 3 mindən artıq əlyazma, nadir kitab, illüstrasiya, portret, heykəl, miniatürlər, yazıçıların xatirələri və digər ekspozisiyalar toplanıb.
Poeziyamızın klassiki Nizaminin "İsgəndərnamə" poemasının 1413-cü ildə yazılmış əlyazması muzeyin fəxri hesab olunur.
Yaşının azlığına görə Bakı Müasir İncəsənət Muzeyini "gənc" muzey adlandırmaq olar. Muzey 2009-cu ildə açılıb. Burada  əsasən  azərbaycanlı rəssam və heykəltaraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanıb. Muzeyin dizaynının ideya müəllifi rəssam Altay Sadıqzadədir. Muzeydə uşaq incəsənəti zalı, kitabxana, həmçinin restoran, videozal və art-kafe fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və UNESCO-nun Baş katibi Koişiro Matsuura muzeyin açılışında iştirak ediblər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video