Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir
Tarix boyu hər bir dövlətin qüdrəti
ilk növbədə onun ordusunun gücü ilə ölçülüb. Müstəqilliyin qorunması, dövlətçiliyin
möhkəmləndirilməsi və xalqın təhlükəsizliyinin təmin edilməsi güclü ordunun
mövcudluğundan asılıdır. Azərbaycan xalqının yaratdığı dövlətçilik ənənələrinin
mühüm sütunlarından biri olan Azərbaycan Ordusu 108 illik şərəfli inkişaf yolu
keçərək bu gün regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. 26 İyun
– Silahlı Qüvvələr Günü yalnız hərbi bayram deyil, həm də Azərbaycan xalqının
milli qürurunun, dövlətçilik iradəsinin və qəhrəmanlıq ruhunun təntənəsidir.
Azərbaycan Ordusunun yaranma tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə təsadüf edir. 1918-ci il iyunun
26-da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə Müsəlman Korpusu
"Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı və bununla da milli
ordunun formalaşdırılmasının əsası qoyuldu. Yeni yaradılmış dövlət mürəkkəb
geosiyasi şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən erməni silahlı dəstələrinin
hücumları, digər tərəfdən xarici müdaxilələr gənc respublikanın mövcudluğunu təhlükə
altına salırdı. Belə bir zamanda milli ordunun yaradılması dövlət müstəqilliyinin
qorunması üçün həyati zərurət idi. Azərbaycan hökuməti qısa müddətdə səfərbərlik
tədbirləri həyata keçirdi, minlərlə gənc könüllü olaraq ordu sıralarına
yazıldı. Qafqaz İslam Ordusu ilə birgə fəaliyyət nəticəsində milli hərbi qüvvələrin
sayı sürətlə artırıldı. Azərbaycan əsgərləri Bakının azad edilməsində,
Qarabağda və ölkənin digər bölgələrində dövlət hakimiyyətinin bərpasında mühüm
rol oynadılar.
1920-ci ilin aprelində Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu fəaliyyətini dayandırsa da, xalqın
yaddaşında müstəqil dövlətçilik və milli hərb ənənələri yaşamaqda davam etdi.
Sovet hakimiyyəti illərində azərbaycanlıların hərbi sahədə yüksəlməsi müxtəlif
maneələrlə üzləşirdi. Azərbaycan gənclərinin yüksək hərbi məktəblərə qəbulunda
məhdudiyyətlər mövcud idi və milli zabit korpusunun formalaşdırılması
arzuolunan səviyyədə deyildi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda
siyasi rəhbərliyə gəlməsi bu sahədə köklü dəyişikliklərə səbəb oldu. O, uzaqgörənliklə
bilirdi ki, gələcəkdə Azərbaycanın milli hərbi kadr potensialına ehtiyacı
olacaq. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanın
hərb tarixində dönüş nöqtəsinə çevrildi. Sonrakı illərdə minlərlə azərbaycanlı
gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi gələcək milli zabit
korpusunun formalaşmasına mühüm töhfə verdi. Məhz həmin dövrdə yetişən hərbi
kadrlar sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas dayaqlarına
çevrildilər.
1991-ci ildə dövlət müstəqilliyinin
bərpasından sonra Azərbaycan ağır sınaqlarla üzləşdi. Ermənistanın hərbi təcavüzü
genişlənir, ölkə daxilində siyasi böhran dərinləşirdi. Ayrı-ayrı silahlı dəstələrin
mövcudluğu vahid komandanlıq sisteminin formalaşmasına mane olurdu. 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk
növbədə dövlətçiliyin xilası və nizami ordunun yaradılması istiqamətində qətiyyətli
addımlar atdı. Qanunsuz silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq
sistemi yaradıldı, ordunun hüquqi və təşkilati əsasları möhkəmləndirildi.
1994-cü ildə atəşkəsin əldə olunmasından sonra Silahlı Qüvvələrin inkişafı yeni
mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, hərbi hissələr
yenidən quruldu, döyüş hazırlığı yüksəldildi.
Ümummilli Liderin 22 may 1998-ci il
tarixli fərmanına əsasən 26 İyun rəsmi olaraq Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan edildi. Azərbaycanın NATO ilə əməkdaşlığı ordu
quruculuğunun keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratdı. "Sülh
naminə tərəfdaşlıq" proqramına qoşulan Azərbaycan Silahlı Qüvvələri beynəlxalq
standartların tətbiqinə başladı. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı
missiyalarda iştirakı onların peşəkarlığının artırılmasına, müasir hərbi idarəetmə
və əməliyyat təcrübəsinin mənimsənilməsinə imkan verdi. Kosovoda, İraqda və
Əfqanıstanda xidmət edən Azərbaycan hərbçiləri ölkəmizin beynəlxalq nüfuzunun
artmasına mühüm töhfələr verdilər.
2003-cü ildən başlayaraq Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas
prioritetlərindən biri elan etdi. Ordunun maddi-texniki təminatının gücləndirilməsi,
müasir silah və texnikanın alınması, hərbi sənaye kompleksinin yaradılması, hərbçilərin
sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata
keçirildi. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə
keçirilən genişmiqyaslı təlimlər və həyata keçirilən islahatlar nəticəsində
Silahlı Qüvvələr regionun ən güclü ordusuna çevrildi. 2016-cı ilin Aprel döyüşləri
Azərbaycan Ordusunun gücünü və peşəkarlığını nümayiş etdirdi. Cəmi dörd gün
davam edən əməliyyatlar nəticəsində strateji yüksəkliklər və mühüm mövqelər
azad edildi. 2018-ci ilin Günnüt əməliyyatı isə ordumuzun artan hərbi
imkanlarını bir daha ortaya qoydu. Naxçıvan istiqamətində əldə edilən uğurlar
Azərbaycanın müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirdi. Bu qələbələr
Azərbaycan xalqında böyük inam yaratdı və tarixi Zəfərin yaxınlaşdığını göstərdi.
2020-ci il sentyabrın 27-də başlayan
Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən
birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək Ermənistan
ordusunu darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri və
yüzlərlə yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşanın azad edilməsi müharibənin
taleyini həll edən dönüş nöqtəsi oldu. Azərbaycan əsgərinin qəhrəmanlığı və
xalqın birliyi nəticəsində düşmən kapitulyasiya aktını imzalamağa məcbur
edildi. Beləliklə, xalqımız otuz ilə yaxın davam edən işğala son qoyaraq tarixi
ədaləti bərpa etdi.
2023-cü ilin sentyabrında həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət
suverenliyinin tam təmin edilməsini reallığa çevirdi. Cəmi 23 saat 43 dəqiqə
davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi,
separatizmə son qoyuldu və Azərbaycan Respublikasının Konstitusiya quruluşu
bütün ölkə ərazisində bərpa edildi. Bu əməliyyat dünya hərb tarixində yüksək dəqiqlik,
operativlik və peşəkarlıq nümunəsi kimi qiymətləndirilir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri ən
müasir texnologiyalarla təchiz edilmiş, yüksək peşəkarlığa malik, döyüş təcrübəsi
qazanmış və regionun təhlükəsizlik sistemində mühüm rol oynayan qüdrətli
ordudur. Azərbaycan əsgəri təkcə Vətənin sərhədlərini qoruyan hərbçi deyil, həm
də xalqımızın qəhrəmanlıq ruhunun, vətənpərvərlik hissinin və milli birliyinin
simvoludur. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun
bütün şəxsi heyətini, veteranları və hərbi qulluqçularını təbrik edir, Vətən
uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad
edirik. Azərbaycan Ordusu dünənin şanlı mirası, bu günün qüdrəti və sabahın
etibarlı təminatıdır. Güclü orduya malik Azərbaycan dövləti bundan sonra da öz
suverenliyini, müstəqilliyini və milli maraqlarını qətiyyətlə qorumağa davam edəcəkdir.
Vasif Qafarov,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru